Dövlətə və xalqa xidmət edən dialoq həm hakimiyyəti güclü edir, həm də müxalifəti Dövlətə və xalqa xidmət edən dialoq həm hakimiyyəti güclü edir, həm də müxalifəti
  • Yazarlar
  • 12 Sentyabr 2019 14:29
  •  4 154

Hər iki düşərgə üçün səmərəli siyasi mübarizə modeli

Dövlətə və xalqa xidmət edən dialoq həm hakimiyyəti güclü edir, həm də müxalifəti

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir neçə gün öncə “Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa, əməkdaşlığa açıqdır; öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır” bəyanatının ardınca uzun fasilədən sonra iqtidar və müxalifətin bir araya gəlməsi mümkünləşdi. Xatırlatmaq yerinə düşər ki, müəyyən istisnalar nəzərə alınmazsa, sonuncu belə bir dialoq 2015-ci ildə baş vermişdi.

4 ildir dialoqla bağlı davam edən susqunluq sentyabrın 11-də hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən “dəyirmi masa” ilə pozuldu.

Sonda qəbul olunan bəyanatda taleyüklü məsələlərlə bağlı milli həmrəylik nümayiş etdirilib:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk.

Aparılan dialoqu, əldə olunan razılaşmaları Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatların davamı kimi dəyərləndirmək mümkündür. Dövlət başçısının sosial-iqtisadi sahədə başlatdığı yeni islahatlar siyasi müstəviyə də yol tapdı və iqtidarla müxalifət arasında dialoq baş tutdu.

Başlanan proses sivil bir müxalifətçilik, siyasi mədəniyyət formalaşdıran, hər iki düşərgə üçün səmərəli siyasi mübarizə modelini ortaya qoyur.

Reallıq ondan ibarət idi ki, bugünkü şərtlər altında münasibətlərin düşmənçilik səviyyəsində stabil qalması mümkünsüzdür. İqtidar-müxalifət münasibətləri qorxulu opponentlikdən faydalı opponentliyə keçidin fundamentini atmaq potensialına malikdir.

Hazırda prosesdən özünü kənarda saxlayan yeganə AXCP sədri Əli Kərimlidir. REAL partiyası və Müsavat dialoqa meylli olduğunu gizlətmir. Əli Kərimli isə tədbirə dəvət olunsaydı belə iştirak etmək niyyətində olmadığını bəyan etməklə siyasi gərginliyin saxlanmasında xüsusi maraq güddüyünü ortaya qoymuş olub.

Doğrudur, tədbirin təşkilatçıları bu dəfə müzakirəyə çıxarılan mövzunu əsas gətirərək AXCP-yə dəvət göndərməyiblər və bunu onun mühacirətdə hakimiyyətə qarşı söyüş kampaniyası aparan şəxslərlə işbirliyində olması ilə əlaqəndiriblər.

İstənilən halda səbəb nə olur-olsun, bir partiyanın kənarda qalması prosesə kölgə sala bilməz. Başladılan dialoqun davamlı xarakter alması Azərbaycan cəmiyyəti üçün olduqca faydalıdır.

Nəhayət, Azərbaycan müxalifəti sözün həqiqi mənasında radikal addımlarına embarqo qoyub, mübarizəni savad, qabiliyyət müstəvisində aparmalıdır. İctimai diqqəti ifrat tənqidlə, yerli-yersiz kütləvi aksiyalarla, kompromat qovluğu hazırlamaqla deyil, yüksək mədəni davranışla, ağıl səviyyəsi ilə cəlb etməyin mümkünlüyünü dərk etməlidir. Müxalifət dərk etməlidir ki, hakimiyyət dəyişikliyində güc metodlarına, rəngli inqilablara ümid etmək tamamilə yanlış mövqedir. İndiyə qədər şəxsi ədavəti siyasi münasibətlərə gətirib hakimiyyət mübarizəsini dramatikləşdirən, kuliminasiya xəttinə qaldıran müxalifətdən belə bir jest təbii ki, hakimiyyətdə demokratiya məsələlərində müxalifətin düşüncələrinə hörmət stimulunu yarada bilər.

Hakimiyyətlə dialoq qurmaq və əməkdaşlığa getmək ənənəsini yaratmaq üçün müxalifət bir tərəfdən, hakim qüvvənin fəaliyyətinin ayrı-ayrı məqamlarına yardımçı olmaq, uğurları təsdiqləmək ənənəsinin qoyulmasına, eyni zamanda hakimiyyətlə konfidensial iş birliyi kimi çirkin mənzərənin yerinə, leqal, qanuni əməkdaşlıq mexanizmlərinin gətirilməsi yoluna üstünlük verməlidir.

Qısası, dialoq hər zaman lazımdır və mümkündür; dövlətə və xalqa xidmət edən dialoq həm hakimiyyəti güclü edir, həm də müxalifəti. Məhz bu səbəbdən əməkdaşlıq masası hər iki cinah üçün öz cazibəsini hər zaman qoruyub saxlamağa məhkumdur!

Elman Babayev