NED-in Azərbaycana ayırdığı qrant vəsaitlərinin məbləği, illər üzrə hadisələrin dinamikasına uyğun olaraq dəyişir NED-in Azərbaycana ayırdığı qrant vəsaitlərinin məbləği, illər üzrə hadisələrin dinamikasına uyğun olaraq dəyişir

Heyrət, ey NED!

NED-in Azərbaycana ayırdığı qrant vəsaitlərinin məbləği, illər üzrə hadisələrin dinamikasına uyğun olaraq dəyişir

ABŞ-ın Milli Demokratiya Fondu tərəfindən (NED - National Endowment for Democracy) 2022-ci ildə Azərbaycan üçün ayrılmış qrantın məbləğini açıqlandıqdan sonra, ölkəmizdəki ənənəvi qrant dəllallarının, “5-ci kalon”un “klassik” və “modern” tör-töküntülərinin necə fəallaşdıqlarının şahidi oluruq. Qrant almaq üçün səhnələşdirilən bəhanələrin formasının getdikcə daha kəskin, kriminal xarakterli elementlərlə müşahidə olunması və bu kontekstdən təqdimatı nüfuz müvəkkilləri arasındakı rəqabətin də kifayət qədər güclü olduğunu göstərir.

Ayrılan təsdiqlənmiş qrantın pay-püş ediləcək istiqamətləri ilə yaradılan bəhanələr də tamamilə “təsadüfən” üst-üstə düşür.

Mənzərə aydın olsun deyə, NED-in ayırdığı qrantın məbləğinə və ayrılan vəsaitlərin “sərf ediləcəyi” istiqamətlərə nəzər salaq: Beləliklə, NED 2022-ci il üçün Azərbaycandakı tör-töküntülərinə 970 235 (doqquz yüz yetmiş min iki yüz otuz beş) ABŞ dolları vəsait ayırıb. Bu məbləğin 398,837 min dollarının Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə, yəni süni qarşıdurma və qarışıqlığın yaradılmasına yönəldilməsi nəzərdə tutulub. NED-in və bu təşkilatı himayə edən siyasi “mərkəz”in xaos texnologiyalarına bələd olanlar, adətən süni qarşıdurma və qarışıqlığın yaradılmasına xidmət edən müxtəlif məzmun və xarakterli aksiyalardan öncə, bəhanələrin yaradıldığını, yaxud səhnələşdirildiyini də yaxşı bilirlər. NED ənələrinə uyğun olaraq, bəhanlərin yaradılması üçün də vəsait ayırmağı unutmayıb. Belə ki, Fondun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarında may ayı üzrə təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd də yer alıb. Son vaxtlar ard-arda səhnələşdirilən “hadisələr”in forma və məzmunu da bu bəndin icrası istiqamətində fəaliyyətin intensiv bir şəkildə həyata keçirildiyini təsdiqləyir.
Daha öncə də qeyd etdiyim kimi, NED və bu kimi “institutlar”ın təcrübəsində “təcili qrantların ayrılması”, əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edir. Mexanizm belədir: Öncə “təcili qrantlar” vasitəsilə hansısa ölkədə “fundamental hüquq və azadlıqların pozulduğunu” nümayiş etdirilən bəhanə və bu bəhanənin ətrafında “5-ci kolon”un tənsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdilimiş bəhanənin “suçlular”ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə, elə NED, Soros Fondu və digər bu kimi “institutlar” tərəfindən maliyyələşdirilən “beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları” işə salınır. Bu “təşkilatlar” da öz növbəsində “hesabatlar” hazırlayaraq, sifarişçinin nişan verdiyi ünvana, misal üçün, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və digər bu kimi təsisatlara “təqdim” edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır...

Qeyd edim ki, NED-in Azərbaycana ayırdığı qrant vəsaitlərinin məbləği, illər üzrə hadisələrin dinamikasına uyğun olaraq dəyişir. Düşünürəm ki, bu da maraqlı məqamdır və bəlli bir strategiya üzərindən hərəkət edildiyini sübuta yetirir.
Hələ 2017-ci ildə NED-in Azərbaycandakı və yaxud Azərbaycana yönəlik “layihələr”in icrası ilə görəvləndirilən nüfuz müvəkkilləri üçün ayrırdığı vəsaitlərlə bağlı kiçik bir araşdırma aparmışdım.
Bəlli olmuşdu ki, həmin dövrdə Azərbaycana qarşı aparılan kampaniyaların başında dayanan Milli Demokratiya Fondunun 2011, 2012, 2014 və 2016-cı illərdə öz nüfuz müvəkkillərinə əsasən Gürcüstan üzərindən ötürdüyü vəsaitlərin məbləği 4 595 903 (dörd milyon beş yüz doxsan beş min doqquz yüz üç) ABŞ dolları təşkil edib.
Sitat: “NED, əsasən Azərbaycana qarşı təxribat kampaniyalarının iştirakçısı olan radikal düşərgənin, həmçinin onların QHT və “media” sektorundakı vasitəçilərinin xarici banklarda olan hesablarına 2011-ci ildə 1 207 839, 2012-ci ildə 1 403 867, 2014-cü ildə 913 578, 2016-cı ildə 1 070 619 ABŞ dolları vəsait köçürüb.
Maraqlıdır ki, 2011, 2012 və 2014-cü illərdə bəzi istisnalar olmaq şərtilə NED-in qrant ayırdığı təşkilatların adı açıqlansa da, 2016-cı ildə qrant alan qurumların, yaxud şəxslərin adı gizli saxlanılıb. Doğrudur, NED-in daha öncəki illərdə maliyyələşdirdiyi qrant layihələrində də şəffaflıq prinsipinə əməl olunmayıb. Lakin 2016-cı ildə ayrılan qrantların kimlərə verildiyi barədə demək olar ki, məlumat yoxdur. Yalnız layihələrin adları və ayrılan vəsaitlərin məbləği açıqlanıb. Məsələn, “Mülkiyyət hüquqları”, “İnsan haqlarının monitorinqi”, “Regionlarda insan haqlarının monitorinqi”, “İnformasiya azadlığı”, “Siyasi institutların gücləndirilməsi”, “Azərbaycanlı tərəfdaşların seçki və siyasi proseslərin şəffaflığını və hesabatlılığını təşviq etmək istiqamətində fəaliyyətlərinin dəstəklənməsi” və s.”...
...Son günlər baş verən hadisələrin intensivliyi və təsadüf etdiyi zaman kəsiyi ilə NED-in “təcili qrantlar” üçün nəzərdə tutduğu vaxt aralığı o qədər dəqiqliklə üst-üstə düşür ki, bu “ilahi harmoniyaya” heyrətlənməmək mümkün deyil – may ayının 25-nə qədər olan dövr...
Heyrət, ey NED!
Yəqin ki, “təcili qrant layihəsi”ni icra edən “5-ci kolon”un Aytən Məmmədova ilə bağlı baş vermiş məişət hadisəsi ətrafında yaratdığı hay-küyün, süni, tələsik ajiotajın haradan və NED(d)ən qaynaqlandığını, dəyərli oxucular müəyyənləşdirə bildilər.
Vaxt da, şübhəsiz ki, təsadüfən seçilməyib: İyunun 10-12-də Bakıda “Formula 1” yarışması keçiriləcək və şübhəsiz ki, Azərbaycanda daha öncə keçirilən beynəlxalq tədbirlərdə olduğu kimi, əldə ediləcək dividendləri artıqlaması ilə “burnumuzdan gətirmək” lazımdır.
Təbii ki, hər zaman erməniliyin və Ermənistandakı “uşaqları”nın yanında olan NED, Soros və digər təxribat “qrantamyot”larının vaxt seçimində güddüyü başqa bir məqsəd, diqqəti Paşinyan və tərəfdarlarının insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nümayiş etdirdikləri “performans”dan yayındırmaqdır. Təxminən bir həftədir ki, Ermənistanda keçirilən etiraz aksiyalarında ictimai fəallar həbs olunur, döyülür, insanların sərbəst toplaşmaq azadlıqları xüsusi qəddarlıqla pozulur, amma nə ABŞ səfirliyinin, nə Dövlət Departamentinin, nə də beynəlxalq təşkilatların reaksiyası nəzərə çarpmır. Bu halda yenə də ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia olunan məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyimi yada düşür... Əks təqdirdə, Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda baş verən, yaxud baş verdiyi iddia edilən adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində münasibət bildirməsinə başqa ad vermək mümkün deyil...

Elçin Mirzəbəyli