Millət, dövlət zirvəsindən insana…

Rəhmətlik Vaqif Səmədoğlu 1995-ci ildə “Vaxtıdır” rədifli bir şeir yazıb. Şeirdən iki bəndə diqqət edək:

İndi gileydən, güzardan

Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır...

İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...

Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirakına dair televiziya proqramına baxarkən, Xalq şairinin şeirini xatırlamağım əbəs yerə deyil. Özəlliklə, Vətən Müharibəsinin şəhidi Mahir Məmmədovun ailəsinin açdığı süfrə arxasında – könül süfrəsindəki duyğulu söhbət məni çox təsirləndirdi. Dövlətin zirvəsi millət, Vətən uğrunda əziz canını qurban etmiş, şəxsi igidliyinə, şücaətinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Mahir Məmmədovun ailə üzvləri ilə elə içdən, elə səmimi söhbət edib, elə dogmalaşmışdı, duyğusuz baxmaq əldə deyildi...
Əlbəttə, dövlətin ali rəhbərliyinin iştirak etdiyi görüşlərin, tədbirlərin, ali dövlət rəhbərliyinin nitqinin qəbul edilmiş özünəməxsusluğu, necə deyərlər, protokol standartları var – bunu bilirik; lakin məhz şəhid ailəsi ilə görüşdə Müzəffər Ali Baş Komandanın o ailəni ən yaxından duymasını, doğmalığını ifadə edən isti sözləri, Mehriban xanımın doğma, yanarürəkli iltifatı ali qonaqlarla evsahibi arasındakı rəsmiyyəti deyil, məhz doğmalığı, yüksək səmimiyyəti təcalla etdirirdi. Çox təsirliydi. Ailədə giley-güzar yoxdu; vaxtın tez keçməsini heç kəs istəmirdi – bu dəfə Səmədoğlunun deyil, elə Səməd Vurğunun özünün “Mən tələsmirəm” şeirinin ovqatı hakimdi könül süfrəsinə: qoy uzansın ziyarət saatı, geciksin digər tədbirlər… Səmimi, mehriban düşüncələrin istiliyində ürək qızınır, ovunurdu… və heç kim heç hara tələsmirdi… Bu, dövlət-xalq birliyinin bir şəhid ailəsindəki çiçəklənməsi, parlaq şəkildə üzə çıxmasıydı.
Şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş Vətən oğullarının üzünə qapıları taybatay açılmış o evin, ali dövlət rəhbərliyinin üzünə qapısı məhəbbətlə açılmış mənzilin bayram vaxtıydı... – Ramazan bayramının əziz saatları yaddaşlara, ən yeni tariximizin səhifələrinə axırdı, örnəkləşirdi… İnsanın ağrıları, insanın hiss-həyəcanı, insanın təsəllisi, ümidi və inamı ifadə edilirdi... Bu ifadəni ali dövlət rəhbərliyi edirdi, millətin zirvə hadisəsindən – tarixi Zəfərdən danışır, Mahir Məmədov kimi cəsur, igid oğulları vəsf edir, eyni zamanda onun ailə üzvlərinin keçirdiyi hissləri zərgər dəqiqliyi ilə vurğulayır, beləliklə dövlətlə xalqın bütünlüyünü bir daha göstərirdi. Göstərirdi ki, “Xalq dövlət üçün deyil, Dövlət xalq üçündür”! (H.Əliyev). –
“Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır”.

Bəli, şəhidlərimiz geriyə baxmadan irəli atılıb. Vətən oğullarının nə düşmənlə döyüşdə, nə haqq dünyasında gözü arxada qalmamışdır. Övladını, həyat yoldaşını, digər ailə üzvlərini haqlı olaraq xalqına, dövlətinə etibar edib gedən oğulların haqq-sayı unudulmazdır. “Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq”. - Ali Baş Komandanın sözləridir.
İndi şəhidlərimizin, qazilərimizin, şanlı ordumuzun azad etdiyi torpaqlarda körpüsalanlar, tunelqazanlar – inşaatçılar, minaxtaranlar, energetiklər, əkinçilər, səpinçilər ordusu çalışır. Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, abadlaşdırılır. Əziz şəhidlərimizin undulmaz çöhrələri indi yeni binalarda, məktəblərdə, sosial obyektlərdə, mədəniyyət ocaqlarında təsvir olunur, həkk olunur, nəqş olunur – bu, yalnız daşa-divara işləmək deyil, şəhidlərimizin adını ürəyə, yaddaşa, şüura, tarixə nəqş etməkdir, gələcək günlərə ismarlamaqdır. Bu torpaq üçün həlak olanlar, Vətəni hər şeydən üstün tutanlar undulmazdır! Şəhidlərimizin, qəhrəmanlarımızın övladları alnıaçıq, üzüağ, başıdik böyüyəcək, oxuyacaq, Vətənə layiqli övlad olacaqdır! Yenə Ali Baş Komandanın sözlərini xatırlatmaq istərdim: “Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir”…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI