Ümid edirik ki, bu payız bir sıra məsələlərə aydınlıq gətirəcək Ümid edirik ki, bu payız bir sıra məsələlərə aydınlıq gətirəcək
  • Yazarlar
  • 6 Sentyabr 2019 09:15
  •  5 437

Həqiqətənmi Koçaryanın məsələsi Dağlıq Qarabağdan daha önəmlidir?..

Ümid edirik ki, bu payız bir sıra məsələlərə aydınlıq gətirəcək

Nəhayət ki, deyəsən, buz əridi: əvvəlcə Minsk Qrupunun keçmiş həmsədrlərindən biri, amerikalı M.Brayza Dağlıq Qarabağla bağlı erməni baş naziri Paşinyan cənablarının son bəyanatlarına həmsədrlərin reaksiya verməməsinə çox təəccübləndiyini bildirdi.

Həqiqətən də çox haqlı iraddır. Bu müddət ərzində həmsədrlər bir dəfə belə olsun, bu son bəyanatları şərh etməyə cəhd göstərməyiblər – nə Rusiya, nə də ki, digər həmsədrlər, halbuki danışıqların davam etməsinə görə onlar bilavasitə cavabdehdirlər.

Əbəttə, bu on illər ərzində biz həmsədrlərdən elə bir fəaliyyət görməmişik ki, onlardan nəsə də umaq – nahaq yerə onlara Minsk Qrupunun turistləri demirlər ki! Amma təsəvvür edin, Paşinyanın sürəkli bəyanatlarının fonunda, gündə bir “formul”, gündə bir danışıq predmeti uydurmasının qarşılığında cəmi bircə dəfə deyilib ki, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ məsələsini də müzakirə ediblər...

Xüsusən də Rusiyanın məsələyə münasibəti, sükutu maraq doğurmaya bilməzdi. Yalnız dünən Rusiya XİN-nin sözçüsü M.Zaxarova Paşinyan həzrətlərinin son çıxışları ilə bağlı bəyanat verdi. Belə bir detal da maraq doğurmaya bilməz ki, Zaxarovanın açıqlaması Rusiya Təhlükəsizlik Şurasının Katibi general N.Patruşevin Bakıya səfərindən sonra səsləndi.

Belə də isə Rusiya diplomatları və siyasətçiləri, elə başda prezident Vladinir Putin cənablarının özü olmaqla, eks-prezident R.Koçaryana göstərdikləri diqqətin kiçik hissəsini Dağlıq Qarabağ probleminin indiki durmuna da göstərsəydilər, heç də pis olmazdı. Ermənilərin özlərinin cani hesab etdikləri Koçaryan cənablarının taleyi doğrudanmı Qarabağ məsələsindən daha önəmlidir? Biz hələ onu demirik ki, girovluqda olan azərbaycanlı D.Əsgərov da Rusiyanın vətəndaşıdır və Koçaryanın məsələsinə Kremlin ayırdığı diqqətin heç olmasa, ondan biri Dilqəmə də ayrılsaydı, bu adam indiyədək bəlkə də azadlığa çıxardı...

Ən maraqlısı bilirsinizmi nədir? O gün baxıram, Rusiya politoloqlarından biri “Ermənistanla Azərbaycan arasında hərbi toqquşma başlayarsa, buna Rusiyanın cavabı nə olacaq?” sualına “”2016 – cı ildə necə olmuşdusa, indi də elə olacaq!” deyə cavab verir. Maraqlı cavabdır, deyilmi?

Məntiq də budur ki, qoy, Paşinyan nə deyirsə -desin, Ermənistandan Dağlıq Qarabağa yol çəksin, Qarabağın sərvətini talan etsin, onu özünün dılğır Ermənistanının “bir hissəsi” elan etsin, danışıqları davam etdirmək haqqındakı çağırışlara məhəl qoymasın, amma siz yerinizdə oturun, nəsə başqa bir tədbir görmək haqqında düşünməyin.

Həqiqətən də maraqlı mövqedir, amma bir daha deyirik ki, qəti təəccüblü deyil, çünki kim bilməsə də biz bilirik ki, Rusiya başqa cür mövqe tutsaydı, başqa cür hərəkət etsəydi heç Dağlıq Qarabağ problemi on illərlə uzanmazdı da.

Bir daha deyirik ki, görün, Kreml Koçaryanı azad etmək üçün necə dəridən-qabıqdan çıxır! Kimdir axı Koçaryan? Azərbaycanın torpaqlarını işğal edən, əli azərbaycanlı uşaqların, qadınların və qocaların qanına boyanmış murdar bir cani! Prezidentliyi dövründə guya bu adam Rusiyanı da “eşitmirdi”, Dağlıq Qarabağ problemini həll etmək üçün zərrə qədər güzəştə getməyi düşünmürdü! Niyə belə bir adam indi birdən-birə Kreml üçün belə əziz-xələf oldu? Cavab çox sadədir: Çünki o, itaətkar qul kimi Kremlin tapşırıqlarını yerinə yetirmişdi...

Vaxtilə keçmiş Yuqoslaviyada tökülən qanlar üçün beynəlxalq tribunal quruldu, serb əsilli müharibə caniləri mühakimə olundu! Əslində Dağlıq Qarabağdakı cinayətlərə görə Koçaryan kimilər də belə aqibət yaşamalı idi, daha indi olduğu kimi, az qala, Kreml tərəfindən “vicdan məhbusu”, “günahsız insan”, “siyasi intriqaların qurbanı” kimi qələmə verilməzdi!..

Amma biz nəyi qoyub, nəyi axtarırıq? Bu Rusiya elə həmin serb canilərini müdafiə edən, Krımı, Abxaziyanı və Cənubi Osetiyanı ilhaq edən Rusiya deyilmi? Bir görün, biz kimi özümüzə darğa seçmişik? Ona görə də Rusiyadan hansısa reaksiya – filan gözləməyək, olmayacaq belə şey, çünki bütün bunların hamısı elə Rusiyanın öz oyunlarıdır...

Bəs nə edək, nə etməyək? Ümid edirik ki, bu payız bir sıra məsələlərə aydınlıq gətirəcək.

Hər şeydən əvvəl əlbəttə ki, Dağlıq Qarabağla danışıqlarda yaranmış böhrandır – bir daha deyirik ki, Ermənistanın baş naziri danışıqları öz ənənəvi məcrasından uzaqlaşdırmaq üçün gündə bir “formul” düşünür və aydındır ki, Dağlıq Qarabağın ilhaqını “əsaslandırmağ”a yönəlmiş belə cəhdlər uzun müddət cavabsız qalmayacaq, Bakı prosesi məntiqli diplomatik istiqamətə qaytarmaq üçün bəlkə də daha təsirli üsullara əl atmalı olacaq - ən azı ona görə ki, bizim də səbrimizin sonu var...

Amma Rusiya, daha doğrusu, Kreml imkan verəcəkmi? Bilirsinizmi, biz nə qədər ki, Qarabağı azad etmək üçün Rusiyadan icazə-izn istəyəcəyik, Qarabağ qayıtmayacaq. Bu on illər ərzində Rusiya ilə çox danışıqlar və təkliflər olub, amma hamısı da faydasız. Bundan sonra nə dəyişəcək ki?

Hüseynbala Səlimov