Cığal müxalifət...

"Çox da şey eləməyin, cənablar, xalq hər şeyi yaxşı görür"

Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında möhtəşəm çıxışı, qətiyyətli mövqe nümayiş etdirməsi, Nikol Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına cavab olaraq bütün dünyaya “Qarabağ Azərbaycanındır və nida işarəsi” hayqırması, onun bu sərt mövqeyinin ardınca Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistanın Baş naziri Paşinyanın “Qarabağ Ermənistanındır” bəyanatını tənqid etməsi, bu ritorikanın siyasi prosesi yenidən başlamağa mane olduğunu bildirməsi, deyəsən, təkcə erməniləri narahat etməyib.

Lavrovun təmas xəttində nisbi sakitlik olduğunu, insidentlərin azaldığını, əsirlərin mübadiləsinə start verildiyini, bölgədə vəziyyətin sakit olduğunu, Rusiyanın Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün əlindən gələni edəcəyini, nizamlama ilə bağlı dialoqun bərpa olunmasının zəruriliyini, irimiqyaslı əməliyyatların başlaması üçün hər hansı aşkar və ya gizli təhdid görmədiyini bəyan etməsi münaqişənin həllini istəməyən dairələri ciddi təşvişə salıb. Amandır qoymayın, Azərbaycan Qarabağın həllinə dair Rusiya ilə razılıq əldə edə, Rusiya öz forpostunu işğal etdiyi əraziləri geri qaytarmaq məcburiyyəti qarşısında qoya, münaqişə həll oluna və bəlalarımız üzərində siyasət yapanların, bulanıq suda balıq tutmaq sevdası ilə yaşayanların arzuları birdəfəlik ürəklərində qala bilər…

Odur ki, həmin dairələr dərhal öz uzantılarını işə salaraq, gülünc piar, gözdənsalma kampaniyasına başlayıblar. Avropada müəmmalı mənbələrdən maliyyələşən və Azərbaycana qarşı daimi qarayaxma ilə məşğul olan şəxslərdən biri Tural Sadıqlı dərhal ADR sədri Qubad İbadoğlunu, REAL funksioneri Azər Qasımovu və Əli Kərimlinin müavini Seymur Həzini başına toplayaraq, onlara belə bir sual verdi: “Niyə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyanın cavabını BMT-nin Vaşinqtonda keçirilən sessiyasında yox, Soçidə baş tutan “Valday” diskussiya klubunda verdi? Ümumiyyətlə, niyə ora özü getmədi və ölkəmizi həmin tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil etdi?”

Əzizi oxucular, sizi bu sualın qoyuluşunun absurdluğuna diqqət yetirməyə dəvət edirəm. Bu suala “aşığın sözü qurtaranda “neynim-neynim” deyir” deyə cavab verməkdən başqa variant yoxdur.
Ona qalsa, bu cür absurd sualları hamıya vermək olar. Məsələn, Turaldan “niyə ABŞ-da yox, Almaniyada yaşayırsan?”, verilişinə “niyə 2 və ya 4 nəfər yox, 3 nəfər dəvət etmisən”, Qubaddan “niyə ADR hərəkatını özünlə ABŞ-a aparmırsan?”, Seymurdan “niyə Müsavata keçmirsən?” – soruşmaq olar. Necə ki, əvvəllər hər dəfə rayona gedəndə, həmyerlilərim məndən “niyə maşınını dəyişmirsən?” soruşurdular...

Necə yəni, niyə orada demədi, burada dedi? Axı bunun nə fərqi var? Məgər bu münaqişənin həllindən dahamı vacibdir? Guya Paşinyanın cavabı Soçidə yox, Vaşinqtonda verilsəydi, bunun əhəmiyyəti dahamı çox olacaqdı? Məgər Qarabağın açarının Rusiyanın əlində olduğunu daim təkrarlayanlardan biri də elə siz deyilsiniz? Demirsiniz ki, Rusiyasız bu münaqişənin həlli mümkün deyil? Eləysə, Füzuli demişkən, bu nə feli-xəta və nə çinü-əbrudur?

Məgər 16 ildən artıqdır Qarabağ danışıqları aparan Azərbaycan Prezidenti, Azərbaycan höküməti, onun xarici siyasət idarəsi, dövlətin xarici siyasətini müəyyən edən ekspertlər, mütəxəssislər nəyi harada demək, etmək lazım olduğunu Tural Sadıqlı qədər bilmirlər?

Ən önəmlisi isə bilirsiniz nədir, əziz yurddaşlar: bu sualı Tural Sadıqlının qulağına kimin pıçıldaması. Şəxsən mən qəti əminəm ki, sualın bu cür qoyuluşu qətiyyən onun öz ağlının məhsulu deyil. Onu ona yazıb veriblər. Açığı, erməni sualına oxşayır...

