“Sarı kart” demək ilk növbədə öz haqqını, hüququnu qoruyan jurnalistin kimliyi, vəsiqəsi deməkdir. “Sarı kart” demək ilk növbədə öz haqqını, hüququnu qoruyan jurnalistin kimliyi, vəsiqəsi deməkdir.
  • Yazarlar
  • 25 Fevral 2021 09:49
  •  10 512

Bu işdən vaz keçməyin, Əhməd İsmayılov!

“Sarı kart” demək ilk növbədə öz haqqını, hüququnu qoruyan jurnalistin kimliyi, vəsiqəsi deməkdir.

1889-cu ildir. Parisdə Eyfel qülləsinin tikildiyi, “Expo-1889” sərgisinin giriş qapısı olaraq inşa edildiyi zamandır.

Beynəlxalq sərgiyə dünyanın hər yerindən məşhur isimlər dəvət olunub.

Sloqanı “Bərabərlik, Qardaşlıq, Azadlıq” olan beynəlxalq sərgidə Riçard Outkault adlı bir amerikan sənətçinin rəsmləri də nümayiş etdirilir.

Ölkəsinə döndükdən sonra o, “Sarı oğlan” adlı bir cizgi qəhrəmanı yaradır.

Dünyada sarı rəngdən istifadə olunan ilk cizgi serial beləcə yaranır.

"Sarı oğlan" hər cür haqsızlığa qarşıdır, əməyin istismar edilməsinə, zəhmətin heçə sayılmasına, qadın haqlarının pozulmasına, insan ləyaqətinin alçaldılmasına- bir sözlə, bərabərliyin, qardaşlığın, azadlığın müdafiəçisi, haqqın, ədalətin keşikçisidir.

O üzdən, məhz onun bu mücadiləsini özündə əks etdirərək bütün sivil dünyada jurnalistlərin vəsiqəsinin rəngi SARIdır.

Azərbaycan jurnalistlərinə vahid vəsiqənin verilməsi, başqa sözlə, SARI KARTa keçid cəmiyyətimiz üçün yeni ideya və təzə cəhd deyil.

Zaman-zaman gündəmə gəlib, ən mötəbər tribunalardan səslənib, hətta Mətbuat Şurası bir ara bu yöndə addımlar atmaq istəyib.

Amma və lakin...

Gerçəkləşməyib.

Bir zümrə "Nuh" deyib, "peyğəmbər" deməyib.

Çünki “sarı kart” demək ilk növbədə öz haqqını, hüququnu qoruyan jurnalistin kimliyi, vəsiqəsi deməkdir.

KİVDF-nin yerində və mediada islahatların aparılmasına təkan olmaq üçün yaradılmış MEDİA-nın İcraçı diektoru Əhməd İsmayılov bu günlərdə həmin ideyanı yenidən gündəmə gətirib.

Bu sətirlərin müəllifi də daxil olmaqla, dəfələrlə səsləndirilmiş, mediada islahatların olmazsa-olmaz şərtlərindən biri kimi göstərilmiş SARI KARTa keçidi dəstəkləyib, müzakirəyə açıb.

Amma dərhal uzun illər media sektorundakı xaosdan bəhrələnənlərin kəskin etirazı ilə qarşılaşıb, hətta ona “öz işi ilə məşğul olsun” deyə çəmkirənlər də tapılıb.

Baxın, Əhməd müəllim, Siz bu cameəyə tam bələd deyilsiniz, adamları, mühiti hələ yaxşı tanımırsınız, maraqlar konfliktini indi-indi çözməyə başlayır, işə təzə-təzə isinişirsiniz.

Mənim Sizdən, Sizin də məndən asılacaq bir işiniz yoxdur.

Odur ki, bütün səmimiyyətimlə deyirəm:

Əgər SARI KARTa keçiddən imtina etsəniz, bu xıltlı və işbilməz çevrə Sizi Vüqar Səfərlidən betər məhv edəcək.

Əgər SARI KARTa keçiddən imtina etsəniz, çox az sonra reketlərin əlində, “Dədə Qorqud” kaftanlı üst pərdədən danışan "ağıl dərya"larının dilində və dibində qalacaqsınız.

Əgər SARI KARTa keçiddən imtina etsəniz, it izi at izinə qarışmış media sektorunda Siz deyil, Allahın bacısı oğlu da göydən ensə, heç bir islahat apara, heç bir yenilik tətbiq edə, peşəkar jurnalistikaya pəncərə aça, sərbəst bazar, rəqabətli mühit, yüksək dövriyyəli reklam bazarı formalaşdıra bilməyəcək.

Əvəzində, bu yaxınlarda Almaniyanın Azərbaycandakı səfirinin bir az ehtiyyatlı, bir az diplomatik şəkildə ifadə etdiyi kimi, Azərbaycan mediası yenə illər öncə olduğu kimi, xarici qrantlardan, əsl məqsədi ölkəmizdə jurnalistikanın inkişafı deyil, “5-ci kolon”u dirçəltmək olan donorlardan asılı vəziyyətə düşəcək.

Dünyanın heç bir ölkəsində redaksiyalar kart paylamır, vəsiqə vermir.

İngiltərədə “NUJ” adlı məşhur jurnalist təşkilatı var, National Union of Journalists, yəni Jurnalistlərin Milli İttifaqı adlanan qurum BBC, “Reuters” də daxil, İrlandiyakı həmkarlarımızı qıraqda qoymadan jurnalistləri vəsiqə ilə təmin edir.

Almaniyada jurnalist vəsiqəsini bir quruluş vermir, bu hüquq bir neçə jurnalist təşkilatındadır. Amma bu modeli Azərbaycanda tətbiq etmək mümkün deyil ona görə ki, bizdə jurnalist təşkilatlarının özünün mövcudluğu sual altındadır.

Fransada jurnalistlərin birləşdiyi iki əsas təşkilat var: Ümumi Jurnalistlər Birliyi və Jurnalistlərin Həmkarlar İttifaqı. Bu iki təşkilat 30 nəfərlik bir komissiya qurub və onlardan vəsiqə almaq üçün ən azı 3 ay müddətində tam ştatla mediada çalışmaq lazımdır.

İtaliyada bu işi İtalyan Mətbuat Dərnəyi, Hollandiyada və Norveçdə isə Həmkarlar İttifaqı verir.

ABŞ-da jurnalistə vəsiqə vermək qaydası bir qədər fərqlidir. Məsələn, xarici siyasəti təqib edənlər uyğun idarədən, bələdiyyə müxbirləri bələdiyyədən, incəsənəti izləyənlər muzeylərdən kart alır.

Qısacası, dünyanın heç bir ölkəsində kim istəsə cibində jurnalist vəsiqəsi gəzdirmir, lakin bu, heç də vətəndaşları sərbəst şəkildə informasiya əldə etməkdən də məhrum etmir.

Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da “İnformasiya əldə etmək” haqqında qanun var və bu qanun imkan verir ki, hər bir vətəndaş maraqlandığı məsələ ilə bağlı dövlətdən məlumat alsın.

Ancaq jurnalistika bir peşədir və bu peşənin sahibləri, gerçək sahibləri bir çox hüquqlara və funksiyalara sahibdirlər. Jurnalistin öz vəsiqəsi ilə toplum, dövlət və beynəlxalq arenada tanınmasına ehtiyac da elə buradan qaynaqlanır.

Azərbaycan üçün ən yaxın, ən yaxşı və keçərli variant qardaş Türkiyənin təcrübəsinə yaxın bir model ortaya çıxartmaqdır.

Mənim dəfələrlə təklif etdiyim bu model qısaca belədir: Mətbuat Şurasının, MTRŞ-ın, Azərbaycan Jurnalistlər Birliyinin, Jurnalistlərin Həmkarlar İttifaqının nümayəndələrinin iştirakı ilə MEDİA-nın nəzdində xüsusi komissiya yaradılır. Həmin komissiya dəqiq kriteriyalar əsasında, şəffaf qaydada, bürokratik əngəllər yaratmadan Azərbaycan jurnalistlərini SARI KARTla təmin edir, ilkin mərhələdə əmək müqaviləsi, vergi ödəmələri, icbari tibbi sığorta və s. kimi məsələlərdə yarana biləcək problemləri qurumun hesabına həll edir.

Madam qolunuzu çırmamısınız, bu işdən vaz keçməyin, lütfən!

İsrar edin, dirəniş göstərin, uğur qazanın!

Bu məsələdə Sizə tam dəstək verəcəyik.

Taleh ŞAHSUVARLI