Tənqid etməyə hazırlaşırdıq, təbrik etdik

Vəzifədən gedən Ayaz Nizamioğlu da bu durumda alicənablıq göstərdi, yeni təyinatı alqışladı və İbrahim Məmmədovu təbrik etdi

Dostumuz, həmkarımız Ayaz Nizamioğlu son bir ildə Nazirlər Kabinetinin ictimai əlaqələrinə baxırdı. İşini olduqca peşəkarcasına, vicdanla yerinə yetirirdi. Bu da təsadüfi deyildi. Çünki dostumuz-həmkarımız həm peşəkar jurnalist, həm də peşəkar QHT təmsilçisi kimi özünü çoxdan təsdiq etmiş biridir. O, qəzetdən başlamış TV-yə, internet saytlara qədər müxtəlif media qurumlarında uzun illərə dayanan təcrübəyə sahibdir. Tək başına bir TV, yalqız başına bir internet saytını idarə edəcək qədər bacarıqlıdır Ayaz. Üstəlik, biz onunla bir neçə dəfə xarici səfərlərdə olmuş, Azərbaycanın maraqlarının qorunması uğrunda əl-ələ verib bacardığımızı – gücümüz çatanı etməyə çalışmışıq. Bu səfərlərdə Ayazın nə qədər çalışqan, nə qədər məsuliyyətli olduğunu şəxsən görmüşəm, təqdir etmişəm. Hələ Azərbaycana qayıdandan sonra da gördüklərini qələmə alıb, ölkə ictimaiyyətini məlumatlandırıb. Bütün bunları, dediyimiz kimi, peşəkarcasına edib.

İki gün öncə xəbər yayıldı ki, Ayaz Nizamioğlu Nazirlər Kabinetində tutduğu işdən azad edilib. Yeni Baş Nazir Əli Əsədov vəzifəyə başladığı gündən o quruma bir dinamika gətirib, kadrları götür-qoy edir, təbii ki, daha çevik, daha uyğun şəxslərlə işləməyə üstünlük verir. Bu da onun tam təbii haqqıdır və bu vaxta kimi olan kadr dəyişikliklərində ictimaiyyət nümayəndəsi olaraq yalnız müşahidə edir, işin uğurlu sonuclarını gözləyirdik. Lakin Ayazın işdən azad olunması heç də xoş xəbər olmadı və düşündük ki, bu qərarı tənqid edək. Bununla belə bir az da səbr edib sonra fikir bildirmək qərarına gəlmişdik. Ən azından ona görə ki, Prezident İlham Əliyev onu Baş Nazir təyin edərkən haqqında olduqca xoş sözlər demiş, bizim də güvəncimizi möhkəmləndirmişdi. Bu baxımdan düşünürdük ki, Əli Əsədov Ayaz dostumuzu işdən azad edirsə, ən azından onun qədər bacarıqlı birini həmin vəzifəyə təyin edəcək.

Gözləməyimizə dəydi. Günün sonunda xəbər gəldi ki, boşalan vəzifəyə daha bir dostumuz, yetərincə təcrübəyə, bilik və bacarığa sahib birisi – İbrahim Məmmədov təyin edilib. Bu xəbər bizi nəinki tənqiddən çəkindirdi, üstəlik sevindirdi də. Biz İbrahim Məmmədovun bu vəzifəyə təyinatını sadəcə Nazirlər Kabinetində boşalan vəzifənin doldurulması kimi deyil, quruma yeni dinamika – peşəkar və islahatların ruhuna uyğun yanaşma gətirmə kimi qəbul etdik. Çünki İbrahim Məmmədov sadəcə bir jurnalist deyil. O, eyni zamanda yaxşı bir təhlilçi, şərhçidir. O, həm də peşəkar televizyonçudur. Üstəlik, elmi araşdırmaçıdır. Yəni indiki şəraitdə Nazirlər Kabinetinin belə bir kadra məhz o vəzifədə doğrudan da ehtiyacı var və Baş Nazir Əli Əsədov olduqca düzgün seçim edib. Ona görə də bizə düşən dostumuz İbrahim Məmmədovu, eyni zamanda bu təyinata görə elə Əli Əsədovun özünü də təbrik etməkdir.

Təsadüfi deyil ki, vəzifədən gedən Ayaz Nizamioğlu da bu durumda alicənablıq göstərdi, yeni təyinatı alqışladı və İbrahim Məmmədovu təbrik etdi. Bu, dövlət qurumlarında heç də tez-tez rast gəldiyimiz hal deyil. Prezident İlham Əliyevin ürəklə etimad göstərib vəzifəyə təyin etdiyi Baş Nazir Əli Əsədov belə bir gedişlə ölkə başçısının güvəncinin əbəs olmadığını göstərdi.

Dostumuz Ayaz Nizamioğluna gəlincə, əlbəttə, onun boş qalacağı mümkün deyil. Heç şübhə etmirəm ki, yaxın günlərdə onunla bağlı yeni təyinat xəbərini eşidəcəyik. Çünki belə bir hazırlıqlı kadrın bir gün belə boş qalması indiki islahatlar dövründə əsla işin xeyrinə deyil.

Azər Həsrət