"Qığılcımın məhz indiki anda tətiklənməsi həm də Qarabağdakı proseslərlə bağlıdır" "Qığılcımın məhz indiki anda tətiklənməsi həm də Qarabağdakı proseslərlə bağlıdır"

Özbəkistanda baş verəcəklər TDT-nin gələcək şəkillənməsinə istiqamət verəcək

"Qığılcımın məhz indiki anda tətiklənməsi həm də Qarabağdakı proseslərlə bağlıdır"

Mərkəzi Asiyada vəziyyət yenidən gərginləşib. Qırğızıstan, Qazaxıstanın ardınca növbəti hədəf Özbəkistan oldu. Gərginliyin səbəbi “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ümumxalq müzakirəsi üçün iyunun 25-də parlament nəşrlərində dərc olunması olub. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var. Lakin etiraz dalğasının başlanmasına səbəb olan məqam dəyişikliklər içərisində Qaraqalpaq Muxtar Respublikasında sakinlərin Özbəkistandan ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edilməsi təklifi olub. Konstitusiya dəyişikliklərinə etiraz olaraq qaraqalpaqlar muxtar respublikanın inzibati mərkəzi olan Nukusda nümayişlər keçirib. Ertəsi gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev muxtar respublikanın paytaxtı Nukus şəhərinə gələrək regionun suverenliyi ilə bağlı konstitusiyaya dəyişiklik etməməyi təklif edib. Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edilib.

Özbəkistan Konstitusiyasının hazırkı redaksiyasının 70-ci maddəsində deyilir:
“Suveren Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasının bir hissəsidir. Qaraqalpaqıstan Respublikasının suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”.
İyunun 26-da ictimai müzakirəyə çıxarılan yeni layihədə bu maddəyə aşağıdakı dəyişikliklər nəzərdə tutulur: “Qaraqalpaqstan Respublikası Özbəkistan Respublikasının tərkibindədir. Qaraqalpaqıstan Respublikasının ərazisində Özbəkistan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara təminat verilir”.
Qüvvədə olan Konstitusiyanın 74-cü maddəsində deyilir: “Qaraqalpaqıstan Respublikası Qaraqalpaqıstan xalqının ümumi referendumu əsasında Özbəkistan Respublikasının tərkibindən ayrılmaq hüququna malikdir”.
Yeni layihədə bu maddənin aşağıdakı kimi müəyyən edilməsi təklif edilir: “Qaraqalpaqıstan Respublikası öz ərazisində Özbəkistan Respublikasının Konstitusiyasına və qanunlarına, Qaraqalpaqıstan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq qanunvericilik, icra və məhkəmə hakimiyyətini həyata keçirir. Qaraqalpaqıstan Respublikası Joqorku Keneşinin Sədri Qaraqalpaqıstan Respublikasının ali vəzifəli şəxsidir”.

Partlayan minanın təməli Sovet dövründə qoyulub. Belə ki, xalqlar arasında nifaq toxumu səpmə və sonra həmin etnik qruplar arasında anlaşma üçün özünü hakim elan etmə ritorikası yürüdən və bu ritorikaya ən çox elə Mərkəzi Asiyada sadiq olan Sovetlər 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olan Qaraqalpaq bölgəsini 1936-cı il dekabrın 5-də Özbəkistan SSR-ə vermişdir. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrildi. 1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistana daxil olması haqqında 20 il müddətinə dövlətlərarası müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistandan çıxmaq hüququnu təsbit edir.

Minanın məhz indi partladılması da təsadüfi vaxtda deyil və son dövrlərin mühüm hadisələri barmağın hansı istiqamətdə uzanmasına yol göstərir.

Özbəkistan keçmiş SSRİ ölkələri üzərində Rusiya hegemonluğunda maraqlı olmadığını hər zaman biruzə verib. Qərb ölkələri timsalında Daşkənd daha perspektivli iqtisadi əməkdaşlıq görür. Onlarla dost əlaqələrin qurulmasında isə Özbəkistan Moskvanın regionda dominant mövqeyinin təsirinə düşməmək üçün təminat görür. Bunun nəticəsidir ki, 16 may 2022-ci ildə Rusiya Özbəkistana KTMT-yə üzvlük dəvəti etdi. Dəvət Moskvanın xeyrinə müsbət nəticələnmək yerinə, Özbəkistanın türk dövlətləri ilə əməkdaşlığının daha da güclənməsinə səbəb oldu. Qeyd edim ki, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. 1997-ci ildə Özbəkistan müqaviləni növbəti 5 il üçün uzatmaqdan imtina etdi. 2006-cı ildə yenidən təşkilata qayıtsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Bundan əlavə, Ankaranın Daşkəndlə bütün sahələrdə əlaqələri dərinləşdirməsi, hərbi əməkdaşlığın da saziş içərisində yer alması Türkiyənin İsveç və Finlandiya ilə bağlı qərarının uzantılarının Mərkəzi Asiyada da hiss olunması ilə bağlı ehtimallar yaratdı. Özbəkistanda qığılcımın atılması Rusiyanın başlıca hədəf olduğuna inamı artırdı. Nəzərə alaq ki, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhalisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Üstəlik Rusiya mətbuatında Qaraqalpaqıstanla bağlı “Özbəkistanın Krımı” ifadəsi işlədilməsi yaxın perspektiv üçün Kremlin planlarını gözlər önünə sərir.

Qığılcımın məhz indiki anda tətiklənməsi həm də Qarabağdakı proseslərlə bağlıdır. Əvvəla, işğal edilmiş ərazilərin hərbi güc ilə geri qaytarılması, status, muxtariyyət kimi iddiaların “gorbagor” olması separatizmin eyni qütbdən atəşləndiyi ölkələr üçün də presedent təşkil edir. Üstəlik qələbədə türk birliyinin payının yüksək olması türk dövlətlərində birləşmə istəyinin alovlanmasına səbəb olur. Məsələni Qarabağa bağlayan bir səbəb də perspektiv Zəngəzur dəhlizi hesabına məqsədli şəkildə Turanın qarşısının alınması məqsədilə yaradılan süni maneələrin aradan qalxma imkanlarının artmasıdır.

Özbəkistanın uzun illərdən bəri tutduğu geosiyasi mövqe onun heç də asan ram ediləcək ölkə olmadığı təsəvvürünü yaradır. Rusiyanın isə hazırkı iqtisadi və hərbi gücü, Türkiyənin regionda artan gücü Turan idealının heç də uzaqda olmadığının göstərgəsidir.

Züriyə Qarayeva
Aznews.az saytının siyasi şərhçisi