Aydın Əliyev bu tənqidi fikirləri AXCP daxilində də dəfələrlə, vaxtaşırı bəyan edib Aydın Əliyev bu tənqidi fikirləri AXCP daxilində də dəfələrlə, vaxtaşırı bəyan edib

Haqq bağıran boğazlara qurğuşun tökənlər…

Aydın Əliyev bu tənqidi fikirləri AXCP daxilində də dəfələrlə, vaxtaşırı bəyan edib

Mənim xatırladığım qədəriylə NTK (Nəzarət-Təftiş Komissiyası) üzvləri AXC-də ən düz adamlar idi. Yadımdadır, AXC MNTK-nın o vaxtlar mənə yaşlı görünən bir sədri vardı. Adını təəssüf ki, unutmuşam. AXC hakimiyyəti dövründə Heydər Əliyev adına respublika sarayında keçirilən qurultayda çıxış edərək o qədər nizamnamə, reqlament qüsurları sadaladı ki, axırda sədrlik edən Əbülfəz Elçibəy dözməyib, başladı zarafat eləməyə...

AXC Universitet şöbəsində olanlar Bəhruz Kərimovu xatırlamamış olmazlar. O, hüquq fakültəsində oxuyurdu və şöbə NTK-sının sədri idi. Son dərəcə dürüst, fanatikcəsinə qanunpərəst olan Bəhruz, demək olar ki, hər şeydə qüsur tapır və bununla şöbə rəhbərliyini "cin atına mindirirdi".

O məclis olmazdı ki, Bəhruzla məclis sədri Qulamhüseyn ƏIiyev arasında mübahisə, hətta dava-dalaş olmasın. Qulamhüseyn müəllim şöbədə tutduğu yüksək vəzifə ilə yanaşı, həm də müəllimlik statusundan, yaşca böyük olmasından istifadə edərək, nə qədər onun ağzını yummağa çalışsa da, Bəhruz əsəbindən rəngi qaralaraq, səbrlə, ədəb-ərkanla, özündən çıxmadan və savadlı şəkildə mövqeyindən geri çəkilmirdi.

Bir dəfə Qulamhüseyn Əliyev məclisin iclasına başlamaq istəyəndə Bəhruz Kərimov yetərsay olmadığını əsas gətirərək, bunun düzgün olmadığını bildirdi. Onu da deyim ki, əsasən intizamsız adamlardan ibarət AXC-də bu adi məsələydi. Yəni nizamnamə, reqlament, kvorum kimi məsələlərə, demək olar ki, əməl olunmur, əksəriyyət də buna göz yumur, ciddi yanaşmırdı.

Burada qısa bir haşiyə çıxaraq onu da deyim ki, AXC Universitet şöbəsinin aparıcı dayaq dəstəsi hüquq fakültəsi, AXC şöbəsinin sədri, “şəriksiz” lideri də Əli Kərimli idi. Doğrudur, orada bununla razılaşmayanların varlığı da hiss olunurdu, ancaq bu proses gizli gedirdi və mənim kimi sadəlövh, saf cəbhəçilər çox şeyi başa düşmürdük. Biz rəhbərlərimizin hamısını çox sevirdik - Əli Kərimovu da, Tamerlan Qarayevi də, Fazil Mustafayevi də, Qulamhüseyn Əliyevi də, digərlələrini də və heç ağlımıza gətirməzdik ki, hansısa qruplaşmalar, gizli oyunlar, sazişlər, sövdələşmələr var.

Burada da bir haşiyə çıxmaq zorundayam, bunu da yazım, Bəhruz və NTK məsələsinə qayıdacağam...

Saatlının Azadkənd kəndində Əli Kərimlinin toyu idi və biz də təbii ki, çox sevdiyimiz sədrimizin nikah mərasiminə toplaşmışdıq. Bakıya yola düşməzdən qabaq həyətdə qurulmuş ikinci, musiqiçilərin olmadığı bir çadırın altında oturub çay içirdik. Xaliq Bahadır danışır, hamı qulaq asırdı. O, Tamerlan Qarayev haqqında elə dəhşətli, nifrətli sözlər söylədi ki, mənim əsəblərim dözmədi və qəfil irad tutub dedim ki, sizin danışdıqlarınız həqiqətə oxşamır və aramıza nifaq salır. Siz təşkilatı parçalayırsınız. AXC-nin ağır toplarından sayılan, mənim kimilərin kandarına belə ayaq basa bilmədiyi “Azadlıq” qəzetində hər gün palaz-palaz yazılar yazan Xaliq Bahadır tanınmayan gənc bir insandan bu sözləri gözləmirdi. Onu elə bil ilan çaldı və heç bir söz tapa bilməyib ikrahla dedi: “Sən Tamerlanın vəkilisən?!”

