- Yazarlar
- 22 May 2022 20:29
- 24 040
Zaman Ermənistanın əleyhinə işləyir...
İstənilən halda Azərbaycan alternativ Zəngəzur dəhlizi və Laçın şəhərindən yan keçəcək Gorus-Xankəndi dəhlizi layihələrinin inşasına başlamaqdadır
Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixində üzərinə götürdüyü öhdəliklərdən yayınma ritorikasına hələ də sadiqlik nümayiş etdirir. Xüsusilə də son aylar müşahidə olunanlar belə bir qənaətə gəlməyə əsas yaradır. Əks təqdirdə, rəsmi İrəvan həm Avropa İttifaqı Şurasının, həm də Rusiyanın moderatorluğu ilə aparılan üçtərəfli danışıqlarda əldə olunan razılaşmaların icrası istiqamətində addımlar atardı. Üstəlik kapitulyasiya sənədinin imzalandığı gündən bu yana baş verən təxribatların KTMT çəçivəsində baş tutmuş görüşdən sonra da davam etməsi göstərir ki, bu təxribatlarda məqsəd sülh gündəliyinə aparan yolun nəyin bahasına olursa olsun yubadılmasıdır. Hətta Ermənistandakı iğtişaşlar belə sülh prosesini sabotaj etmək üçün vasitə olaraq istifadə edilir. N.Paşinyanın böyük təzyiqlər qarşısında qaldığı barədə süni təbliğat fonu formalaşdırılır. Bir tərəfdən, Ermənistandakı siyasi qüvvələr bununla dünya ictimaiyyətinə Azərbaycanla münasibətlərin normallaşmasına maneələrin olduğunu göstərməyə çalışır. Digər tərəfdən, hökumət bu aksiyalar vasitəsi ilə özünü sərbəst toplaşmaq azadlığını qoruyan, demokratik dəyərlərə hörmətlə yanaşan dövlət kimi göstəməyə cəhd edir.
Erməni baş nazirin KTMT-dəki çıxışı da məlum maraqların ifadəsidir. O, dolayı yolla deməyə çalışır ki, müttəfiqlərimiz tərəfindən tərk edildik. Üstəlik, Erməni tərəfinin sərhədlərin delimitasiyasına dair öncədən razılaşdırılan 2 mühüm ikitərəfli görüşü ləğv eləməsi də qənaətlərimizi gücləndirir. Ötən il noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə ediblər. Amma deyilən vaxt keçdi, görüş reallaşmadı. İrəvanın bəhanə ilə prosesi uzadaraq “güzgü prinsipi”nin tətbiqinə çalışsa da, Bakı bundan imtina edir və ordunun mövqeyinin yalnız delimitasiya prosesinə uyğun dəyişə bildiyini iddia edir.
Paşinyan hökuməti iğtişaşlardan və sülh gündəliyindən imtinadan hər nə qədər yararlanmağa çalışsa da, vaxt həm Ermənistan dövlətinin, həm də hakimiyyətinin əleyhinə işləyir. Ermənistan hökuməti ilə müxalifət sayılan siyasi qüvvələrin “birgə əməyinin nəticəsində” 2022-ci ilin birinci rübündə ölkədən 134 129 nəfər birdəfəlik köç edib. Köçənlər Ermənistan əhalisinin gənc və fiziki qüvvəsi olan vətəndaşlarıdır.
Bununla da, Azərbaycanın israrlı təkidi ilə Trans-Cənubi Qafqaz kommunikasiya xətlərindən və regional iqtisadi layihələrdən kənarda qalan Ermənistan, özünün onsuz da tənəzzülə uğrayan iqtisadiyyatının çökməsinin son akkordlarını yaşamaqdadır.
İstənilən halda Azərbaycan alternativ Zəngəzur dəhlizi və Laçın şəhərindən yan keçəcək Gorus-Xankəndi dəhlizi layihələrinin inşasına başlamaqdadır. İrəvanda nəşr olunan "Hraparak" və "Fakt" qəzetlərinin də yazdıqları kimi, Zəngəzurun bir neçə sərhədyanı kəndi artıq Ermənistanın idarəçiliyindən çıxmaqdadır. Çünki, həmin kəndlərin yerləşdiyi coğrafiya, sovet dönəminin xəritələrinin də təsdiq etdiyi kimi, Azərbaycanın suveren əraziləridir.
Yəni, istər hüquqi yolla, istər dəmir yumruqla Azərbaycan öz haqq etdiklərinə sahib olacaqdır.
Hesab edirəm ki, Paşinyan bütün bunları nəzərə alaraq, dövlətinin də, hakimiyyətdə varlığının da faktiki dalan vəziyyətindən çıxarılması üçün proseslərin sülh danışığı ilə deyil, Azərbaycan ordusunun məcburetmə əməliyyatı vasitəsilə həllini tapmasında maraqlıdır. Çünki həm müharibə dövründə, həm post-münaqişə periodunda xalqı ciddi-cəhdlə inandırmağa çalışdı ki, kapitulyasiya aktını imzalamağa məcbur idilər. Lakin məlum qüvvələr cəmiyyətin barışma prosesini ləngitməyə çalışdığı üçün artıq Paşinyan hökuməti tamamlanmamış işin yenidən Azərbaycan ordusunun müdaxiləsi ilə bitirilməsinin tərəfdarıdır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi