Yaqublu barədə qərar nədən dəyişdi?

4 il 3 ay müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi faktı Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. Amma əfsuslar olsun ki, belə bir barış, dostluq, anlaşma ovqatına xidmət edən addım tamamilə fərqli istiqamətə yozulur. Kimlər tərəfindən və hansı formada?

Öncə onu qeyd edək ki, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət etmişdilər. Məhz bu müraciətlər və humanizm dəyərləri üstün tutularaq Yaqublu barəsində seçilmiş həbs qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Bu addıma qədər həbsdə olanda da Yaqublu ilə bağlı hakimiyyətin tutduğu mövqe qanun çərçivəsində olub. O, təcridxanada olduğu dövrdə maddi-məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb. Eyni zamanda, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb, telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılıb. Bura Yaqublunun İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilməsini, ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilməsini, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılmasını və s. əlavə etmək olar.

Sonrakı mərhələdə səhhətinin daim həkim nəzarətində saxlanılması üçün Yaqublu istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, özünün xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Qeybullanın təklifi ilə onun “City Hospital”da müalicəsi davam etdirilib.

Rəsmi qurumlar prosesdə izləmə mövqeyi tutmayıb. TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada Yaqublunun səhhətini nəzarətdə saxlayıblar, ona baş çəkiblər.
Məsələnin diqqət çəkən məqamı radikal müxalifətin, onlara bağlı dairələrin Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini gerşəkləşdirmək istəməsi oldu. İndiki mərhələdə həmin şəxslərin Yaqublu faktorundan iyrənc şəkildə faydalanmaq istəmələri ictimaiyyət nümayəndələri tərəfindən ciddi qınağa məruz qalsa da, heç nə dəyişmədi. Radikal müxalifət, xaricdəki "5-ci kolon"un nümayəndələri, nəinki niyyətlərindən peşman oldular, əksinə Yaqublunu ölüm aclığını davam etdirməyə sövq edən fəaliyyətlərini daha da genişləndirdilər. İndi isə verilən qərarı yanlış yozmağa çalışmaqla, cəmiyyətdə qarşıdurma meyllərinin daha da güclənməsinə çalışırlar.

Radikal müxalifətin və xaricdəki "5-ci kolon"un bu qərarı tamamilə başqa istiqamətə yönəldib özlərinin “qələbə”si kimi hallandırması , müxtəlif qeyri-qanuni çağırışlar səsləndirmələri heç də təsadüfi deyil. Siyasi maraqlara görə bütün dəyərləri tapdalayanlar, xaricdən sığınacaq almaq üçün ən yaxın adamının həyatı üzərindən oyunlar quranlar üçün insan həyatının heç bir dəyəri ola bilməz.

Onlar düşünürdü ki, Yaqublu ilə bağlı qərar dəyişməyəcək, keçirdiyi aclıq aksiyası onun həyatı bahasına başa gələcək. Nəticədə qarışıqlıq yaratmaq, cəmiyyəti hakimiyyətin üzərinə qaldırmaq üçün imkan yaranacaq. Hakimiyyət isə həm bu oyunu pozdu, həm də humanizm prinsiplərindən çıxış edərək bağışlama addımı atdı. Əgər burada qalib axtarılırsa, sözün bütün mənalarına qalib hakimiyyətdir!

Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. İllərin təcrübəsi başqa reallığı ortaya qoyur; təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil. Belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.
Yaqublunun sağlıq durumunda ciddi problem yaranmaması üçün barəsində çıxarılmış qərarın dəyişdirilməsinin bir adı var; Azərbaycan dövləti üçün humanizm, bağışlama, insan həyatı ən ali dəyərdir!!!

Elman Babayev