- Yazarlar
- 7 Avqust 2021 12:52
- 23 616
İki illik vaxt və Zəngəzura aparan yollar
Soydaşlarımızın Zəngəzura və Göyçəyə qayıdışı təmin edilməlidir
Uğurlar və qələbələr nitqi və terminləri dəyişir.
Elə problemləri də!
2020-ci ilin sentyabr ayının sonlarına qədər Qarabağda və tarixi Zəngəzur mahalının şərq hissələrində ən böyük problemimiz ərazilərimizin işğal altında olması idi.
44 günlük Vətən savaşında işğalçı ordunun beli qırılandan və Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi adına təslimçilik aktını- Üçtərəfli Bəyanatı imzalayandan sonra şüurumuzda, dilimizdə və problemlərimizdə yeniliklər əmələ gəlib.
Biz artıq Ağdamın bərpasından, Füzulinin yenidən inşasından, Cəbrayıla qayıdışdan, Kəlbəcərdə kənd təsərrüfatının inkişafından, Laçında yolların tikintisindən danışırıq.
Bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətli şəxsləri açıqlama verərək cəmiyyəti agah etdilər ki, Laçında rayon mərkəzinə daxil olmadan yeni yol inşa edilməsinə başlanılıb.
Sözün açığı, ilk məlumat tam və əhatəli deyildi, yolun Laçın şəhərindən keçməməsi belə təəssürat yaratdı ki, söhbət 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan yeni dəhlizdən gedir.
Lakin dərhal sonra AAYDA sözçüləri daha bir açıqlama verdilər və dədiqləşdirdilər ki, tikilən yeni yol 23 kilometr uzunluğunda olmaqla, “dəhliz” deyil.
Heç kimə sirr deyil ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda və Şərqi Zəngəzurda kommunikasıyanın bərpasına, yenilənməsinə, yeni quru və dəmir yollarının, hava limanlarının tikilməsinə olduqca böyük önəm verir. Yolların çəkilməsi zamanı hərbi lojistika əsas amil kimi nəzərdə keçirilir və Ermənistanın revanşist cəhdlərinin bloklanması üçün bu baxmdan çoxşaxəli tədbirlər görülür. Layihələr tamamlandıqdan sonra istər Qarabağda, istərsə də Şərqi Zəngəzurda əsas məntəqələrə bir neçə istiqamətdən və bir neçə növ kommunikasiya vasitəsi ilə giriş-çıxış olacaq.
Məsələn, Laçın rayonuna həm Kəlbəcərdən, həm də Xudafərin-Qubadlı istiqamətindən gedib-gəlmək mümkün olacaq, üstəlik, rayonun Qorçu kəndi yaxınlığında “Bazardüzü” adlanan ərazidə tikilən hava limanından sərnişin, yük, o cümlədən dövlət sərhədimizi qorumaq üçün hərbi təyinatlı daşınmalar həyata keçiriləcək.
Bəs, Laçın-Şuşa yolu necə olacaq?
Çox təəssüflər olsun ki, Ermənistan kəşfiyyatının trollları sosial şəbəkələr vasitəsi ilə Azərbaycan ictimai rəyinə müəyyən qədər təsir imkanlarına malikdir. Maksimim 5 min dostluq imkanı olan fərdi profillərdə Azərbaycan əleyhinə tezisləri dövriyyəyə soxa bilmirlər, amma böyük səhifə və qruplarda hər bir rəyə nəzarət etmək imkanının məhdud olmasından yaxşıca istifadə edirlər.
Bir haşiyə çıxaraq öz başıma gələn olayı anladım. Məlumunuzdur ki, general-leytenant Kərim Vəliyev Azərbaycan ordusunun Baş qərargah rəisi təyin olundu. Təyinatdan az sonra Facebook-da dostluq siyahımda olmayan, heç zaman və heç bir yerdə rastlaşmadığım, profili Türkiyə bayraqları ilə “bəzədilmiş” bir hesabdan messencerimə ismarıc gəldi. Özünü Türkiyə vətəndaşı kimi göstərmək istəyən şəxs məndən Kərim Vəliyev barədə məlumatlar istəyirdi. Əlbəttə, profilin Ermənistan casuslarına malik olduğunu təxmin etmək mənim üçün çətin deyil, dərhal blok elədim.
Bəli, əziz oxucular, bütün dünyada kəşfiyyat qurumları böyük ölçüdə açıq mənbələrdən də informasiya toplayır, onları xüsusi mərkəzlərdə təhlil edərək strategiya hazırlayır. Ermənistan mediasını davamlı izləyənlər orada dövriyyəyə buraxılan bir çox tezislərin qısa bir zamanda Azərbaycan dilində yayım gerçəkləşdirən bəzi Youtub kanalları, müxalifət fəalları və sosial şəbəkə istifadəçiləri tərəfindən bizim cəmiyyətə də sırınmasını çox aydın müşahidə edirlər.
Bu cür tezilərdən biri də məhz Laçın şəhəri və Zabux-Xankəndi dəhlizi ilə bağlıdır.
Sosial şəbəkələrdə “özünü öldürən” bir laçınlı müxalifət fəalı vardı, az qala hər öynə “Laçın şəhəri ermənilərdə qalıb, belə qələbəni nə edirəm” məzmununda status yazaraq camaatı çaşdırırdı. Açıq deyirəm, mən bu “fəallığı”nı Laçına məhəbbətdən daha çox, İlham Əliyevin sərkərdiliyi ilə qazanılmış tarixi zəfərə qısqanc yanaşma kimi qarşılayırdım.
Əks halda, nədən bu qədər “fəal” biri 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatı açıb oxumasın və orada yazılanları görməsin?
Bəyanatda deyilir:
“Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
Bəyanatın imzalanmasından xeyli keçib və mənzərə aydındır.
Gorus- Xankəndi istiqamətində yeni yol planı hazırlanmalı, çəkilməli, bu yol Laçın və Şuşa şəhərlərindən keçməməlidir. Laçın şəhərindən və Şuşadan keçməyəcək yeni dəhlizin işə düşməsi ilə Laçın rayonunun hazırda Rusiya sülhməramlılarının nəzarətində olan mərkəzi Azərbaycanın kontroluna keçəcək, əhali qayıdış imkanı qazanacaq. Yeni marşrutun mühafizəsi Rusiya sülhməramlı kontingentinə həvalə olunacaq, lakin hər iki istiqamətdə təhlükəsizliyin əsas zəmanətçisi Azərbaycan olacaq.
Məsələnin başqa bir tərəfi də var.
Laçın və Şuşa şəhərlərindən yan keçəcək dəhlizi Azərbaycan çəkməli, sərmayə, işçi qüvvəsi və texnika ölkəmizə məxsus olmalıdır. Bu olduqca sadə məntiqdir, çünki bir ölkənin ərazisində başqa bir ölkənin pulu, texnikası və işçi qüvvəsi ilə yol çəkilməz. İlkin məlumatlara görə, hökumətimiz tərəfindən son qərar verilməsə belə, yeni dəhliz yolunun Qayğı qəsəbəsi- Qırmızıbazar marşrutunda olması gözlənilir. Yol çəkildi, gəldi dirəndi Qırmızıbazara. Bəs, sonra?
İxtiyarımızda iki ildən bir qədər artıq zaman var.
Bu zaman kəsiyində Xankəndində qalmış işğalçı ordunun qalıqları və başda Arayik Arutyunyan olmaqla hərbi cinayətkar xuntanın tör-töküntüləri rədd olub getməlidirlər.
Bunun əksi, başqa variantı və modeli yoxdur.
Varsa, bu, yarım günün içində Xankəndinin, Ağdərənin və ermənilərin də yaşayacağı digər məntəqələrin bombardman olunması, yerlə-yeksan edilməsidir.
Rusiya qoşunlarının Qazaxın işğal altında olan kəndlərinə daxil olması onu göstərir ki, Kreml bölgədə yeni eskalasiya ehtimalından çəkinir. Rusiyanın Baltik və Qaradəniz arasındakı torpaqlardan Türkiyəyə quru yolu yoxdur, həmin ərazilər Qərbin kontrolundadır. Azərbaycanın Türkiyəyə həm Naxçıvandan, həm də Gürcüstan üzərindən (Baki- Tiflis-Qars dəmiryolu) var. Bununla belə, Türkiyə-Rusiya nəqliyyat xəttinin açılması üçün Zəngəzur dəhlizi ən əlverişli marşurutdur. Ermənistan kimi süni və təpərsiz bir dövlətin bu prosesə mane olmaq imkanı yoxdur. Odur ki, Azərbaycanın tələbləri təkcə Zəngəzur dəhlizinin açılması ilə yekunlaşmır və yekunlaşmamalıdır. Son dəfə 1988-ci ildə Ermənistandan zorla deportasiya olunmuş soydaşlarımızın Zəngəzura və Göyçəyə qayıdışı təmin edilməlidir. Milli və strateji maraqlarımızın imperativi budur.
Taleh ŞAHSUVARLI