Liviyada Fəthi Başağanın paytaxt Tripoliyə girməsi ilə başlayan qarşıdurmalar ölkədəki gərginliyi daha da artırıb Liviyada Fəthi Başağanın paytaxt Tripoliyə girməsi ilə başlayan qarşıdurmalar ölkədəki gərginliyi daha da artırıb

Liviyada vəziyyət yenidən ağırlaşır

Liviyada Fəthi Başağanın paytaxt Tripoliyə girməsi ilə başlayan qarşıdurmalar ölkədəki gərginliyi daha da artırıb

Tobrukda Nümayəndələr Məclisi tərəfindən baş nazir seçilən Fəthi Başağanın paytaxta gəlişi silahlı qruplar arasında qızğın toqquşmalara səbəb olub. Buna səbəb Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında müəyyən edilən yol xəritəsində keçid prosesinin idarə olunması mandatının 18 ay olaraq nəzərdə tutulması və hazırda bu müddətin bitmiş olmasıdır. Tobruk Nümayəndələr Məclisi, prezident və parlament seçkilərinin BMT-nin rəhbərlik etdiyi yol xəritəsinə uyğun olaraq 24 dekabr 2021-ci ildə keçirilməməsi səbəbiylə Milli Birlik Hökumətinin mandatının başa çatdığını bildirib. Nəticədə, burada təxminən 5 aydır ki, iki ayrı hökumət var. BMT tərəfindən tanınan Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe Nümayəndələr Məclisinın bu addımını “Cenevrə razılaşmasında müəyyən edilmiş yol xəritəsinin əksinə” olduğunu bildirərək, bu vəzifəni yalnız seçilmiş hökumətə təhvil verəcəyini bəyan edib. Bu proseslərdən sonra hər fürsətdə paytaxt Tripoliyə gəlib səlahiyyətləri alacağını deyən Başağanın təxminən 2,5 ay sonra bunun üçün hərəkətə keçməsi ölkədə gərginliyi daha da artırıb. Xatırladım ki, 2015-ci ildə BMT-nin rəhbərliyi ilə keçirilən danışıqlarda Milli Barışıq Hökuməti yaradılsa da, Həftər və Aqil Saleh hökuməti tanımayıb və Tobrukda yerləşən paralel hökumət qurublar. Xəlifə Həftər 2019-cu ilin aprelində paytaxt Tripolini ələ keçirmək üçün hücuma keçsə də, 2020-ci ildə hücum dəf edilib. O vaxtdan bəri həm beynəlxalq aktorlar, həm də Liviyada yerli güclər ölkədəki böhranı həll etmək naminə seçkilərin keçirilməsi üçün müəyyən cəhdlər ediblər.
Beynəlxalq aktorlardan biri olan BMT tərəfləri bir araya gətirmək və danışıqlar masası qurmaq imkanına malikdir. Bu imkanlardan istifadə edərək, BMT-nin təşəbbüsü ilə 2020-ci ildə münaqişə bitdikdən sonra Milli Birlik Hökuməti yarandı. Keçmiş daxili işlər naziri Fəthi Başağa və Nümayəndələr Məclisinın sədri Aqil Saleh Prezident Şurası və hökumət başçıları vəzifələrinə namizəd siyahısında yer aldılar. Bu siyahı eyni vaxtda Ankara, Moskva və Qahirə tərəfindən dəstəklənirdi. Amma gözlənilmədən o vaxt geniş ictimaiyyətə məlum olmayan biznesmen Abdulhəmid Dibeybeyə və Prezident Şurasına rəhbərlik edən diplomat Məhəmməd Mənfiyə məğlub oldu. Onların vəzifəsi ölkədə 2021-ci ilin dekabrına təyin olunmuş ümumi seçkilərin hazırlanması, eləcə də bütün dövlət orqanlarının birləşdirilməsi idi. Seçkilərdən sonra onlar öz səlahiyyətlərini yeni prezidentə və baş nazirə verməli idilər.
Seçkilər niyə keçirilmədi?
Qəddafi rejiminin 40 ildən sonra qanlı devrilməsi Liviyada yeni bir prosesə yol açdı. Ölkə 10 ildən artıqdır ki, bütün partiyaların razılaşdığı seçki sistemi və şəffaf seçkilərdən sonra formalaşacaq hökuməti gözləyir. Lakin ölkədə fəal olan partiyalar seçkilərin keçirilməsi ilə bağlı razılığa gələ bilmirlər. Nəhayət, BMT-nin rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında ölkədə prezident və parlament seçkilərinin 24 dekabr 2021-ci ildə keçirilməsi qərara alınıb.
Cenevrə görüşlərindən sonra Nümayəndələr Məclisi və Dövlət Ali Şurasından ibarət olan tərəflər prezident və parlament seçkilərinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi üçün işə başlayıb, lakin qüvvəyə minəcək qanunla bağlı konsensus əldə olunmayıb. Nümayəndələr Məclisinın sədri və ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin lideri Həftərın siyasi müttəfiqi Akile Salih sentyabrın 8-də birtərəfli qaydada prezident seçkiləri ilə bağlı qanun qəbul etdiyini açıqlayıb. Salehin Məclisdə səsə qoyulmadan və Dövlət Ali Şurasına müraciət etmədən qəbul etdiyi bu qanun Şura tərəfindən rədd edilib. Nümayəndələr Məclisi oktyabrın 4-də daha bir təktərəfli qanunla prezident seçkilərindən bir ay sonra parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Beynəlxalq aktorların mövqeyi
