"Şuşa ili"nin qrant müsabiqəsi barədə

Aygün Əliyevanın sərrast çıxışına, maliyyə ala bilməyənlərin narazılığına sözardı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş qrant müsabiqələrinin qaliblərini açıqladı.

Agentliyin yaydığı məlumata görə, müsabiqəyə 8 istiqamət üzrə 227 layihə təqdim olunubmuş.
Onlardan, əgər doğru saydımsa, 22 QHT qalib seçilib.

Bəribaşdan deyim ki, mən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə nə bu müsabiqədə, nə də ümumən qrant almaq üçün birbaşa və dolayı yolla müraciət etməmişəm.
Müsabiqəyə qatılmış 200-dən çox QHT-nin hər hansı biri ilə də əməkdaşlıq etmirəm, PR və digər xidmət müqabilində qonorar almıram. Şəxsi münasibətlər baxımından müraciət edən, qalib gələn və gəlməyən QHT rəhbərləri arasında çoxsayda dostlarım, tanışlarım var. Ancaq onların heç birinin sözçüsü deyiləm. Kim müsabiqədə öz hüququnun pozulduğunu zənn edirsə, buyursun, qanuni yollarla, apellyasiya verərək haqqını bərpa eləsin. Zatən, buna potensialı olmayan birindən nə ictimai lider çıxar, nə də o, Şuşa ilinə hər hansı töhfə verə bilər.

Odur ki, bu yazını tamamilə obyektiv yazıram.

Obyektivlik sövq edir onu da bəribaşdan vurğulayaq ki, Agentlikdə yaxşı bir komanda formalaşıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun formalaşdığı ilk mərhələlərdən ictimai fəaliyyətlə məşğul olan, kommunikativ, dövlətin və vətəndaş cəmiyyətinin maraqlarını uzlaşdırmağı bacaran təcrübəli isimdir.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya sektorunun rəhbəri Vüsal Quliyev həm vətəndaş cəmiyyətində, həm də dövlət məmuru kimi olduqca müsbət reputasiyaya malikdir, III sektoru dərindən tanıyan, illərlə bu sahədə çalışmış şəxsdir.

Agentliyin İcraçı direktoru Aygün Əliyevanı qiyabi tanıyıram, amma bu gün qrant müsabiqəsi ilə bağlı açıqladığı mövqe onun haqqında eşitdiyim müsbət rəyləri başdan-başa doğruladı. İnamlı, qətiyyətli və konsturktiv bir açıqlama verərək Agentliyin seçimlərini müdafiə etdi, publika önündə çıxış məharətinin yüksəkliyi ilə diqqət çəkdi.

Uzun zamandır tanıdığım Müşahidə Şurasınən üzvləri Zaur İbrahimli və Günel Səfərova haqqında da müsbət rəyə malikəm, ancaq “şəxsi dostlarını təirfləyir” ittihamı ilə üz-üzə qalmamaq üçün təəssüratlarımı geniş yazmıram.

Sadəcə, bir şeyə əminəm.

Mən bu insanların hər hansı birinin Şuşanı kimdənsə az sevdiyinə inanmıram, inana bilmərəm.
Bu şəxslərin hər hansı birinin dövlətin və millətin ali maraqları qarşısında “Şuşa ili” kimi həssas bir mövzunun istismarına yol açacaq tərəfkeşliyə yol verə biləcəyini əsla və əsla ehtimal etmirəm.
Əlbəttə, müsabiqəyə təqdim olunmuş layihələrlə tanış olmadığımdan ehkam kəsməkdən də uzağam və başa düşürəm ki, təqdim olunan hər on layihədən təxminən biri maliyyələşibsə, deməli, narazı qalanlar da çox olacaq və onların heç də hamısı nəticələri həzm etməyəcək.

Qaliblərin siyahısına baxıram:

İcrasına görkəmli iqtisadçı Sabit Bağırovun rəhbərlik edəcəyi “Döndükdə gəlirimiz olsun” adlı layihənin Şuşada sahibkarlığın inkişafına xidmət edəcəyi bəllidir.

Rəsul Cəfərov müsabiqədə “Şuşa insan hüquqları təşəbbüsü” adlı bir layihə ilə qalib gəlib. Ümidvaram ki, bu layihənin müsbət nəticələrini biz beynəlxalq aləmdə yaxından hiss edəcəyik.

