Elə ötən həftə müsəlman ölkəsi Qətərdə də Ermənistanın prezidenti A.Sarkisyan təntənə ilə qarşılandı Elə ötən həftə müsəlman ölkəsi Qətərdə də Ermənistanın prezidenti A.Sarkisyan təntənə ilə qarşılandı

Nazarbayevanın İrəvana sirli səfəri…

Elə ötən həftə müsəlman ölkəsi Qətərdə də Ermənistanın prezidenti A.Sarkisyan təntənə ilə qarşılandı

Ötən həftənin onsuz da rəngarəng siyasi palitrası həm də onunla yadda qaldı ki, Qazaxıstan Senatının sədir, qazax lideri N.Nazarbayevin qızı D.Nazarbayeva Ermənistana səfər etdi.

Dərhal qeyd edim ki, bu yetərincə qəribə və anlaşılmaz bir səfər idi, siyasi müşahidəçilər hələ də onun zəruriliyini əsaslandırmaq üçün hansısa tutarlı arqumentlər tapa bilmirlər. Siyasi təhlilçilərin ağlına gələn yeganə arqument budur ki, onlar D.Nazarbayevanın İrəvana səfərini onun Ermənistan prezidenti A.Sarkisyanla olan isti münasibətlərilə izah etməyə çalışırlar.

Ümumiyyətlə götürdükdəsə, demək olar, həmişə belə olur: türkdilli ölkələrin sıx inteqrasiya təşəbbüsü nümayiş etdirdiyi bir vaxtdan az sonra onlardan hansısa biri anlaşılmaz, necə deyərlər, “irrasional” bir adıım atır və bununla da gənc türk dövlətlərinin əldə etdiyi nəticəni, əkcər hallarda isə nümayiş etdirdiləri həmrəyiliyi bu addımla heç edirlər.

Bu dəfə də belə oldu. Demək lazımdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı sammiti çox yüksək səviyyədə keçdir və çox böyük ümidlər verdi.

Daha çox yadda qalan detal isə bu oldu ki, Qazaxıstanın birinci prezidenti N.Nazarbayev sammitdə çox orijinal ideya səsləndirdi və türdilli dövlətləri türk dövlətləri adlandırmağı təklif etdi.

Qeyd edək ki, politoloqlar və jurnalistlər səviyyəsində bu təklif dəfələrlə səsləndirilib.

Amma aydındır ki, belə məsələlər jurnalistlər səviyyəsində həll oluna bilməz və təşkilatın adı yalnız üzv dövlətlərin dövlət və hökumət başçılarının razılığı ilə dəyişdirilə bilər. Bununla belə N. Nazarbayevin təklifi bütün sammit iştirakçılarının ürəyincə oldu və hətta qazax lideri türk dünyasının siyasi patriarxı və ağsaqqalı adlandırıldı. Biz, sadə və sıravi siyasi müşahidəçilər isə belə bir qərara gəldik ki, ən azı növbəti sammitədək təşkilatın adı dəqiqləşdiriləcək və dəyişdiriləcəkdir...

Belə bir uğurlu və yadda qalan sammitdən sonra xanım Dariqa Nazarbayevanın İrəvana səfəri baş tutdu. Əlbəttə, Qazaxıstan suveren və müstəqil dövlətdir və onun liderlərinə hara səfər etmək, hara isə etməmək kimi buyruqlar izhar etmək fikrimiz yoxdur.

Amma siyasətdə də müəyyən ardıcıllıq və müəyyənlik olmalıdır: əgər hansısa ölkələr, eləcə də türkdilli dövlətlər Azərbaycanın ərazi bütövlüyünə dəstək verərək Ermənistanı təcavüzkar dövlət adlandırıbsa, bu onların növbəti siyasətində də öz əksini tapmalıdır.

Qeyd etmək lazımdır ki, N.Nazarbayevin özü daim, xüsusən də son illərdə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyinə dəstək verir. Fəqət, belə alınmırmı ki, onun qızı bundan tamam xəbərsizdir?..

Əlbəttə, biz bu suala birmənalı cavab verə bilmərik. Yalnız onu qeyd edək ki, bəzi politoloqlar öz təhlillərində ata və qızın yetərincə soyuq münasibətlərinə işarə edirlər. Yenə də qeyd edək ki, Qazaxıstanın yüksək hakimiyyət eşelonunda, siyasi isteblişmentinin yüksək pilləsində baş verənlərdən elə də məlumatlı deyilik.

Sözsüz ki, Dariqa xanım çox yüksək vəzifə tutur və hətta səhv etmiriksə, dövlət ierarxiyasında ikinci adamdır.

Amma güman ki, onun atasından narazı olmaq üçün əsasları da yox deyildir – axı o, Qazaxıstanda birinci şəxs deyildir, çünki ölkənin siyasi patriarxı, onun atası Nursultan Abişeviçin təklifilə birinci şəxs Q.-C.Tokayev oldu.

Odur ki, Nazarbayevlərin arasında soyuqluq olduğunu zənn edənlərin arqumentləri elə də əsassız görünmür və istisna deyil ki, biz Qazaxıstanın da siyasətidə nəsillərin qarşıdurmasının təzahürünü görürük, hansı ki, özünün ən gözəl təsvirini İ.Turgenevin “Atalar və oğullar” əsərində tapıbdı. Görünür, rus ədəbiyyatı elə həqiqətən də əbədi bəşəri suallar ədəbiyyatıdır...

Bununla belə bizə elə gəlir ki, Ermənistan və ermənilər Şərqin bəzi avtoritar liderlərinin diqqətini başqa səbəblərdən cəlb edir: ermənilərin dünyada çox geniş şəbəkəsi var, xüsusən də ABŞ və Fransa kimi ölkələrdə, yəni onlar Şərqin avtoritar rejimlərini təmsilçilərinin üzlərinə bağlı olan bəzi qapıları onlar üçün açmaqda yardımçı ola bilirlər.

Xatırladaq ki, elə ötən həftə müsəlman ölkəsi Qətərdə də Ermənistanın prezidenti A.Sarkisyan təntənə ilə qarşılandı. Əlbəttə, Qətər türkdilli bir ölkə deyil, amma müsəlman ölkəsidir və xüsusən də nəzərə almaq lazım gəlir ki, onun ərazisində Türkiyənin hərbi bazası da var.

Nəhayət ki, ən əsası və başlıcası: müsəlman Qətəri İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki, dəfələrlə Ermənistanın təcavüzünü pisləyib və Azərbyacana dəstək veribdir. İndi axı nə alınır, çox hörmətli siyasətçi cənablar? Bəlkə elə doğrudan da sizin hər birinizlə keçmişdə olduğu kimi, siyasi məşğələ keçirmək lazımdır?..

Hüseynbala Səlimov