Njde Moskva ilə İrəvanı dalaşdıra biləcəkmi?..

Rusiyada bu məsələyə hələ də adekvat münasibət sərgiləmirlər

Ermənilər Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradovu cəzalandırmağı tələb edirlər– o səbəbdən ki, Aleksey Vinoqradov Njdenin xatirə lövhəsinin üstünə qara rəng tökübdür.

Artıq politoloqlar və yaxud siyasi təhlilçilər arasında belə bir ehtimal dolaşır ki, iki müttəfiq arasında növbəti soyuqluq üçün zəmin və ya platforma yaranır, xüsusən də nəzərə alanda ki, növbəti ildə Moskva İkinci Dünya Müharibəsindəki qələbənin 75 ilini qeyd etməyə hazırlaşır.

Amma maraqlısı budur ki, təkcə son bir ay ərzində Ermənistanda Rusiyanın müdafiə və xarici işlər nazirləri səfərdə oldular. Di gəl, niyə görəsə onlar İrəvanın mərkəzində Njdeyə ucaldılmış altı metr ucalığında heykəli “görmədilər”!..

Rusiyanın xarici işlər naziri S.Lavrov hətta özünün səfər proqramını faşizm üzərindəki qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışından başlamışdı, amma çox qəribədir ki, o, da İrəvanda Q.Njdeyə heykəl ucaldılmasını tamam-kamal “unutmuşdu”!..

Maraqlıdır, o, bilmirmi ki, məhz Azərbaycan prezidentinin sayəsində MDB-nin Aşqabad sammitində nəinki tədbir iştirakçıları, ümumiyyətlə, bütün MDB ölkələri əhalisi əyani şəkildə bildi ki, ermənilər faşizmə qarşı müharibənin iştirakçılarına necə münasibət bəsləyir, kimləri üstün tutur və xatırlayırlar, kimlərin şərəfinə heykəllər ucaldırlar?..

Xatırladaq ki, prezident İ.Əliyev həmin sammitdə nəinki Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə töhfəsi kimi çox vacib məsələnin üzərində ətraflı, detallarına qədər dayandı, həm də Ermənistan hakimiyyətlərinin bu konteksdəki neqativ siyasətinə toxundu və sammit iştirakçılarının diqqətini faşizm xadimlərinin qəhrəmanlaşdırılması faktlarına yönəldərək hələ keçmiş prezident S.Sarqsyan dövründə az qala, İrəvanın mərkəzində faşist canisi Njdeyə böyük abidə qoyulmasını yada saldı.

Onu da qeyd edək ki, Qaregin Njdenin Ermənistanda reabilitasiyası və fetişləşdirilməsi abidə məsələsindən də xeyli əvvəl başlamışdı.

Məsələ həm də təkcə bunda deyil ki, Q.Njde müharibə zamanı faşistlərin tərəfinə keçən adam olmuşdu – yox, belələri digər millətlərin də təmsilçiləri arasında da vardı. Faşistlər demək olar ki, SSRİ xalqlarının hamısının təmsilçilərindən “milli legion”lar formalaşdıra bilmişdilər, hətta rusların da belə legionu vardı və “Rus azadlıq ordusu” adlanırdı. Erməni legionu tərkibində isə 30000 min nəfərdən artıq insan olmuşdu. Əlbəttə ki, həmin vaxtlar Azərbaycan legionu da yaradılmışdı.

Qayıdaq, Njdeyə. Qaregin Njdenin məsələsi təkcə almanların tərəfinə keçmək məsələsi deyildi və ermənilərin hətta Ermənistandan kənarda “xatirə”sini əbədiləşdirməyə çalışdıqları bu adamın çox böyük cinayətləri və almanlarla əməkdaşlıq edən digər insanlardan çox ciddi fərqləri vardı.

Məsələ ondadır ki, bu cəllad, bu hərbi cani, birincisi, mülki insanlara qarşı cəza tədbirlərində, xüsusən də yəhudilərin qətliamında iştirak etmişdi və ikincisi, faşizm ideologiyası ilə səsləşən, erməni faşizminin “konsepsiyası” sayılan və erməni xalqının guya digər xalqlardan üstün olduğunu bəyan edən bir “təlim” də cızma – qara etmişdi...

Təəssüf ki, Rusiyada bu məsələyə hələ də adekvat münasibət sərgiləmirlər. Yalnız bu günlərdə, prezident İ.Əliyevin Aşqabaddakı çıxışından sonra Rusiyanın bir şəhərində - Armavirdə Njdenin xatirə lövhəsinin götürülməsilə bağlı insanların imza topladıqları məlum oldu.