Müsabiqə nəticəsində Şuşada yay məktəbləri, hətta bloqqerlərin forumu keçiriləcək, mədəniyyət paytaxtına əlillərin səfəri təşkil olunacaq. Həmçinin xarici ölkələrdə “Şuşa ili”nə həsr olunan silsilə tədbirlər gerçəkləşdiriləcək. Gerçəkdən yaxşı ideyalardır.

Diqqətimi xüsusi çəkən və aktual saydığım layihələrdən birinin müəllifi Faiq İsmayılovdur. Layihə üzrə Şuşanın maddi və mənəvi irsinə işğal dövründə vurulan zərərlər araşdırılacaq. Faiq İsmayılovun bu sahədə xüsusu təcrübəsinin olduğunu göz önünə gətirdikdə, hər hansı əlavə suala və şübhəyə yer qalmır.

Peşəkar telejurnalist Ayaz Mirzəyev Şuşanın işğal dövründə məhv edilmiş təhsil müəssisələri barədə sənədli film çəkəcək. Lazımdır!

Tahir Əmirasanlovun rəhbəri olduğu ictimai birlik Şuşa mətbəxinə fokuslanmış layihə hıyata keçirəcək. Bu da gözəl təşəbbüsdür.

Doğrusu, bütün layihələr barədə danışmaq, rəy vermək, üstəlik zamanı qabaqlamaqla rəy vermək imkansızdır.

Ancaq müsabiqənin nəticələrinə etiraz edənlər də həmişə haqsız deyil.

AY partiyanın sədri Anar Əsədli yazır:

“Ölkənin gələcəyi gənclikdədir. Gənc kadrlara, gənclərin rəhbərlik etdiyi QHT-lərə yol açmaqdansa, yaşının ahıl çağında olan bir deputatın QHT-sini "qalib" elan etmək bu millətin gələcəyini baltalamaqdır. Ən çox ağrıdan isə odur ki, bu rəzaləti Şuşa adı altında elədilər...”

Bəli, dünəndən bəri 82 yaşlı deputat Ziyad Səmədzadənin “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda təqdim etdiyi layihənin qaliblər arasında olması ciddi və açığı xeyli dərəcədə də əsaslı görünən tənqidlər doğurub. Bu tənqidləri ümumiləşdirəndə, etirazın səbəbi o görünür ki, deputat Səmədzadənin nə statusu, nə yaşı və fiziki imkanları, nə də şəxsi maddi vəziyyəti dövlətin Şuşa üçün ayırdığı 29 min 620 manata göz dikməyə imkan verir.

Bunları bir kənara qoysaq, bu layihənin səmərəliliyi də bəribaşdan şübhə altına alınır. O sadə səbəbə görə ki, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində bütün şuşalılarla bağlı ətraflı informasiya bankı var. Şuşanın sosial və iqtisadi inkişafı ilə bağlı dövlətin planları, cəmiyyətin təklifləri və gözləntiləri də ortadadır. Ən böyük gözlənti isə budur ki, Şuşaya ayaq basanda özümüzü ədalətli məkanda hiss edək. Çox güman ki, Ziyad Səmədzadənin layihəsini heç o özü icra etməyəcək, bəlkə də başçılıq etdiyi QHT-də yaxşı ekspertlər var, işi onlar aparacaq. Ancaq bütün hallarda ortada layihə rəhbərinin deputat statusu var və bu status maraqlar konflikti baxımından ən azı etik suallar doğurur. Fəqət Şuşa ili bağlı müsabiqəyə qatılıb qrant almayanlardan bəzilərinin Aygün Əliyevanın təbiri ilə desək, “sosial şəbəkələrdə ədalət axtarması”nız özü də etik suallar doğurur. Məqsəd para deyil, gerçəkdən Şuşaya can yandırmaqdırsa- ki, buna şübhə etmirəm- elə ən azından Şuşanın xatirinə tozanaq qoparmaqdan (ifadə sayğı duyduğum həmkarlarımdan birinə aiddir) yayınmaq olmazmı?

Axı etirazı da, şikayəti də, ictimai nəzarəti də daha sivil üsullarla etmək mümkündür. Məsələn, elə 82 yaşlı deputatın layihəsinin icrasının monitorinqini aparmaqla...

Taleh ŞAHSUVARLI