- Siyasi müzakirə
- 19:08
- 1 618
“Tranzit marşrutlarının açılması regionda sülhü möhkəmləndirir” - Şəbnəm Həsənova
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində konkret və ardıcıl addımların atıldığının şahidi oluruq. Bu prosesdə ilk olaraq Qazaxıstan taxılının, daha sonra isə Rusiya məhsullarının Azərbaycan vasitəsilə Ermənistana daşınması diqqət çəkir. Bu fakt göstərir ki, hər nə qədər prosesi ləngitmək istəyən qüvvələr mövcud olsa da, dövlətlərin siyasi iradəsi bu maneələri aradan qaldırmağı bacarır. Regionda dayanıqlı sülhün təmin olunması qarşılıqlı iqtisadi maraqlar və ticarət mübadiləsindən keçir. Bu isə təbii olaraq nəqliyyat və kommunikasiya xətlərinin açılmasını tələb edir. Azərbaycan coğrafi baxımdan regionun nəqliyyat və kommunikasiya mərkəzində yerləşir. Ölkəmiz uzun illərdir Ermənistana təklif edir ki, aqressiv siyasətdən imtina etdiyi təqdirdə tranzit layihələrdən pay ala bilər. Hazırda atılan bu addımlar Ermənistanın iqtisadi dirçəlişinə və inteqrasiyasına töhfə verir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Xatırladaq ki, Azərbaycan Rusiya məhsullarının Ermənistana tranzitinə icazə verməyə hazır olduğunu açıqlayıb. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib. O bildirib ki, Azərbaycan Rusiya məhsullarının dəmir yolu ilə Ermənistana daşınmasına razılıq verib və hazırda bu istiqamətdə logistika marşrutu hazırlanır. Qeyd edək ki, oktyabrın 24-də Vladimir Putin və İlham Əliyev arasında baş tutan telefon danışığında iqtisadi əməkdaşlıq və regional layihələr müzakirə olunub.
Politoloqun sözlərinə görə, iqtisadi maraqların artması xalqlar arasında münasibətlərin normallaşmasına da mühüm təkan verə bilər.
"Belə şəraitdə gələcəyə yönəlik real və konstruktiv əməkdaşlıq mühiti formalaşa bilər. Bununla belə, Ermənistanda prosesə mane olmağa çalışan qüvvələr də mövcuddur. Onlar Xocalı faciəsini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasından qorxaraq bu cür təşəbbüsləri tormozlamağa çalışırlar. Bununla yanaşı, müşahidələr göstərir ki, baş nazir Nikol Paşinyan ətrafında formalaşan elektorat üstünlüyü və hökumət üzvlərinin müsbət açıqlamaları sülh prosesinə ümidləri artırır. Tranzit marşrutlarının açılması Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş mühüm addımdır. Xüsusilə Qazaxıstan taxılının Azərbaycan ərazisindən Ermənistana daşınması göstərir ki, Mərkəzi Asiyadan Cənubi Qafqaz və Avropa istiqamətinə uzanan Orta Dəhliz artıq real və işlək bir mexanizmə çevrilməkdədir. Bu isə bütövlükdə Avrasiya regionunda iqtisadi və siyasi inteqrasiyanın dərinləşməsinin göstəricisidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az