Mən, əlbəttə, Tamerlanın heç nəyi deyildim – nə vəziri, nə vəkili, nə tələbəsi, nə qohumu, nə də yerlisi. Sadəcə onu rəhbərlərdən biri hesab edirdim (o vaxt səhv etmirəmsə, universitet ali məclisinin sədri idi, parlamentdə sədr müavini olduqdan sonra istefa verdi) və Əli Kərimli qədər olmasa da, ona da rəğbətim vardı.

Çox sonralar başa düşəcəkdim ki, bunlar - xaliqbahadırlar, qulamhüseynlər, qənimətlər və bir çox digərləri Əli Kərimovun yolunu təmizləmək üçün altdan-altdan iş aparır, bütün maneələri aradan götürməyə çalışırmışlar. Elə bu söhbətdən az sonra Muğan gecəsinin cücülü-mığmığalı qaranlığında Bakıya gedən avtobusun böyründə dayanan bir qrupun həvəslə dinlədiyi və o zaman “Azadlığın” digər bir məşhuri-cahan yazarı olan İsrail Musayev (onun adı və soyadı necə də maraqlı bir duetdir) müdrik görkəm alaraq vüqarla dedi: “Əli Kərimov Azərbaycanın gələcək prezidentidir!” O vaxt Əli Kərimli hələ tələbə idi, ya da yenicə məzun olmuşdu və cəmi 25-26 yaşı vardı.

Bunlar hamısı, əlbəttə, gənclərə, əhalinin digər təbəqəsinə hesablanmış təbliğat idi, ancaq o zaman biz bunu o qədər də anlamırdıq. Bizim üçün sadəcə ideallar vardı – müstəqil, azad, demokratik, xoşbəxt, hüquqi Azərbaycan! Bir də bizə doğru yol göstərən, bir yerdə görmək istədiyimiz liderlərimiz...

...Nə isə, qayıdıram NTK və Bəhruz Kərimovun məclisin sessiyasına başlamaq üçün yetərli sayda məclis üzvü olmadığını xatırlatmasına. Neçə vaxtdır Bəhruzun bu qanunpərəstliyindən boğaza yığılmış Qulamhüseyn müəllim möhkəm əsəbləşdi və qəfil dedi: “Mən təklif edirəm, Bəhruz Kərimovun AXC üzvülüyündən çıxarılması məsələsi gündəliyə daxil edilsin”. Bunu eşidən Bəhruz ayağa qalxıb, zənlə ona və iştirakçılara baxdı, sonra heç nə demədən otağı tərk etdi. Ondan sonra onu iclaslarda görmədim. Deyəsən, doğrudan da AXC-dən çıxmışdı.

Onu da bildirim ki, “Qulamhüseyn müəllim” kimi tanıdığımız məclis sədri də AXC BDU şöbəsində Əli Kərimovun rəhbərliyi altında hegemonluq edən (bu bəzən məndə təbii qısqanclıq doğururdu və bir dəfə iclası aparan Əli Kərimova hüquq fakültəsinə üstünlük verdiyini irad tutdum və o, adəti üzrə gülümsəyib, nəzərə alacağını bildirdi) qruplaşmanın fəal üzvlərindən və funksionerlərindən idi. Sonradan onun da bir çoxları kimi Əli Kərimli ilə yolu ayrılacaq və bu şəxsən məni bərk təəccübləndirəcəkdi.

İndi Aydın Əliyevin çıxışını dinləyərək düşünürəm. Axı onun söylədiklərində təəccüblənəcək nə var? Bu məsələləri siyasətlə az-çox maraqlanan hamı bilir. MNTK sədri Aydın bəy hələ xeyli gecikib. Görünür, ona vurulan doza yaman güclü olub və illüziyalardan çox gec ayılıb.

Mən Aydın Əliyevi şəxsən tanımıram, ancaq onu bilirəm ki, AXC-də tarixən ən dürüst və düzgün, qanuna, nizamnaməyə hörmət edən adamlar məhz nəzarət-təftiş komissiya təmsilçiləri olub. Odur ki, gec də olsa, Aydın Əliyev ictimaiyyətə düzgün olaraq müraciət edib və düzgün məlumatlar çatdırıb.

İnanıram ki, Aydın Əliyev bu tənqidi fikirləri AXCP daxilində də dəfələrlə, vaxtaşırı bəyan edib, lakin səsini eşidən olmayıb. Ona görə də, dözməyib və nəhayət, geniş ictimaiyyətə, xalqa səslənməyə məcbur olub.

Nadir Qocabəyli