Belədə isə, Njdenin İrəvandakı abidəsilə bağlı ayrı-ayrı rusiyalı politoloqlar və jurnalistlər etirazlarını ifadə ediblər, amma bütövlükdə Rusiya KİV-ləri uzun müddət yalnız “müasir Ukrayna faşizmi” haqda danışır və yazır, müasir Baltikyanı dövlətlərin guya ki, faşist xadimlərini qəhrəmanlaşdırmasını iddia edirdilər.

Amma maraqlısı nədir? Bizə Baltik ölkələrində milli legionların təmsilçilərinə abidələr ucaldılması kimi faktlar məlum deyil, yox, onlar faşistlərin tərəfinə keçən adamları qəhrəmanlaşdırmırlar, sadəcə, keçmiş sovet ordusunun da onlar üçün işğalçı bir ordu olduğunu bildirirlər ki, bu da ən azı hamımızın bildiyi tarixi həqiqətdir və bir daha deyirik ki, bir çox insanların faşistlərin tərəfinə keçməsinin bir səbəbi də bu idi ki, onlar faşist Almaniyasının timsalında digər bir tiraniyadan – kommunist tiraniyasından qurtuluş imkanı görürdülər. Əlbəttə, bu da bir illüziya idi və əslində faşizm və kommunizm eyni kitabın qoşaca səhifəsidi – hər iki ideologiya totalitar, imperiya xislətli və tiranik bir sitem idi...

Belədəsə, Baltikyanı ölkələrin xalqlarının heç bir faşist ideologiyası yox idi və estonlar, latışlar və litvalılar erməniləri “seçilmiş” və “üstün” xalq sayan Q.Njde və tərəfdarlarından fərqli olaraq özlərini belə bir xalq kimi qələmə vermirdilər.

Ukraynaya gəldikdəsə, Vladimir Zelenski prezident seçiləndən sonra “müasir Ukrayna faşizmi” haqqındakı söhbətlər sabun köpüyü kimi partladı, hərçənd, Zelenskiyə qədər də Ukrayna siyasi isteblişmentinin ən yuxarı eşelonunda belə xeyli yəhudi əsilli siyasi xadimlər vardı, son prezident seçkiləri isə göstərdi ki, bu vaxta qədər aparılan qara təbliğat yalandan başqa bir şey deyildi – razılaşın ki, faşistlər heç vaxt yəhudini özlərinə prezident seçməzlər....

Amma burada, az qala, Rusiyanın böyründə faşist cəlladları təkcə reabilitasiya olunub qəhrəmanlaşdırılmır, onların hətta açıq bir şəkildə fetişləşdirilməsi, milli ideoloqlar kimi təqdim olunması baş verir. Bu da azmış kimi, otuz illik Dağlıq Qarabağ savaşı da göstərdi ki, belə siyasət ermənilər üçün təkcə “tarixi və mənəvi önəm” kəsb etmir, onlar Njdenin “təlim”ini hazırda təcrübədə tətbiq edirlər: baxın, Azərbaycanın Xocalı şəhəri yerlə - yeksan edilibdir, Qarabağın işğal olunmuş ərazilərində və Ermənistanın özündə total etnik təmizlənmə aparılıb, erməni əsirliyində olan insanlar elə şeylər danışır ki, hətta faşistlərın cinayətləri haqqında yüzlərlə filmlərə baxmış biz insanların bunlar ağlına belə gəlmir və qeyri – ixtiyari olaraq düşünürsən: İlahi, doğrudanmı insan bunlara qadirdir?..

Odur, birmənalı şəkildə demək olar ki, faşizm ermənilərin tarixində kiçik epizod deyil, yox, bəlkə də dinc, mülki insanlara qarşı cinayətlər məhz onların kəşfidir – onlar bunu hələ 1905-ci, 1915 - 18-ci illərdə və otuz illik Dağlıq Qarabağ savaşı dövründə tətbiq ediblər...

Bəli, müasir Ermənistanın da reallıqları budur. Maraqlıdır, xarici işlər naziri S.Lavrov və yaxud da müdafiə naziri S.Şoyqu bununla bağlı ölkələrinin mövqeyini erməni həmkarlarına çatdırdılarmı? Axı demək olmaz ki, onlar bütün bunlardan xəbərsizdirlər – yox, keçmiş SSRİ-nin ərasizisində, o cümlədən də Ermənistanda faşistlərin reabilitasiyası ilə bağlı Rusiya XİN - nin hazırladığı xüsusi sənəd də var. Həm də Njdeyə heykəl İrəvanın mərkəzində, özü də monumental heykəltəraşlıq stilində qoyulubdur,- Lavrov və ya Şoyqu hətta gözlərini yumsaydılar belə, onu görməyə bilməzdilər...

Hüseynbala Səlimov