Cavab tapa bilmədiyim sual Cavab tapa bilmədiyim sual

LAÇINA NƏ APARIM?

Cavab tapa bilmədiyim sual

18 yaşımdan çalışıram.

Həyatımda maddi sıxıntı çəkdiyim günlər o qədər də az olmayıb.

Loru dildə desək, dişimlə, dırnağımla bu günlərə gəlmişəm.

Azərbaycanın ən dürüst insanlarından biriyəm.

Yalandan, mərdimazarlıqdan, pulgirlikdən, xudpəsəndlikdən uzağam.

Övladlarımın gözünə dik baxıram.

45 illik həyatımda heç zaman “neyləyim, necə edim” sualı qarşısında belə aciz qalmamışam.

Hər zaman bir çıxış yolu tapılıb. Ya özüm bir şey fikirləşmişəm, ya dostlardan məsləhər almışam, ya da heç gözləmədiyim halda Allah rast gətirib.

Amma indi qərar verə bilmirəm, bir yol bula bilmirəm.

44 günlük Vətən savaşı tarixi qələbəmizlə başa çatıb.

30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız artıq azaddır.

Jurnalistlər, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, mədəniyyət adamları illərdir yolumuzu gözləyən torpaqları ziyarət edir.

Hər nə qədər təqdir etməsəm də, təhlükəsini başa düşsəm də, dədə-baba yurdlarını, dağılmış ev-eşiklərini bir an öncə görə bilmək üçün işğaldan azad olunan ərazilərimizə xəlvət keçənləri də anlayıram.

Çünki illərdir özüm də həsrət içində yaşamışam.

Valideynlərim, qardaş-bacılarım kimi mən də Bərdədə anadan olsam da, babam Müzəffər kişi Laçın rayonunun Qarıqışlaq kəndində doğulub, boya-başa çatıb.

Mənim uşaqlığımın bir hissəsi məhz o kənddə, o kəndin yaylaqlarında keçib.

Beş barmağım kimi tanıyıram o yerləri.

“Ağ qaya”nın başından qartalların belinə elə bir dünən baxmışam.

“Ağ yar”ın taxtalarında elə bil dünən uzanıb səmada ulduzları seyr etmişəm…

Zeyvədə eşşəkdən yıxılanda çəkdiyim ağrı indi də canımda gizildəyir…

“Şivlik”də, “Uluxanlı”da uşaqlarla futbol oynayanda qapıda durardım…

Üzməyi “Ağoğlan” çayında öyrənmişəm, Qoşa nohurda, Cilli göldə, Qaragöldə qol atmışam, xəritədə olmayan neçə-neçə şırranın altında çimmişəm…

Minkənd İstisuyunun qırağında tilovla balıq tutmuşam…

Temirin bulağından, Əli bulağından, Soyuqbulaqdan, Sona bulaqdan, yaylaqlardakı neçə-neçə çeşmədən su içmişəm…

Hacılar yalından, Təzirin düzündən xəlvətcə at qaçırıb çapmışam…

Ulu körpüdən keçmişəm…

“Pöhrə”də oduna, “Zoğal ağacı”nda ota, Girdivanda sirənə getmişəm…

Eldarın, Rəfael müəllimin, İdrisin toyunda oynamışam…

Dəmirovlu piri, Sultan babanı, Ağoğlan kilsəsini ziyarət etmişəm.

Yamaclardan zirinc, kəkotu, qantəpər, itburnu toplamışam.

Çəmənlikdə yabanı arıların basdırdığı xırdaca küplərdən bal toplayıb barmaq yalamışam…

“Çinar qaya”ya cocuq qələmimlə şeir qoşmuşam…

Kahalarda yatmışam, salt qayaların üstünə adımı yazmışam…

Laçında gedəndə o yerlərə xatirələrimi, sevgimi, dədə yurduma bağlılığımı aparacam.

Bəs, dədə ocağına nə aparım?

Əliboş gedə bilmərəm, təbii, ocaqdan və özümdən utanaram.

Bir Qara dam var Laçında, Qarıqışlaqda, Eyvazlı məhləsində, o ocağı deyirəm.

Babalarım Müzəffər, Abış, Şahsuvar, Nəcəfalı anadan olub o qaradamda, yerini bilirəm.

“Nəcəfalıların bağı”ni ən qədim vandallar bilmirəm nə kökə salıb, amma sovet vaxtı əcdadlarımdan alıb kolxoza vermişdilər hektarlarla bağ-bağatı…

O bağda bir ağacın altında iki qab su töksəm rəmzi mənada bəs edər QAYIDIŞ üçün.

Bəs, dədə ocağında?

Qoyun-quzu yox, alaq, qurban kəsək.

Adamlarsız, evlərsiz-eşiklərsiz, qapılarsız, pəncərələrsiz, bacalarsız, şənliyini itirmiş yurd yerləri gözləyir bizi…

Hələ ki Laçına gedə bilməyənlərin quruca salamlarını aparımmı?

“Laçın” deyə-deyə dünyadan köçənlərin hüzründəki hönkürtüləri aparımmı?

Mən Nəcəfalının biticəsi, Şahsuvarın kötücəsiyəm.

Qəribə dövriyyədir.

Bitirmək lazım, yaşartmaq, cücərtmək, dirçəltmək lazım yurdu, alışdırmaq lazım ocağı.

Bəlkə bir çıraq aparım?

Bir KÖTÜK tapım qoyum QUTSAL OCAĞA, qoyum üstünə, yandırım o çırağı?

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru