• Yazarlar
  • 19 Yanvar 2023 15:59
  •  10 111

Davos Forumu üçün Azərbaycanın əhəmiyyəti

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun sayca 53-cü iclası keçirilib. İsveçrəli Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılan Dünya İqtisadi Forumu 1974-cü ildən sonra demək olar ki, hər il baş tutur. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 2 ildir dünya ölkələrinin pandemiya ilə mübarizəsini nəzərə alsaq, 2021-ci ildə Forumun iclası onlayn şəkildə, ötən il isə bir neçə ay gecikmə ilə baş tutub. Bu səbəbdən Foruma bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, Forum dünyanın 130 ölkəsindən rekord sayda 2700-dən çox tanınmış şəxs, 52 dövlət və hökumət başçısı, o cümlədən 700-dən artıq təşkilat rəhbəri, dünyanın 600-dan artıq ən nüfuzlu şirkətinin direktorlarını əhatə edir.
Ənənəvi iclasın bu ilki devizi isə parçalanmış dünyada əməkdaşlıqdır. 2023-cü ildə Davos İqtisadi Forumunun məhz bu ad altında fəaliyyətə başlaması təsadüfi deyil. Bu, onun göstəricisidir ki, dünya liderləri dünyanın artıq parçalanmış olduğunu anlayır. İndi əsas məqsəd dünyanı yenidən bir araya gətirməkdir. Proqnozlara görə, 2023-cü il ötən ildən daha da böhranlı keçəcək. Bu böhranların aradan qaldırılması çox da sadə olmayacaq. Rekord sayda iştirakçının Foruma qatılmasının məqsədi də bu böhrandan çıxış yolu tapmaqdır. Pandemiyanın başa çatması 2 ildir ki, koronavirusun mərkəzi sayılan Çini də Forumun iştirakçıları siyahısına qaytarıb. Ancaq bu dəfə həyəcan təbili çalınan məsələ fərqlidir. İqlim dəyişikliyi, təbii sərvətlərin kortəbii istismarı, mümkün nüvə insidentləri və ya müharibələr, ifrat dərəcəyə çatan yoxsulluq, ən başlıcası, Rusiya-Ukrayna müharibəsi. Post-pandemiya dövründə dünya özünə gəlməmiş Rusiya Ukrayna müharibəsi istər enerji, istərsə də nəqliyyata dair gündəliyində yeni çağırışlar formalaşdırıb.
Forumu bizim üçün maraqlı edən ən vacib məqam isə Azərbaycan prezidenti İlham Əliyevin tədbirdə iştirakıdır. Ölkə başçısının qlobal forumda iştirakı Azərbaycana olan marağın əyani sübutudur. Bu, həm də o baxımdan önəmlidir ki, Forumda növbəti iştirak Azərbaycan həqiqətlərinin ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından önəm daşıyır. Azərbaycan da bu forumdan ən səmərəli iştirak edən ölkələrdən biridir. Davos Azərbaycanın gücünü, nüfuzunu, mövcud potensialını dünyaya göstərmək baxımından unikal platformadır.
Prezident İlham Əliyev forum çərçivəsində dünyanın aparıcı şirkətlərinin investorları, icraçı direktorları, bir sıra dövlət başçıları ilə görüşlər keçirib. Keçirilən görüşlərdə Azərbaycanda investisiya imkanları, Azərbaycanla əməkdaşlıq, ölkəmizin nəqliyyat və enerji dəhlizlərindəki rolu baxımından imkanları müzakirə olunub. Nəzərə alsaq ki, Davosun gündəliyində enerji və nəqliyyat məsələləri bu il aparıcı yerdədi, o zaman Azərbaycanın bu baxımdan Forum üçün olduqca əhəmiyyətli rol oynadığını söyləyə bilərik. Təsadüfi deyil ki, görüşlərdə həm Azərbaycanın mövcud potensialı, həm bərpaolunan enerji, həm qeyri-neft sektoru, eləcə də regionun enerji təhlüksizliyinə verdiyi töhvə xüsusilə qeyd edilir. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin istər karbohidrogen ehtiyatları ilə Avropa bazarındakı rolu, istərsə də bugün nəqliyyat dəhlizlərində Çin və Avropa İttifaqı arasında artan ticarət dövriyyəsi fonunda orta dəhlizin də əhəmiyyəti artır ki, Azərbaycan bu istiqamətdə də əhəmiyyətli halqanı təşkil edir. Forumda prioritet istiqamətlərdən biri də alternativ enerji mənbələrinin artırılması məsələsi idi ki, bu baxımdan da ölkəmizin Forumun gündəliyinə qatdığı töhvəni xüsusi qeyd edə bilərik. Belə ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə vacib addımlar atılır. Prezidentin işğaldan azad olan bölgələri yaşıl enerji zonası elan etməsi alternativ istiqamətin ölkə siyasətində hansı rola malik olduğunu söyləmək üçün yetərli arqumentdir.
Davos özü də Azərbaycanın önəmini çox yaxşı anlayır və qiymətləndirir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumu ilk regional tədbiri Bakıda keçirilib. Forumun 4-cü sənaye inqilabı üzrə mərkəzi Bakıda fəaliyyətə başlayıb. Bunlar göstərir ki, tərəflər arasında etimad quruculuğu və etibarlı tərəfdaşlıq kontekstində strateji əməkdaşlıq mövcuddur.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi