- Yazarlar
- 22 İyun 2022 20:25
- 11 935
Prezidentin Özbəkistan səfəri
Səmimiyyət protokolu üstələdi
Özbəkistan Mərkəzi Asiyada ta keçmişdən üzü bəri Azərbaycanla ən qaynayıb- qarışan bir ölkədir.
Mərkəzi Asiya türkləri içərisində bizim ədəbiyyat, mədəniyyət və musiqimizə ən çox maraq göstərən məhz özbəklərdir. Elə bizə ən simsar olanlar da onlardır.
SSRİ dağılandan sonra Mərkəzi Asiya dövlətləri arasında müstəqil siyasət yeritməyə ən çox çalışan və bunu bacaran da elə Özbəkistandır.
Özbəkistan Mərkəzi Asiyada Azərbaycanın torpaq bütünlüyü məsələsində prinsipial mövqe ortaya qoymasıyla da fərqlənib və orada bu gün də Ermənistanın səfirliyi yoxdur.
Özbək xalqı ikinci Qarabağ savaşında Azərbaycanın zəfərinə Türkiyədəkilərdən sonra ən çox sevinən qardaşlarımızdır.
Özbəkistan Füzulidə öz puluyla məktəb tikdirmək təşəbbüsü irəli sürməklə də Mərkəzi Asiyada kimin ürəyinin bizimlə daha çox döyündüyünü sərgiləmiş oldu.
Özbəkistanın bizə yanaşmasında da, Mərkəzi Asiyada müstəqil siyasət yeritməsiylə fərqlənməsində də mən təəccüblü heç nə görmürəm. Söhbət kökünə bağlı, böyük dövlətçilik ənənəsi, Azərbaycan kimi qüdrətli keçmişi olan bir ölkədən gedir. İranı fəth edəndə Firdovsinin məzarı üzərinə gedərək onu türkün böyüklüyünü görməyə çağıran Əmir Teymurun törəmələridir özbəklər.
Ona görə də mən cənab Prezidentin bu gün ora başa çatan dövlət səfərinin iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdıracağına, dövlətlərimizin gücünə güc qatacağına tam əminəm. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev cənab İlham Əliyevin ölkəsinə səfərindən danışarkən onun tarixi xarakter daşıdığını və sıçrayışlı perspektiv vəd etdiyini elə-belə vurğulamırdı. Orada baş verənlər, Prezidentlərin bədən dili, onların Urgənc və Xivəyə birgə getmələri, cənab Mirziyoyevin hava limanınadək gəlib dövlət başçımızı özünün yola salması və digər məqamlar gösətrirdi ki, bu, çox az halda rast gəlinən protokol yox, məhz səmimiyyət ağırlıqlı bir qarşılama idi.
Ona da əminəm ki, dünən Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” hər iki ölkənin müdafiə, təhlükəsizlik və təbii ki, müstəqillik potensiallarını xeyli gücləndirəcək. Özbəkistanda ikili əlaqələrin ən müxtəlif tərəflərini əhatə edən yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalansa da, bu səfər Bəyannamədən də göründüyü kimi müdafiə və təhlükəsizlik sahəsində dərin əməkdaşlığın özülünün qoyulmasıyla yaddaşlarda qalacaq.
Azərbaycanın türk dövlətləri arasında Türkiyədən sonra ən güclü ordusu olan Özbəkistanla da müdafiə və təhlükəsizlik sahəsində müttəfiqliyə doğru gedən əməkdaşlığı, fikrimcə, Güney Qafqazla yanaşı Mərkəzi Asiyada da geosiyasi konfiqurasiyaya əhəmiyyətli təsir edəcək.
Sahib Alıyev,
Milli Məclisin deputatı