Müsavat üçün növbəti sınaq

Hazırda bəşəriyyət informasiya texnologiyaları əsrində yaşayır

Əskidən Oğuz igidləri “baş kəsib, qan töküb” ad çıxarardılar və bu, igidlik, qəhrəmanlıq sayılardı. Elm və texnika inkişaf etdikcə, insan övladı mədəniləşdikcə, bu üsulla qəhrəman olmaq da çətinləşdi, ağıl-kamal üstün gəlməyə başladı...

Hazırda bəşəriyyət informasiya texnologiyaları əsrində yaşayır, insanlar elmdə, iqtisadiyyatda, sənayedə, istehsalatda, incəsənətdə, ən nəhayət, siyasətdə çağdaş texnologiyanın son nailiyyətlərindən, innovasiyalardan yararlanırlar.

Ancaq təəssüflər olsun ki, bizim müxalif təfəkkürlülərin hələ də bu məsələləri doğru-dürüst anlamaq problemləri var. Bunlar informasiya texnologiyalarından əsas etibarilə söyüş tribunası kimi istifadə edir, qonşunun başını yarıb “türməyə” düşməyə də “baş kəsib, qan tökmək”, igidlik kimi baxırlar.

Halbuki, həm döyüş, həm də elm, texnologiya, informasiya savaşı meydanlarında qəhrəman olmaq, düşmənlərimizə sarsıdıcı zərbələr vurmaq, onların hücumlarını dəf etmək üçün kifayət qədər imkanlar, həm də buna ciddi ehtiyac var.

Deyilənə görə, oktyabrın 12-də Müsavat partiyasının növbəti qurultayı olacaq. Bu xəbər informasiya portallarında görünər-görünməz, onun ardınca iki partiya üzvünün başqanlığa namizəd olmaq niyyətləri də yaylıldı. Onlardan biri Tofiq Yaqublu, digəri Yadigar Sadıqlı adlı şəxslərdir. Hər iki müsavatçının ortaq cəhəti, səhv etmirəmsə, Müsavat partiyasının divan üzvü olmaları və həbsxana həyatı yaşamalarıdır.

Amma mənim fikrimcə, onları həm özləri, həm də pərəstişkarları üçün cəlbedici edən, partiya başqanlığına namizəd olmağa həvəsləndirən ən önəmli məqam ikincidir, yəni həbsdə olmaq. Bunlar hesab edir ki, kimisə söyüb, kiminsə başını yarıb, haradasa ara qarışdırıb, qarışıqlıqdan istifadə edib, sabitliyi, dincliyi pozub, həbsə düşmək ən böyük qəhrəmanlıqdır və bu mərhələni keçdinsə, siyasi lider, partiya başqanı olmaq, hətta hakimiyyətə gəlmək olar! Xalqın güzəranını, dolanışığını yaxşılaşdırmaq, ölkənin təhlükəsizliyini, ictimai-siyasi sabitliyi təmin etmək, iqtisadiyyatı, sənayeni, mədəniyyəti inkişaf etdirmək haqqında cüzi təsəvvürə malik olmağa belə ehtiyac yoxdur.

Ən əsası yaxşı söyüş söymək, iqtidar nümayəndələrini təhqir etmək imiş. Mən də deyirəm, bu Tofiq Yaqublu bir neçə gün bundan qabaq “Yutub”da niyə belə qızışıb düşüb ortalığa və Prezidentin köməkçisi Əli Həsənovun əleyhinə ağzına gələni danışır. Sonradan oxudum ki, Müsavat başqanı olmaq istəyirmiş. Adama deyərlər: sən Müsavat başqanı olmaq istəyirsən, Əli Həsənov neyləsin, onun günahı nədir? Proqramını, platformanı açıqla, başqan olacağın təqdirdə hansı işləri görəcəyindən danış, partiyanı dərin böhrandan çıxarmaq üçün hansı yeni ideyaların olduğunu söylə. Yoxsa başlamısan ki, “siyasi məhbus” belə gəldi, mitinq elə getdi, “Məhsul” stadionu bu tərəfdə qaldı. Vallah, bu məsələləri Arif Hacılı da daim təkrarlayır və insaf naminə demək lazımdır ki, siyasi savadı və nitqi səninkindən xeyli üstündür. Cümlə qurmağı da səndən yaxşı bacarır. Bəlkə, bu fikri sənin ağlına kürəkənin, türmə yoldaşın, Əli Kərimlinin mənəvi xələfi Seymur Həzi salıb? Bəlkə səni mənəvi qudanla görüşdürüb və o da beyninə yeridib ki, başqan nədən sən olmayasan? Sənin Arif Hacılıdan nəyin əskikdir? Onsuz da Müsavat o günə qalıb ki, ona nəinki sən, hətta Yaşar Türkazər də başqanlıq edə bilər?..