Məsələnin başqa bir tərəfi də odur ki, Qarabağ məsələsi BMT tribunasından dəfələrlə səsləndirilib. Ulu öndər Heydər Əliyev də, hörmətli cənab Prezident İlham Əliyev də Qarabağ haqqında Vaşinqtonda dəfələrlə çox ciddi bəyanatlar səsləndirib, açıqlamalar veriblər. Hətta BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etməsinə də nail olunub, amma real tərpəniş, irəliləyiş yoxdur. Bu əlbəttə, bizim BMT-dən imtina etməyimizə əsas vermir və heç kəs problemlərimizin Birləşmiş Millətlər Təşkilatının yüksək tribunasından səslənməsinin əleyhinə deyil. BMT-nin son sessiyasında da ölkəmiz yüksək səviyyədə təmsil olunub. Ancaq dövlətimizin, onun başçısının milli maraqlarımıza uyğun olaraq manevrlər etmək haqqı, hüququ, səlahiyyətləri də var. Görünür, bir sıra səbəblərdən dolayı bu bəyanatı Soçidə vermək lazım olub və dövlət başçısı bu taktika ilə bağlı kimsəyə hesabat vermək zorunda deyil. Xoşniyyətli sualları, əlbəttə, cavablandıra bilər və əminəm son dərəcə anlamlı və məntiqli izahatlar verər. Təbii ki, lazım bilsə.

Tural Sadıqlının öz absurd sualını cavablandırmaq üçün topladığı “təlim görmüş” qonaqlarının, yəni qruplaşma üzvlərinin isə elə sualın özü kimi absurd və gülünc cavabları əvvəlcədən hazırdır. Onlar bu sualı səbrsizcəsinə gözləyirdilər, ancaq əvvəlcə özlərinə “vətənpərvərlik sığortası” taxaraq, “Qarabağ” futbol komandasının və Teymur Rəcəbovun qələbələrinə çox sevindiklərinə dair saxta-populist bəyanat verdilər. Halbuki ən sevindirici hadisə “Valday”da baş vermişdi, əsl vətənpərvərlərin ən böyük sevinci də bununla bağlı olmalıdır. Sonra özlərini “mən bir qədər fərqli düşünürəm” ladında orijinal göstərməyə zorlayaraq, ayrı-ayrı səs oktavalarında eyni mahnını oxumağa cəhd göstərdilər. Düzülüş də bas-tenor-soprano idi. Başladılar: ay nə bilim, BMT-yə bütün dünya toplaşır, amma “Valday”ın çərçivəsi məhduddur, orada hamıdan demokratik islahatlar haqqında hesab tələb olunur və yalan danışmaq mümkün deyil, Soçiyə ancaq yalançı avtoritarlar toplaşır və s.

Bu adamların söylədiyi cəfəng fikirlərin hamısını bir-bir təkrarlayıb, şərh eləmək fikrim yoxdur. O fikirlər buna dəymir də. Ancaq onları az-çox tanıyan, xislətlərinə bələd olan biri kimi, demokratiyadan yalnız şüar kimi istifadə etdiklərini də, yalan danışmağın, populizmin ən unikal eksponatları olduqlarını da, təmsil olunduqları, rəhbərlik etdikləri qurumların hamısının avtoritar mahiyyətini də əlimin içi kimi bilirəm. Guya ki, Əli Kərimli, İlqar Məmmədov, Qubad İbadoğlu – İlham Əliyevdən, Vladimir Putindən daha demokratik fikirli insanlar imiş. Əgər başçılıq etdiyiniz qurumlar demokratikdirsə, rəhbərlikdən istefa verin, görüm o partiyalardan, hərəkatlardan əsər-əlamət qalacaqmı. Əgər Əli Kərimli demokratdırsa, baş vemiş bu qədər rüsvayçılıqdan, istefası tələb olunduqdan sonra niyə istefa verib, sıravi cəbhəçi olmur? Qubad İbadoğlu “ABŞ universiteti professoru” mantiyasını soyunub, xaricdən təmin etdiyi qrantları dayandırsın və özü də kənara çəkilsin görüm, Müsavatdan qopardığı “hərəkatında” bir hey-hərəkət qalırmı? Neçə ildir, Müsavatdan ayrılıb, amma bir dəfə qurultay keçirməyib. Eləcə də İlqar Məmmədov. Bütün nüfuzu, imici, hörməti-izzəti “Qərbin adamı” olması üzərindədir. İstefa versə, ən yaxşı halda REAL 3 yerə parçalanacaq.

Odur ki, çox da şey eləməyin, cənablar, xalq hər şeyi yaxşı görür, kim nə deyirsə-desin, cənab Prezidentin onun maraqlarını hər şeydən uca tutduğunu da çox gözəl bilir.

Nadir Qocabəyli