Baloğlan nədən həmişə populyar oldu?

Mərhum sənətçi ötən ömrə bir həzin xatirə idi

Baloğlan Əşrəfovun adı gələnədə həmişə uşaqlığımı, Lənkəran bazarını, bürkülü yayı, bazarda gil bardaqda satılan sərin nanəli ayranı, qazlı siropu, isti təndir çörəyinin qoxusunu, istidən əriyən asfaltın bazardan gələn meyvə və ədviyyata qarışan iyini, və şüşənin altında səliqə düzülmüş maqnitafon kassetlərini xatırlayıram.
Kaset satan oğlanın maqnitafonda ucadan oxutdurduğu Baloğlanın mahnıları gedəni ayaq saxlatdırır, oxuduğu muğamın təsiri ilə avtobus gözləyən yaşlı kişilər istinin təsirindən yuxu basan yarıçaq gözlərini yumaraq başlarını ahəstə yellədirdilər.

"Baloğlan və K. epoxası" sovet nəslinin bu günkü nümayəndələrinin ən məhrəm, ilıq və kövrək xatirələrinin iz qoyduğu dovranı idi. Bu hissləri indiki nəsil ola bilsin duymasın.

Sovet hökümətinin "ara müğənniləri" adlandırdığı bu sənətçi qrupu Azərbaycan toylarının ən arzu olunan və parlaq adları idi.

Sərt senzura altında İrandan, Cənubi Azərbaycandan, Türkiyədən "oğurlayıb" oxuduqları şərq mahnı ladında olan mahnılar xalqa milli köklərini xatırladırdı.

Baloğlan Əşrəfovun acığı gəldiyi məsələ sovet vaxtında onlara olan münasibətin xatırladılması idi. Belə yerdə o, universitet təhsilli filoloq olduğunu, xalq artisti İslam Rzayevdən xeyir-dua aldığını dönə-dönə deyirdi.
"Ay uçan quşlar" mahnısı onun vizit kartı idi. Cənubi Azərbaycandan gətirdiyi bu mahnını ulu şair Şəhriyarın adını verdiyi ansamblı ilə oxuyurdu.

Baloğlan xalq sənətçisi idi. İşdən yorğun -arğın qayıdanlar, kipriyi ilə od götürənlər, bir parça çörək üçün uzaq ellərə gedənlər üçün Baloğlanın səsi dərman idi. Nakam sevgisini yanğılı segah üstə oxunan sözlərdə xatırlayan milli "Romeolar" üçün Baloğlanın mahnıları təsəlli idi.

Baloğlan həmişə populyar oldu. Onu dinləyirdilər, toylarda, efirdə gözlər həmişə onu axtarırdı. Xatirələrini axtaranlar kimi...

Baloğlan ötən ömrə bir həzin xatirə idi.

Xaqani SƏFƏROĞLU