Tofiq Yaqublunun başqanlıq sevdası ilə bağlı bəyanatının müərəkkəbi qurumamış ABŞ və Avropadan dərhal iki ismarıc gəlib.

ABŞ-dan gələn ultimativ müraciətin, mən deyərdim ki, notanın müəllifi Leyla Yunusun əri, anası milliyyətcə erməni olan Arif Yunusdur. Bu adam bir müddət əvvəl ermənilərlə şübhəli əlaqələrdə olduğuna görə, həyat yoldaşı ilə birlikdə həbs olunmuşdu. Hörmətli cənab Prezident onların çoxsaylı xahişlərini, yalvarış məktublarını, yaşlarını və səhhətlərini nəzərə alaraq əfv etdi və ölkədən getmələrinə mane olunmadı. Bunlarsa minnətdar olmaq əvəzinə, bir az özlərinə gələn və dilləri söz tutan kimi, yenidən qaldıqları yerdən davam etdilər. Əsl nanəciblik və nankorluqdur, başqa ad tapa bilmirəm.

Abırlı adam bu yaşdan, bu hadisələrdən, bu üz qaralığından sonra ayıbına kor olub başını aşağı salar, ahıllıq dövrünü sakit yaşamağa çalışardı. Ancaq bunlar yenə dinc durmur, hər şeyə burunlarını soxur, dövlətimizə, Prezidentin apardığı siyasətə hər vəchlə badalaq qurur, süd qohumlarına və onların havadarlarına xidmətlərini davam etdirirlər.

Gəlin araşdıraq. Çox şübhəlidir, axı erməni südü əmən Arif Yunus niyə Tofiq Yaqublunun başqan olmasında bu qədər maraqlıdır? Niyə o, Arif Hacılıya, sən namizəd olma, Yaqublu olsun deyə ultimatim göndərir? Və yazır: “Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik, partiyamızın vicdanlı və parlaq üzvü Tofiq Yaqublunun namizədliyini müdafiə edin. Əminəm ki, siz belə etsəniz, həm müsavatçılar, həm də bütövlükdə Azərbaycan cəmiyyəti bunu çox böyük razılıqla qarşılayar…“

Müsavatçı olduğunu indi bildiyim erməniqat siyasətçi, Tofiq Yaqublunu „Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik, partiyamızın vicdanlı və parlaq üzvü“ kimi mədh edir. Mən bu mədhnamədə yalnız erməni-daşnak bicliyinin izlərini görürəm, başqa heç nə. Çünki söyüşçülər və araqarışdıranlar Tofiq Yaqublunu bəlkə də „vicdanlı və parlaq üzv“ kimi xarakterizə edə bilərlər, amma onun „Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik“ olması sadəcə gülməlidir. Bu adam ancaq İsmayıllıya gedib iğtişaşçılara qoşulması, həbsə düşməsi və ailəsində baş verən faciəyə görə gündəmə gəlib ki, bu hadisələr cəmiyyətdə ona qarşı sadəcə şəfqət, mərhəmət doğurub. Hökümət də ona qarşı yumşaq davranıb. Bəlkə də, həqiqətən pis adam deyil, amma bu onun nüfuzlu siyasətçi və lider olması anlamına gəlmir axı.

Məncə, onu sadəcə aldadırlar. Xarakterinin zəifliyindən istifadə edərək, „böyük ictimai-siyasi nüfuza malik“ olduğunu söyləyib qabağa verir, öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Bu məsələdə „böyük kombinator“ Ostap Benderin, pardon, Əli Kərimilinin barmaq izləri aydın görünür. Tofiq Yaqublunun kürəkəni, eyni zamanda „qəhrəman“ türmə yoldaşı, necə deyərlər, „xlebniki“ Yurd liderinin yetirmələrindəndir və qayınatasına ürək-dirək, təlimat verənlərdən və yönləndirənlərdən biri də, çox güman ki, odur. Burada bir haşiyə çıxaraq, „yurdçuların“ konspirativ məsələlərdə massonlar qədər təhlükəli olduqlarını söyləyə bilərəm. Əli Kərimli Tofiq Yaqubludan da Elçibəy, Cəmil Həsənli kimi istifadə etməyə çalışır.

