Vahid Qazidən Ənvər Çingizoğluna nekroloq Vahid Qazidən Ənvər Çingizoğluna nekroloq

Şuşanı soraqlayırdı...

Vahid Qazidən Ənvər Çingizoğluna nekroloq

Adətən kədərli yazılardan qaçaram. Onsuz da hərənin dərdi başından aşır, mən də bir yandan adamları qəmli ovqata kökləməyim deyə. Həm də yazmışdım, axı, “kişi bir sevgilərindən, bir də ağrılarından danışmaz”.

Qabırğa çatlamasının iki həftədir mənə yaşatdığı dözülməz ağrılardan da söz açmaram. Özümlə qalsın. Amma...

Sən demə Qurbanlıqla bağlı bu gün paylaşdığın statusa qıpqırmızı ürək qoyan bir dostun sabah ürək tutmasından qəfil ölüm xəbəri fiziki ağrılarını susduracaq, başqa bir ağrıya – ruhun ağrısına səbəb olacaqmış.

...Ənvər Chingizoglunu- soyadı Fərəcov idi- 1985-ci ildən, jurnalistika fakültəsinə daxil olduğumuz gündən tanıyıram. Elə ilk gündən üzündə gördüyüm bu şəkildəkinə bənzər təbəssümü yaddaşıma həkk olub. Həm də qayğıkeş, təəssübkeş halıyla.

Qarabağın, Şuşanın tarixini arxivlərdə soraqlayıb, çox dəyərli tədqiqatlar aparıb. Qarabağı kənd-kənd, məhəllə-məhəllə, nəsil-nəsil tanıyırdı.

Bir-iki ay ola-olmaya, bir gün Ənvərdən mesaj aldım: “Vahid, Tiflis arxivindən sənin nəsil səcərəni tapmışam. Göndərirəm”.

“Qazıyevlər” adlı yazı göndərdi. Yazı bu sözlərlə başlayır: “Bu soyun ulu babası Kazımdır. Kazım 1780-ci ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Mеrdinli obasındandır. Şuşanın Merdinli məhəlləsində məskunlaşmışdı. Sərraclıqla məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Kazım Tükəzbanla ailə qurmuşdu. Məmmədhüseyn, Məmmədhəsən, Əbdülhəsən adlı oğlanları vardı”.

Tanıyıb bilmədiyim yeddi arxa o üzdəki babalarımdan xəbər verən Ənvərin bir anda nə qədər doğma bir kəsə çevrildiyini özünüz təsəvvür edin. Bəzi məsləhətləşmədən sonra onun göndərdiyi arxiv materiallarına əsaslanıb bir yazı yazmağı planlamışdım. “Qazi ola bilməyən qazılar” yazısının ikinci hissəsi olacaq bir yazı. Bugün-sabah danışasıydıq.

Kədərli statuslar paylaşmıram. Bu çöhrədə adam haqda kədərli nəsə yazmağa adamın əli də gəlməz. Bircə onu deyim ki, sarsıtdın bizi, Ənvər!

Ruhun şad olsun!

Vahid Qazi