- Yazarlar
- 27 Sentyabr 2019 14:42
- 6 164
Sezon müxalifətinin mitinq zarafatı...
Və ya Kərimlinin Lökbatan qorxusu
Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin ruporu olan Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, Neftçi İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
Amma...
AXCP sədri qeyd olunan yerdə mitinq keçirməkdən imtina etdiklərini bildirib.
Gözlənilən idimi? Bəli!
Əvvəcədən də qeyd etmişdik ki, Milli Şuranın sentyabrın 28-nə təyin olunan aksiyasına məhz iddia olunan ərazilərdə baş tutmasına hakimiyyətin razılıq verəcəyi inanandırıcı görünmür və başqa bir ərazi təklif olunacaq. Çünki Milli Şura tərəfindən bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər (28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan) təklif olunmuşdu ki, həmin məkanlarda mitinqlərə razılıq verilməsi sadəcə mümkünsüz idi. Bir daha vurğulamaq yerinə düşər ki, müxalifətin meydan gözündə gördüyü bu ərazilər çoxdan meydan statusunu itirib. Bu ərazilərdə yeni infrastruktur, müxtəlif ticarət və iaşə obyektləri inşa olunub, beləliklə, əhalinin ən gur olduğu ərazilərə çevrilib. Bu cür ərazilərdə əhalinin gediş-gəlişinə, istirahətinə əngəl törədilməsi baxımından mitinqin keçirilməsi mümkünsüzləşib.
Və müxalifət bunu bilə-bilə, məqsədli şəkildə həmin əraziləri seçmişdi.
Bəs müxalifətin hakimiyyətin başqa variant təklif etməsi ilə razılaşmaması nə ilə bağlıdır? Həqiqətən mitinq keçirmək istəyən siyasi təşkilat üçün Lökbatan və ya digər ərazilərin nə fərqi var ki?
Birincisi, xalqın dəstəyindən çoxdan məhrum olmuş ənənəvi müxalifət 28 sentyabr mitinqinə hazırlaşmırdı, bunun görüntüsünü yaratmaqla məşğul idi. Əl Kərimli yaxşı anlayırdı ki, seçilən ərazilərə “yox” deyiləcək və başqa ərazi təklif olunacaq. Bununla belə mitinq şousu yaradaraq, ictimai diqqət qazanmaq, bunun üzərindən özünə sərfəli oyun qurmaqla məşğul idi. İctimai rəyi aldadan siyasi mübarizə, siyasi fəaliyyət görüntülü bir mitinq taktikası ilə gündəmdə qalmaq Kərimli üçün indiki halda ən məqbul variantdır ki, ona da sığınıb. Sadəcə geniş meydanlara iddia etməklə, cəmiyyətdə özünün reklamını qurur...
İkincisi, istər Kərimli və istərsə də digər müxalifətçilər orta səviyyəli belə aksiyalara qüvvət verən potensiala malik deyil. Ona görə də Kərimlinin təxirəsalınma üçün əslində coxunun gözlədiyi cavabı səsləndi: “bizim istədiyimiz yerlərdə icazə verilmədi” və ya “sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb”.
Beləliklə, Kərimli aksiyaları siyasi zarafata döndərərək, icazəli aksiyalara hazır olmadığını hakimiyyətin qadağası ilə pərdələməyə cəhd edir.
Kərimlinin Lökbatandan qorxmasının izahı isə çox sadədir. Biabır olmaq qorxusu...
Yaxşı anlayır ki, Lökbatandakı Neftçi İdman Klubunun Qaradağ təlim - idman bazası şəhərin gur yeri deyil. “Mitinqə 10 minlər qatıldı” şousu burada işləməyəcək. Bura Yasamalın “Məhsul” stadionu deyil ki, yoldan ötən adamları və ya balkondan tamaşa edənləri aksiya iştirakçısı kimi qələmə verəsən, müxtəlif fotoları montaj edib yayasan. Bu səbəbdən də indiki halda 1000 nəfər civarında tərəfdarla burada aksiya keçirməkdənsə, sosial şəbəkələrdə şouya davam daha sərfəli variantdır ki, Kərimli də bunun üzərində dayanıb.
Birmənalı şəkildə vurğulamaq mümkündür ki, Milli Şura xalqın real dəstəyinə malik olsaydı, məkan onun üçün ən sonuncu məsələ olacaqdı. Dəstək yoxdur deyə illərdir müxalifət üçün məkan əsas faktora çevrilib. Görünən odur ki, xalqın inamını itirənlər üçün bu faktor heç vaxt dəyişməyəcək...
Xalq hakimiyyətdən narazı olsaydı, mitinqə hansı məkanda icazə verilib-verilməməsinə belə ehtiyac qalmazdı. Tarixdən də məlumdur ki, real narazılığın qarşısını heç nə ilə almaq mümkün olmayıb.
Milli Şuraya anlamaq sərf etmir ki, Azərbaycanda xalqın dəstəyinə malik güclü hakimiyyət var. Əks tərəfdə isə tükənmiş, xalqın dəstəyindən məhrum, öz varlığını qorumaq üçün min cür vasitəyə əl atan müxalifət mövcuddur.
Ona görə də Lökbatan “çox uzaq” görünür...
Elman Babayev