Maraqlı məqam bu məsələdə Avropadakı erməni südü əmənlərlə buradakı yurdçuların mövqeyinin üst-üstə düşməsidir. Amma təəccüblü deyil. Məqsəd təbii ki, Müsavatı tam olaraq Əli Kərimlinin və onun vasitəsilə də Avropadakı erməniqat qrant donorlarının nəzarətinə keçirmək, gəlirləri artırmaqdır.

Burada İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin müraciəti də bir qədər müəmmalı görünür. O, Tofiq Yaqubluya və Yadigar Sadıqlıya müraciət edərək, „güclərinizi birlikdə müzakirə edib, işbirliyinə tezliklə başlayaraq Azərbaycan xalqını sevindirin, məsələn, biriniz başqanlığa indi namizəd olun, 2 il sonra o biriniz namizəd olarsınız. Almaniyada bütün partiyaların sədrləri və idarə heyəti hər il qurultaylarda yenidən seçilirlər…“ kimi ərkyana „abi məsləhəti“ verir, Arif Hacılıya isə heç bir mesaj ünvanlamır. Görünən odur ki, qəmbərlər də „yurd-erməni“ layihəsini dolayısı ilə dəstəkləyir, indiki başqanı müdafiə etmirlər.

Müsavat başqanı olmaq iddiasını partiyanın zəifləməsi ilə əsaslandıran, onun gəncləşməsinin zəruriliyini vurğulayan, bu vəzifələri yalnız özünün yerinə yetirə biləcəyini əminliklə söyləyən, bu zaman Yurd və REAL-ın adlarını çəkməyi də unutmayan (onlar gəncləşib, bizsə qalmışıq) Yadigar Sadıqlı da „incə“ bir gedişlə Əli Kərimlidən və onun Avropadakı qrant dostlarından dəstək almağa çalışır. Çalışır deyəndə ki, bəlkə də, artıq ona hansısa vədlər verilib. Çünki Əli Kərimli üçün iki adama eyni vədi vermək və ikisini də aldatmaq heç nədir.

Xatırladım ki, Yadigar Sadıqlı da türmə qəhrəmanlarındandır və ora söyüş, başyardı üstündə düşüb. Bir ara feysbukda mənə də hücum çəkmişdi. Az sonra eşitdim ki, toplaşıb hansısa zavallını döyüblər və həbs olunub. Müxalif mətbuat və təbliğat onun günahsız olduğunu iddia etsə də, şəxsən mən inanmadım. Çünki sosial şəbəkədəki aqressiyasını özüm görmüşdüm və mənə elə gəlir ki, „partiyanı gəncləşdirməliyik“ şüarı altında ətrafına yeni „söyüş ordusu“ toplamağı nəzərdə tutur. Onun ardınca başqa bir kontingentin gedəcəyinə inanmıram.

Nə isə, qarşıda Müsavatı və müsavatçıları yeni və çox ciddi bir imtahan gözləyir. Bundan qabaqkı, yəni üç yerə bölündükləri qurultaylarından əvvəl onlara bir neçə vətəndaş tövsiyəsi yazmışdım. Birincisi, Heydər Əliyevin məzarını ziyarət etməklə, milli birliyə doğru addım atmalarını, ondan sonra nizamnamələrindən qonşu böyük dövlətlərlə düşmənçiliyi təbliğ edən bir sıra lazımsız bəndlərini çıxarmalarını. Eşitmədilər və əvəzində bir neçə yerə bölündülər. Allah eləsin, daha bir neçə yerə parçalanmasınlar.

Bunun üçünsə başqanlığa söyüş, başyardı və türmə karyerası olmayan, normal siyasi təfəkkürə, reallıq duyğusuna malik bir namizəd irəli sürməli və seçməlidirlər.

Nadir Qocabəyli