- Yazarlar
- 24 Oktyabr 2022 11:49
- 7 804
Zəngəzur dəhlizi reallaşacaq
Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz torpaqlarına giriş edir
Bu gün İran və onunla çiyin-çiyinə olan dövlətlərin maraqlarının nə olmasından aslı olmayaraq Zəngəzur dəhlizi tələbata çevrilib.
Əvvəla, dəhlizin açılması 10 Noyabr Üçtərəfli Bəyanatının tələbidir. Bəyanatın 9-cu maddəsinə görə, Ermənistan Azərbaycandan Naxçıvana avtomobil və dəmir yolu keçidi – dəhliz verməlidir. Müvafiq maddəni təhrif edən fars-erməni “birliyi” riyakar niyyətini Zəngəzur dəhlizinin açılması nəticəsində ölkələrin ərazi bütövlüyü prinsipinin pozulacağı iddiası ilə açıq aşkar büruzə verir. Halbuki, dəhlizlə suverenlik arasında heç bir əlaqə yoxdu. Çünki, dəhliz Ermənistan liderinin də imzaladığı beynəlxalq sənəd əsasında fəaliyyət göstərəcək və hər hansı ölkənin ərazi bütövlüyünə heç bir təhdid daşımır. Suverenliyə təhdiddən danışırıqsa o zaman ilk növbədə Laçın dəhlizini müzakirəyə açmalıyıq. Laçın dəhlizindən fərqli olaraq, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz torpaqlarına giriş edir.
Dəhlizin əhəmiyyətini artıran bir neçə faktorlar var. Bu faktorların başında ilk növbədə nəqliyyat-tranzit imkanlarına görə, dünyanın nüfuzlu ölkələri arasında yer alan Azərbaycanın geostrateji rolu amili dayanır. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verdikləri üçün ölkəmizin təklif və təşəbbüsü olan layihələr də qəbulediləndir.
İkincisi, hazırda dünya ölkələri daşınmaların daha ucuz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Zəngəzur dəhlizinin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları bu tələbatı ödəməyə yetərlidir. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur ki, beynəlxalq düzənin indiki vəziyyətində etibarlılıq və təhlükəsizlik ən çox ehtiyac duyulan amildir.
Üçüncü tərəfdən, Çin amili məsələnin əhəmiyyətini vurğulamağa yetərlidir. Məlum məsələdir ki, Çinin dünyaya açılma siyasəti beynəlxalq aləmin diqqət mərkəzindədir. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki, Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Avropa ilə isə ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollara yaxındır. Odur ki, Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb” nəqliyyat dəhlizinə böyük əhəmiyyət verilir. Bu səbəbdən də, yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir. Çinlə Türkiyə arasında da yükdaşımaların müddətinin bir aydan 12 günə enməsində Azərbaycanın vaxtında icra etdiyi qiqant infrastruktur layihələrinin mühüm rolu olduğunu nəzərə alsaq, ticarət nəhəngi olan Çinin yeni layihədəki istək və maraqlarını anlamaq mümkün olur.
Üstəlik unutmaq olmaz ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Rusiyadan yan keçməklə mövcud tədarük yollarına alternativlər axtarışındadır. Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Qars yolları bu öhdəliyi müəyyən qədər daşısa da, Gürcüstanla bağlı mövcud ərazi problemi təhlükəsizlik baxımından yeni yolun açılışını labüdləşdirir.
Beləcə, Azərbaycanın nəinki regional, artıq qlobal xarakter daşıyan uğurları, təşəbbüskarı olduğu layihələr dosta güvən, düşmənə acı verir. Narahatlığın göstəricisi olan, Zəngəzur dəhlizinə alternativ irəli sürülmüş İran-Ermənistan-Hindistan yolu absurd olduğu qədər, Azərbaycan və Türkiyənin irəli sürdüyü layihə bir o qədər real və dividientlidir. Nəinki, təşəbbüskarlara, hətta siyasi maraqlarını ölkələrinin sosial rifahından, iqtisadi inkişafından daha üstün tutaraq həyəcan yaşayan ölkələrə də..
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi