O dünyanda xoşbəxt ol!

Bir həftədən sonra nəşi gəldi

Bu gün bizim Qoqilinin - Fikrət Məmmədovun şəhid olduğu gündür.
Müharibə bir gün idi başlamışdı, gördüm qayınanam ağlaya-ağlaya telefonla danışır. Telefonda Fikrətin səsi eşidilirdi. “Bibi, başuva dönərəm, ağlama. Zəng elədim deyəm ki, mənə nəsə olsa da, ağlama. Bilsəydim ağlıyassan heç deməzdim, qurban olaram, ağlama...”.

Ürəyimdə dedim yenə ilk yada düşən yetim-yesir oldu. Bu dəfə çətin salamat qayıda. Fikrətin Aprel döyüşlərindən salamat çıxdığına da təəccüblənmişdim...

Hər gün dua elədik gözümüzün qabağında böyüyən Fikrətə. Körpəykən itirdiyi anasının yerinə də dua elədik. Evimizin ən utancaq, ən sakit, ən səssiz qonağı üçün hər saat dua elədik.

Hər zəngə dik atılırdıq. Və o zəng gəldi...Yaralı döyüşçüdən. Dedi, qonşu Bərşad kəndindənəm, Fikrətlə eyni vaxtda gəlmişdik döyüşə, bir aydan çoxdur bir yerdəydik, mən yaralanmışam, yaram yüngüldür, yenidən qayıdıram döyüşə, amma Fikrət...

"İndi Şuşada qanlı döyüşlər gedir, ölməsəm sağ qalsam, onu gizlətdiyim yerdən götürəcəm. Yaralıydım deyə, onu çıxara bilmədim, Şuşa-Xocavənd aralığında ağacların dibində ona yer düzəltdim, gözünü basdım...

İçində ad-familiyası olan gilizi verdi mənə, dedi bunu bizimkilərə çatdır, öldüyümü bilsinlər, əsir düşmədiyimə əmin olsunlar".

Biz yenə də inanmadıq... Onun yolunu gözlədik. Və bir səhər "müharibə bitdi" xəbəri ilə açdıq gözümüzü. Atası dedi, həə, bitdi... Kənddən gedənlərin hamısı qayıdacaq, bircə Qoqilim qayıtmayacaq.

Bir həftədən sonra nəşi gəldi. Dəfn edən gün bacısı Sevinc dedi, ona qəbir qazmayın, anamın məzarını açın, ikimizi də atın ora.

O qədər talesiz uşaq idi ki, şəhid xəbərini eşidəndə elə bildim onun 23 illik balaca ömründə başına gələn ən təmtəraqlı iş elə şəhidliyi oldu.

Biz böyüklərin altından çiynimizi çəkdiyimiz yük onun balaca çiyinlərini əzdi...

Səndən sonra yediyimiz ürəyimizi deşir, əziz Qoqili. Evin hər küncündə bir xatirən var.
Səni nə biz, nə də günlərlə qoynunda uyuduğun Şuşa dağları unudacaq. O dünyanda xoşbəxt ol, özündən sonra heç nəyi qalmayan əzizimiz. Ruhun şad olsun!

Amandır, bir də müharibə istəməyin!

Naibə QURBANOVA