- Yazarlar
- 10 Yanvar 2023 17:00
- 10 748
Fransada söz azadlığı: Sarı jiletlilərə müqavimət nümunəsində
2007-2008-ci illərdə ABŞ iqtisadi böhranından sonra ortaya çıxan qlobal etiraz dalğasının davamı olan (öncəsi Ərəb Baharı və s.) “Sarı jiletlilər” hərəkatı 2018-ci il noyabrın 17-də 280 mindən çox insanın Emmanuel Makronun neoliberal siyasətinə etiraz etmək üçün küçələrə çıxması ilə başlayıb. Bu hərəkat 1968-ci ilin mayından bəri Fransa tarixində ən mühüm sosial hadisə hesab olunur. “Sarı jiletlər”in meydana çıxması ən azı üç amillə əlaqələndirilir. Əlverişli sosial-iqtisadi və siyasi mühit, liderlik dinamikası və təşkilati güc, böyük sosial bazanın mövcudluğu. "Sarı jiletlilər"in hərəkat yaratmaq səyləri də Makronun fəhlə sinfi sektorunu daha da incitməsindən qaynaqlanıb. Hökumətin Kovid-19 epidemiyası ilə mübarizə siyasəti çərçivəsində qüvvəyə minən məcburi sağlamlıq və peyvənd lisenziyasının əleyhdarları da Parisdə keçirilən nümayişlərdə ictimai hərəkatın simvoluna çevrilən sarı jiletlilərlə birlikdə yürüş ediblər. Etirazçılar hökumətdən ciddi güzəştlər ala biliblər. Ancaq ən maraqlısı o idi ki, etirazlar 2020-ci ildə, bütün dünya pandemiya ilə mübarizə aparmağa başlayan zaman dayandı. Əlbəttə, lokdaunların bunda rolu oldu. Lakin Fransa hökumətinin təkcə pandemiyaya görə deyil, həm də etirazçıların fəaliyyətini məhdudlaşdırmaq üçün xüsusilə sərt məhdudiyyətlər tətbiq etdiyi deyilirdi.
Bugünlərdə yenə “sarı jiletlilər” Paris, Strasburq və Anje şəhərlərində hökumətin bugün-10 yanvarda məzmununu açıqlayacağı pensiya islahatına, yüksələn enerji qiymətlərinə və inflyasiyaya qarşı nümayiş keçirib. İqtisadi tələblər və yanacağın ucuzlaşması ilə başlayan etirazlar artıq tədricən hökumət əleyhinə çevrilib. Sosial ədalət və daha çox demokratiya istəyən sarı jiletlilərin dəyişməz tələbləri arasında vətəndaşların təşəbbüsü ilə keçiriləcək referendumun həyata keçirilməsi və alıcılıq qabiliyyətinin yaxşılaşdırılması da var. Fransada nümayişlərdə iştirak azadlığı məhdudlaşdırılmağa çalışılır. Bütövlükdə hərəkatın keçirildiyi müddətdə nümayişlərdə Fransa tarixində iz qoyacaq böyük şiddət hadisələri yaşanmış, dünya mətbuatında polislə fəallar arasında şiddətli qarşıdurmalar baş verib. Ölkədə sarı jiletlilərin etirazları çərçivəsində polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, bir çox insan isə əl və göz kimi mühüm üzvlərini itirib. Nümayişlərdə 11 nəfər həlak olub. Sarı jiletlilər hərəkatı təkcə Fransa ilə məhdudlaşmayıb, Belçika, Hollandiya, İsveç kimi ölkələrə də yayılıb və bu çərçivədə zaman-zaman nümayişlər keçirilib.
Bu hadisələr Fransada insan hüquq və azadlıqlarının pozulduğu ilk nümunə deyil. Ötən ilin may ayında internet azadlığını məhdudlaşdıran yeni qanun qəbul edildi. Son dövrlərdə Fransa KİV-ləri erməni diasporunun və oxucuların güclü təzyiqinə məruz qalıb. Ona görə də fransızların əksəriyyəti bu təzyiqdən qorxub, həqiqətləri duymaq istəmədilər. Söz azadlığını məhdudlaşdıran qanunların qəbul olunması da bunu sübut edir.
Bu və qeyd olunmayan saysız qanun pozuntuları, fransız hərbi legionerlərinin Afrikada və dünyanın digər qitələrində törətdikləri qətliamları unudan Fransa sözdə insan hüquq və azadlıqlarından dəm vurduğu bəs deyil, müstəqil dövlətlərə "demokratiya dərsi" verməkdən də çəkinmir. Görünür ki, bugün Türkiyə və Azərbaycanın regionda qazandığı uğurları, bölgənin əsas oyunçusuna çevrilməsini həzm edə bilməyən Fransa hakimiyyəti öz əriştəsinə umac ovmağı bacarmadığı kimi, başqalarının “mətbəxinə” burun soxmaqla tarixlərini və bugünlərini pərdələməyə çalışır. Lakin tarix bu cür çirkinlikləri gec ya da tez arındırır, saxtakarların əsl simasını üzə çıxarır. Bugün məhz o gündür...
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi