"Burdasansa, hər cür adamla üzləşəcəksən" "Burdasansa, hər cür adamla üzləşəcəksən"

Seymur Baycanın bir statusu

"Burdasansa, hər cür adamla üzləşəcəksən"

Seymur Baycanın statusu xeyli adamı hirsləndirib. Həm də maraqlı məsələni aktuallaşdırıb.
Mən də adamlar görmüşəm ki, iki yarım kitabı çıxandan sonra artıq özünə hər zaman çay içdiyi kafeni yaraşdırmır. Süni yamsılamalar başlayır, ən son pulunu bahalı geyimə, saata yatırır və feysbukda süni obraz yaradır.

Bir növ elitist görünməyə çalışır. Amma 200 metrdən ruhundakı kasıblıq və şəhərli ola bilməmək anında bilinir.
Elitistlik bir baxıma gözəldir, əgər bunun içini dolduracaq təhsilə, qazanca, işə və ailədən gələn aristokratlığa sahibsənsə.

Köhnə fotolara bir baxın.

Zadəgan ailələrinin şəkillərinə. Fərqi başa düşəcəksiniz.

Bizdə yeni yazıçı-oxucu münasibətləri təxminən 10 ildir formalaşır, əgər sən feysbukdasansa, buranın necə təhlükəli olduğunu da bilməlisən. Burdasansa, hər cür adamla üzləşəcəksən.

Mən özümü həmişə bu mövzularda proletar hiss etmişəm. Yalandan hoqqa çıxarmağa nə var ki? Halbuki buna görə dəfələrlə ən müxtəlif şəkildə qınanmışam. Amma mənim kitablarımı alanlar, sərgilərimə gələnlər, kolleksiyama dəstək olanlar tələbələr, ayda 500 manat civarında maaş alan insanlardır. Təbii ki, daha yuxarılarda müəyyən qədər var.

Bizdə yeni dövrün kitab bazarı da elə 10 ildir formalaşır. TeasPress-də mənim kitablarımın ikinci nəşrə getməsinin ən önəmli səbəbi oxucunun ayağına getməyim oldu. Oxucu olub ki, imza xahiş edib getmişəm, tələbə olub ki, şəkil istəyib getmişəm. Bundan mən heç nə itirmirəm, əksinə mənim məqsədim yazdıqlarımın yayılmasıdırsa, bunları etməliyəm.

Çünki bizdə nəşriyyatlar hələ də yazıçını brendləşdirmək haqqında düşünmürlər. Ona görə də hələ ki hər şey öz öhdəliyimizdədir. Bundan utanmağa gərək yoxdur.

Mən eyni şeyi "Çapar"da da etdim və bir il ərzində nələrsə başara bildik.

Xülasə, bir ara dəb olan "xalq yazdığımı başa düşmür", "Mirzə Cəlilin yazdıqları hələ də aktualdır" kimi səfsətələrə inanmayın. Azərbaycan oxucusu yaxşı kitabı anında seçə bilir. Sadəcə bizdə bir çox hallarda yazıçının səviyyəsi oxucularından aşağı olur.

Biz millət olma prosesini 1920-də yarımçıq qoymuş toplumuq.

Maarifçilik məsələlərinin hələ də gündəmdə olması buna görədir. Gündəmimizdəki bir çox müzakirələrin bitməməsi də buna görədir.

Bu baxımdan milli təsanüd içində hər cəbhədə nələrisə formalaşdırmaq, yaratmaq lazımdır.

Dilqəm ƏHMƏD