Xankəndidə "növbədənkənar seçki" ehtimalı: Qalib “Bayraqdar” olacaq!

Arayik Arutyunyan Qarabağda hamının- Azərbaycanın da, Ermənistanın da, Rusiyanın da girovudur

İrəvan mediası Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı hərbi xunta qalıqlarının lideri Arayik Arutyunyan arasındakı latent münaqişənin açıq fazaya keçməsindən artıq açıq danışır. Bir çox müəlliflər bəzən istisna etmir, bəzən də lap açıq eyham vururlar ki, Arutyunyan Azərbaycanla təmas qurmaqla özünə gün ağlamağa çalışır.

Bu qənaətləri qəribçiliyə salmaq, Ermənistandakı hakimiyyət uğrunda mübarizədə daha bir təsirli fiqurun qaralaması cəhdi kimi qarşılamaq olmaz.

Bəli, Arayik Azərbaycana satılmağa hazırdır. Ancaq situasiyadan asılı olaraq.

Bir anlıq o mənzərəni gözümüzün önündə canlandırmağa çalışaq.

Hadisə heç də çətə başçısının Qarabağdakı Azərbaycan ordusuna, polisinə, yaxud xüsusi xidmət orqanlarının əməkdaşlarına “məni qandallayın” deyə könüllü təslim olması, ardınca AzTV kameralarını önündə xalqımızdan üzr istəməsi, dövlətimizdən günahlarının əfv olunması üçün yalvarması şəklində baş verməyəcək.

Ancaq belə də ola bilər. O halda ki, Arayik Ermənistan kəşfiyyatına bağlı terror qruplarının onu fiziki cəhətdən məhv edəcəyi saat barədə səhih məlumat alsın, bölgədəki rus sülhməramlılarının onu qorumaq istəmədiyini görsün və qaçmağa fürsəti olmasın. Belə bir vəziyyətdə seperatçı “prezident”in can hövlüylə Azərbaycana sığınması, DTX-nın zirzəmisində sorğu-suala çəkiləndən və hakim qarşısında cavab verməsindən bir müddət sonra Əlikram Hümbətov kimi Hollandiyaya göndərilməsinə ümid etməsi mümkündür.

Ancaq indiki halda o başqa iddialardadır və iddialarına çatmaq üçün Azərbaycana zaman-zaman “göz vurduğu”, Bakıya subliminal mesajlar göndərməsi açıq müşahidə olunur.

Bu cür subliminal mesajlardan birini o, ötən ilin sentyabrında, “DQR”-in 30 illik yubileyi günü göndərmiş və o zaman bu barədə yazmışdım:

“Arayik Arutyunyan “maymaq obraz”lı bir fiqur deyil və onun əlində II Qarabağ savaşı ilə bağlı ciddi komromatlar var. Arayik çox yaxşı başa düşür ki, onun uzun müddət Xankəndində qalması mümkün deyil, başçılıq etdiyi hərbi xuntanın qalıqları uzaqbaşı bir neçə ilə Azərbaycan tərəfindən tam aradan qaldırılacaq. Bu vəziyyətdə onun taleyi necə olacaq? Arayik hər nə qədər qəribə olsa da, Azərbaycanla dil tapmağı və Ermənistandakı gələcək karyerası üçün Bakıdan məxfi zəmanət almağı özü üçün zəruri sayır. Odur ki, məzarlıq ziyarəti ilə rəsmi Bakıya “baxın, mən də fikirləşirəm ki, nəinki müstəqillik, hətta status da gorbagor olub” deyə “səsləndi”.

Məhz o mesajdan təxminən 5 ay sonra Nikol Paşinyanla Arayik Arutyunyan arasında cəmiyyətin gözü önündə “deyişmələr” baş verdi.

Bu da gözlənilən idi.

Arayikin əsas və başlıca hədəfi Ermənistanda hakimiyyətə gəlmək, başqa sözlə, Nikolu yıxmaqdır. Bunun üçün ona lazım olan ilk növbədə “Qarabağ klanı”nın başına keçməkdir.

Bu yer həm boş, həm də doludur.

Boşdur ona görə ki, uzun müddət Ermənistanda hakim zümrə olmuş “Qarabağ erməniləri” yenidən iqtidara can atır, lakin iki cinaha bölünərək dəstəklədikləri Robert Köçəryan və Serj Sarqisyan onların arzularını reallaşdıra bilmirlər. Qarabağ klanını bir çətir altında toplayan və yenidən hakimiyyətə gətirə biləcək bir liderə ehtiyac var.

Arayik həmin liderin özü olduğunu düşünür.

Zira, o, hakimiyyət uğrunda Nikolla çarpışacaqsa, Qarabağ klanının lideri olması üçün Köçəryan və Sərkisyana meydan oxumalıdır. Belə bir savaşa girmək isə onun özünə qarşı əlavə iki cəbhə açması və elektoral dəstəkdən tam məhrum olması deməkdir ki, bunu da ancaq maymaqlar edə bilər. Arayik isə, dediyimiz kimi, qətiyyən maymaq deyil və onun əlində Ermənistan elitasında az qala hər kəslə bağlı kompromatlar var.

Arayik bu məqsədinə həmin kompromatlar, vədlər və rüşvətlə çatmağa üstünlük verəcək.

İndi ən vacib məsələ odur ki, Arayik üçün zaman daralır. 2025-ci ildə rus sülhməramlılarının mandatı tamam olacaq, ona qədər Zəngərur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin açılması həll olunacaq. Nikol Azərbaycanın tələblərini yerinə yetirməklə həm öz hakimiyyətini qoruyur, həm də sosial-iqtisadi, geopolitik baxımdan ölkəsinə yeni imkanlar açaraq ermənilərin əlini pula çatdırmağı düşünür.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan “Nikol hakimiyyətdə qalmaq üçün hər şeyə gedir” deyəndə də məhz bunu nəzərdə tuturdu.

Ancaq qoca Ter-Petrosyan onu da dedi ki, Serj Sərkisyan və Robert Köçəryan da aralarındakı ixtilafa rəğmən Nikolu aşırmaq üçün heç bir hədd tanımırlar.

Ermənistanda hakimiyyətin taleyini təkcə Rusiya və Qərb yox, həm də dolayı yollarla Azərbaycan müəyyən edir.

Serj Sərkisyan və Robert Köçəryan Azərbaycandan dolayı dəstək alması mümkün deyil, bunsuz da Nikolu devirmək real görünmür. Arayik ilk növbədə məhz bu şansını sınamaq üçün Bakının nəbzini yoxlamaq istəyir.

Arayiki tələsdirən odur ki, 2025-ci ilin noyabrında, hətta 10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasının beş ilinin tamam olacağı günlərdə onun “səlahiyyət müddəti” bitir və Xankəndidə “yeni seçki” keçirilməlidir. Belə bir “seçki” heç bir halda baş tutmayacaq, Azərbaycan birmənalı olaraq buna imkan verməyəcək. Rusiya isə, təbii ki, mandatını uzatmağa çalışacaq və növbəti beş il ərzində bölgədə qala bilmək üçün Azərbaycana bu məsələdə etiraz edə bilməyəcək. Ondan sonra Arayik qalacaq sözün bütün mənalarında ortalıqda. Qarabağda qalsa, Xankəndidə suverenliyini bərpa edən Azərbaycan onu həbs edib Bakıya gətirəcək, hərbi qənimətlər parkında canlı eksponat kimi sərgiləyəcək. Ermənistana adlasa, Nikolun cəza aparatı ona bir divan tutacaq ki, Bakı həbsxanaları yanında toya getməli olacaq- əlində o qədər kompramatlar olan iddialı siyasətçini kimsə özbaşına buraxmaz. Rusiyaya, Hollandiyaya, ABŞ-a getsə, xislətində terror olan soydaşları onu oralarda da sağ qoymayacaqlar.

İndiki halda isə, Arayik Qarabağda hamının- Azərbaycanın da, Ermənistanın da, Rusiyanın da girovudur.