Rusiya və Ukrayna arasındakı müharibə neft və qazla zəngin olan Liviyanı beynəlxalq aktorlar üçün daha vacib edib. İş o yerə çatıb ki, ötən həftələrdə neft yataqlarının və limanların bağlanmasına reaksiyalar qısa zamanda öz nəticəsini verdi və neft ixracı bərpa olundu. BMT-nin Liviya üzrə son xüsusi nümayəndəsi Stefani Uilyams seçkilərin tez bir zamanda keçirilməsi səylərini dəstəklədiyi açıqlamaları ilə gündəmə gəlib. BMT nümayəndələri həm Başağa, həm də Dıbeybə hökuməti ilə görüşüb. Uilyams seçkilərin konstitusiya əsasını təşkil edəcək araşdırmalar aparan NM və DAŞ heyətləri arasında keçirilən görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Digər tərəfdən, ABŞ Qahirədə seçkilər üçün konstitusiya sisteminin yaradılması ilə bağlı Nümayəndələr Məclisi ilə Dövlət Ali Şurası arasında Liviya Birgə Komitəsinin iclaslarını açıq şəkildə dəstəkləyir. Digər beynəlxalq aktorlar ölkədəki nümayəndələri vasitəsilə tərəfləri təmkinli olmağa çağırsa da, Dıbeybe ilə Başağa arasında tərəf tutmaqdan çəkinirlər.
Rusiyaya gəlincə, Liviya inqilabı Rusiyanın müdaxilə edə bilmədiyi siyasi proseslərdən biri idi. Beynəlxalq güclər Qəddafiyə qarşı çıxanda Medvedyev ona qarşı qəbul olunan qərarlara qarşı çıxmadı. Devid Kameron və Nikola Sarkazinin dəstəklədiyi hökumət quruldu. Bundan sonra Kreml anladı ki, Liviya məsələsində Moskvanın bitərəf mövqeyi onun yalnış qərarı idi. Lakin Rusiyanın indiki vəziyyətində Kreml prosesə təsir imkanlarından demək olar ki, məhrumdur.
Avropa İttifaqında olan Fransa, İtaliya və Yunanıstan kimi ölkələrin də burada maraqları kəsişir. Türkiyənin qərarlı mövqeyi, müdafiə sənayesi sahəsində uğurlarının döyüş meydanında tətbiqi isə bölgədə təhlükəsizliyin və qanuni hökumətin qorunmasına zəmin yaradır. Ona görə də Qəddafidən sonrakı mərhələdə general Həftərın hakimiyyətə gəlməsi ilə bağlı bir sıra güclər koalisiya formalaşdırsa da, istəklərinə nail ola bilmədilər.
Liviyanı nə gözləyir?
Qəddafinin devrilməsindən sonra Liviya siyasi qeyri-sabitlik yaşayır. Ərəb baharı başlananadək Liviya həyat şəraitinə görə Afrikada 4-cü idi. Bu ölkə neft ehtiyatlarına görə dünyada 10-cu, istehsalına görə 17-ci idi. Orta aylıq əmək haqqı min dollar idi. Təsdiqlənmiş neft ehtiyatları 36 milyard bareldən çoxdu. Qaz ehtiyatları isə 1.1-1.3 trilyon kub metr təşkil edir. İnqilaba qədər bu ölkə enerji məhsullarının ixracından 64.5 milyard dollar gəlir əldə edirdi. İdxal edilən məhsullar isə əsasən sənaye, ərzaq, nəqaliyyat vasitələri və istehlak vasitələri olub. İstənilən halda əhalinin aylıq gəliri yüksək həyat şəraitində yaşamağa imkan verirdi. Enerji yataqlarından başqa, böyük həcmdə şirin su mənbələrinin də kəşf olunması Liviyanı daha güclü dövlət halına gətirəcəkdi. Qəddafi səhraların altında yerləşən və dəniz səviyyəsindən yüksəkdə olan şirin su ehtiyatlarını nəhəng borularla Liviyanın mərkəzinə və şərqinə daşıdı. Süni yaradılmış çaylarla Liviya təbiətini yaşıllaşdıracaq, kənd təsərrüfatı sahələri genişləndiriləcəkdi. Lakin Liviya güclü dövlət ola bilmədi. Əksinə qərb dövlətlərinin müdaxiləsi ilə törədilmiş inqilab Liviya dövlətinə, əhalisinə və iqtisadiyyatına ağır zərbə vurdu. Həyat şəraitinin ağır olmasından dolayı liviyalılar avropaya üz tutdu. Amma bu vəziyyət böyük gücləri heç də narahat etmir. Onlar üçün ən önəmli şey Liviyanın zəngin neft və qaz yataqlarına nail olmaqdır. Bunun üçün ilk növbədə ölkəni böhrandan çıxarmaq lazımdır. Çünki, xaotik vəziyyət hökm sürdükcə istənilən qüvvənin hakimiyyətə gəlməsi təşkilatçılara yaxşı heçnə vəd etmir. Ona görə də, Liviyada həm yerli, həm də beynəlxalq aktorlar razılaşırlar ki, seçkilər hazırkı böhrandan çıxış yoludur. Ancaq seçkilər üçün konstitusiya bazası hazır deyil.
Liviyada baş verənlər göstərdi ki, inqilablar heç də həmişə böhranlı vəziyyətlərdə yaranmır. Güclü iqtisadiyyatı olan ölkələrdə də inqilablar hazırlanır. İndi çətin ki, Liviya əvvəlki iqtisadiyyatına və sabitliyinə qayıtsın. İğtişaşlardan sonra tərəflərdən hansının üstünlük əldə edəcəyini söyləmək çətindir. Lakin dəqiq olan yalnız odur ki, Ərəb baharı bir çox ərəb dövlətləri kimi, Liviyaya da əlvan bahar təravətini deyil, solğun payız xəzanını gətirdi.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi