Türkiyə qazandı

Memorandumun mətni həm də onu göstərdi ki, terrorla mübarizədə Ərdoğan hakimiyyəti iddialıdı və cəsarətli duruşunun qarşısında deyil Rusiya, heç bir blok dayana bilməz

Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Madriddəki görüşdən sonra Türkiyənin təhlükəsizlik sahəsində tələblərini nəzərə alan saziş imzalayıblar və uzun müddətdir davam edən gərgin danışıqlardan sonra hazırda Ankara bu ölkələrin NATO-ya daxil olmasına dəstək verməyə hazırdır. Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə üç ölkə arasında imzalanan memorandumda “Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları qınayır” ifadəsi cənab Ərdoğanın veto hüququndan imtina etmə səbəbini gün üzünə çıxarır.
Momeranduma aşağıdakı maddələr daxil edilib:

1. NATO baş katibinin vasitəçiliyi ilə bu gün bir araya gələn Türkiyə, Finlandiya və İsveç nümayəndələri aşağıdakı məqamlarda razılığa gəliblər.

2. NATO ümumi müdafiə və təhlükəsizliyin bölünməzliyi prinsipləri ilə ümumi dəyərlərə əsaslanan Alyansdır. Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində təsbit olunmuş prinsip və dəyərlərə sadiq olduqlarını bildirirlər.

3. Alyansın ən fundamental elementlərindən biri üzv dövlətlərin milli təhlükəsizliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə birbaşa təhdid yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə tam həmrəylik və əməkdaşlıqdır.

4. Gələcək NATO müttəfiqləri olaraq Finlandiya və İsveç Türkiyəyə onun milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verirlər. Bu çərçivədə Finlandiya və İsveç Türkiyədə FETÖ, PYD/YPG təşkilatlarına dəstək verməyəcək. Türkiyə həmçinin Finlandiya və İsveçə milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı tam dəstək verir. Finlandiya və İsveç terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyədə həlak olanların ailələrinə dərin həmrəylik hisslərini bildirirlər.

5. Finlandiya və İsveç PKK-nın qadağan olunmuş terror təşkilatı olduğunu təsdiqləyir. Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının fəaliyyətinin, onların genişlənməsinin, onlarla əlaqəsi olan şəxslərin və cəbhə təşkilatlarının fəaliyyətinin qarşısını almağı öhdələrinə götürürlər. Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlıqlarını artırmaq qərarına gəliblər. Finlandiya və İsveç bu terror təşkilatlarının ambisiyalarını rədd edir.

6. Bundan əlavə, Finlandiya Cinayət Məcəlləsində 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra düzəlişlərə uyğun cəzalandırılan terror cinayətlərinin əhatəsinə yeni fəaliyyətlər əlavə edib. 2022-ci il yanvarın 1-dən qüvvəyə minən bu son düzəlişlərlə terrorçu qruplaşmaların fəaliyyətində iştirak cinayətinin əhatə dairəsi genişləndirilib. Eyni zamanda, ictimai müstəvidə terrora çağırışlar da ayrıca cinayət kimi cəzalandırılıb. İsveç təsdiq edir ki, yeni və daha effektiv Terror Cinayətləri Qanunu iyulun 1-dən qüvvəyə minəcək və hökumət antiterror qanunvericiliyini daha da sərtləşdirəcək.

7. Türkiyə, Finlandiya və İsveç təsdiq edir ki, artıq aralarında milli silah embarqosu yoxdur. İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə sənayesi ixracı Müttəfiqlərin həmrəyliyinə və Vaşinqton müqaviləsinin 3-cü maddəsinin ruhuna uyğun olaraq həyata keçiriləcək.

8. Türkiyə, Finlandiya və İsveç bugünkü danışıqlardan sonra aşağıdakı konkret addımları atmağı öhdələrinə götürürlər:

- Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ümumi çağırışlarla mübarizədə konsensus əsaslı əməkdaşlığı genişləndirmək üçün bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında strukturlaşdırılmış hökumətlərarası dialoq və əməkdaşlıq mexanizminin yaradılması.

- Finlandiya və İsveç terrorizmlə mübarizəni NATO-nun müvafiq sənədlərinin və siyasətlərinin müddəalarına uyğun olaraq qətiyyətlə həyata keçirəcək və yerli qanunvericiliklərini buna uyğun gücləndirmək üçün bütün lazımi addımları atacaqlar.

- Finlandiya və İsveç, Avropa Ekstradisiya Konvensiyasına uyğun olaraq, Türkiyənin təqdim etdiyi məlumatları, sübutları və kəşfiyyat məlumatlarını nəzərə alacaq, Türkiyənin terror şübhəliləri ilə bağlı ölkədən çıxarılması və ya ekstradisiya tələblərini operativ və bütün ölçüləri ilə icra edəcək, ekstradisiya və təhlükəsizliyi inkişaf etdirəcək.

- Finlandiya və İsveç 5-ci bənddə qeyd olunan çərçivədə PKK terror təşkilatı və onun bütün qolu və cəbhə təşkilatlarının fəaliyyətləri ilə bağlı araşdırma başlatacaq və onları qadağan edəcək.

- Türkiyə, Finlandiya və İsveç dezinformasiyaya qarşı mübarizə aparmağı və öz qanunlarından terror təşkilatlarının təbliğatı, o cümlədən Türkiyəyə qarşı zorakılığı təşviq edən fəaliyyətlər məqsədilə sui-istifadənin qarşısını almağı öhdəsinə götürəcək.

- Finlandiya və İsveç silah ixracı ilə bağlı qanunvericiliklərinin müttəfiqlər qarşısında yeni öhdəliklər götürməsinə imkan verməsini və onların NATO-dakı üzvlük statuslarına uyğun olmasını təmin edəcəklər.

- Finlandiya və İsveç Türkiyənin və Aİ-yə daxil olmayan digər müttəfiqlərin Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin cari və gələcək təşəbbüslərinə, o cümlədən Türkiyənin hərbi mobillik üzrə PESCO layihəsində iştirakına mümkün qədər geniş şəkildə daxil edilməsini dəstəkləyəcəklər.

9. Bu addımların həyata keçirilməsi üçün Türkiyə, Finlandiya və İsveç Xarici İşlər, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik orqanlarının ekspertlərinin iştirakı ilə Daimi Birgə Komissiya yaradacaqlar. Daimi Birgə Komissiya digər ölkələrin iştirakı üçün açıq olacaq.

10. Türkiyə NATO-nun “Açıq qapı” siyasətinə uzunmüddətli dəstəyini bir daha təsdiqləyir və Finlandiya və İsveçin Madrid Sammitində NATO üzvü olmaqla bağlı dəvətini dəstəklədiyini bildirir.

Maddələrin ayrı-ayrılıqda təhlili göstərir ki, Ankaranın məsələ ortaya atıldığı gündən bəri ortaya qoyduğu tələblərin hamısının yerinə yetirilməsi anlaşmada bildirilib. NATO-ya üzvlük bir günün məsələsi olmadığını, bunun üçün dövlətlərin 7 mərhələdən keçdiyini nəzərə alsaq, bu tələblərin mütləq şəkildə qarşı tərəfdən nəzərə alınmalı olduğunu söyləyə bilərik. Əks təqdirdə, Ankara veto hüququnu növbəti mərhələlərdə işə sala bilər.
Memorandumun mətni həm də onu göstərdi ki, terrorla mübarizədə Ərdoğan hakimiyyəti iddialıdı və cəsarətli duruşunun qarşısında deyil Rusiya, heç bir blok dayana bilməz. Hesab edirəm ki, Türkiyənin tələblərinin yerinə yetirilməsi müvafiq bölgədə onun milli təhlükəsizlik maraqlarına təhdid xarakteri daşıyan qüvvələrə ağır cavab oldu. Regionu maraqlandıran istənilən məsələdə Türkiyənin söz sahibi olduğu bird daha dünyaya nümayiş edildi. Prosesin uzantıları yaxın gələcəkdə Qarabağda da hiss oluna bilər…

Züriyə Qarayeva

AzNews.az portalının siyasi şərhçisi