Çətə lideri bu girovluqdan xilas olmağın yolunu “növbədənkənar seçkilər” keçirməkdə görür.

Hərbi xunta qalıqlarının lideri iki yol- birinci dəfə 16 dekabr 2020-ci ildə, ikinci səfər isə, 23 iyun 2021-ci ildə “Artsaxdakı növbəti prezident seçkilərində” iştirak etməyəcəyini bildirib.

“Artsax konstitusiyası”na görə isə, parlament və prezident seçkiləri eyni gündə keçirilməlidir.

Siyasi iddialarını davam etdirmək, məsuliyəti öz üzərindən atmaq, hər şeyi Nikolun boynuna yıxmaq üçün Arayikə indi bu maddəni nəyin-bahasına olursa-olsun dəyişmək, yeni “parlament seçkiləri” keçirmək lazımdır ki, 2025-ci ildə ortalıqda avara vəziyyətində qalmasın.

Azərbaycan hakimiyyəti, Prezident Administrasiyası, Xarici siyasət idarəsi, Xüsusi xidmət orqanları bu proqnoza çox ciddi yanaşmalı, Xankəndidə hazırlanan avantüranın qarşısını gərəkirsə hərbi güclə almalıdır. Dövlət yetkililərimiz bəyan etməli və sözünün arxasında da dayanmalıdır ki, hərbi xunta qalıqlarının istənilən seçki şousu Xankəndiyə raket yağmuru bahasına başa gələcək.

Belə bir “seçki”nin keçirilməsi Arayikdən savayı, həm də Ermənistanda və Xankəndidəki revanşistlərin arzusudur.

Müşahidələr və erməni ekspertlərinin yorumları göstərir ki, Xankəndidə hakimiyyəti ələ almağa ən çox Robert Köçəryan çalışır. O, Ermənistan prezidenti olduğu dönəmdə təhlükəsizlik xidmətinin rəisi olmuş Qriqori Sarkisyanın oğlu Kareni irəli verib.

Qarabağ klanı”nın intellektual nümayəndələrindən sayılan, bir müddət Ermənistanın Təhlükəsizlik Şurasında çalışmış politoloq Tiqran Qriqoryanın şərhinə görə, Arutyunyanın çevrəsindəki biznesmenlər onun önə çıxmasına dəstək verirlər. Bununla belə, düşünmək olar ki, Karenin iddiaları Arutyunyanla Köçəryan arasındakı “bazarlıq”dan asılı olacaq.

Yenə Tiqran Qriqoryanın şərhinə istinad etsək, “Artsax”ın “üçüncü prezidenti” Bako Saakyan da əl-ayağa düşüb və öz işini Moskvadan qurmağa çalışır. Məlumatlı mənbələrə görə, Saakyan məqsədinə çatmaq üçün rusiyalı analitik Modest Kolerovun xidmətindən istifadə edir. Kolerov 2000-ci ilin ortalarında Rusiyada yaxşı vəzifələrdə işləyib, hazırda “Regnum” xəbər agentliyinin baş redaktorudur. Saakyanın hakimiyyəti illərində Kolerov tez-tez Xankəndinə gəlir, pay-püşlə yola salınırdı.

Xatırladaq ki, lap bu yaxınlara dekabrın 2- də Moskvada “Regnum” Agentliyinin nəzdində Kolerovun rəhbərliyi ilə “Dağlıq Qarabağın Öyrənilməsi Mərkəzi” yaradılıb. Bu mərkəzin Bako Saakyanın lobbiçiliyi ilə də məşğul olacağı zənn edilir.

Xankəndidə başqa bir iddialı fiqur “Artsax Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan sayılır. O, Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətindən sonra sonra xeyli fəallaşmışdı, tez-tez bəyanatlar, müsahibələr verirdi.

Bəs, onlardan hansı qalib gələ bilər?

Əminliklə yazıram: Heç biri!

Çünki Xankəndidə revanşistlərin və seperatçıların keçirdiyi istənilən növbəli və ya növbədənkənar seçkinin qalibi “Bayraqdar”, əsas alternativi isə “Harop” olacaq.

Taleh ŞAHSUVARLI