Lavrovun avazı yaxşı idi, bəs oxuduğu?

Rusiya XİN Sergey Lavroy Bakıya səfər etdi.
Səfər çərçivəsində Prezident İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşdü. Bu səfər daha çox Bakı-Moskva əlaqələri kontekstində məhsuldar sayıla bilər. Səfər öncəsi proseslər: Münhendə ABŞ-ın vasitəçiliyi ilə görüşün baş tutması, Vardanyanın istefaya göndərilməsi görüşün aktuallığını artırır. Ancaq Ermənistan-Azərbaycan əlaqələrinə təsirdən söhbət gedərsə, konkret olaraq nəzərəçarpacaq irəliləyişin əlamətləri hiss olunmadı. Fəqət həm bu mövzu, həm sülhməramlılar, həm də bölgədə və regionda gedən proseslər müzakirə predmeti idi. Mövzular içərisində İrana da toxunulmamış deyil. Çünki, Bakı ilə Tehran arasındakı gərginlik Şimal-Cənub bəqliyyat dəhlizinin işləklik imkanlarını məhdudlaşdırır ki, bu da kommunikasiya baxımdan kasadlıq dövrü yaşayan Rusiya üçün arzuolunan deyil.

Qayıdaq Qarabağla bağlı diskussiyalara. Lavrovun əsas diqqətçəkən bəyanatlarından biri “Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmasında maraqlıyıq, lakin buna israr etməyəcəyik” fikri oldu. Bu fikirlə diplomat bildirməyə çalışır ki, müvafiq istiqamətdə Rusiya pauza dövrünə başlayır və prosesin yükünü Avropanın çiyinlərinə qoyur. Rusiya artıq çox yaxşı anlayır ki, Qərbin müdaxiləsi qaçınılmazdır və burada Moskva Brüsselə alternativ olaraq görünmək istəmir. Məğlubiyyəti qəbul edir və “onun üçün əhəmiyyət daşımadığı” görüntüsünü yaratmağa çalışır. Demək ki, Aİ-nin ciddi vasitəçilik perspektivləri artıq qapıdadır. Elə ən son Blinkenin moderatorluğu da bu ehtimalı yaratmışdır. Digər tərəfdən isə geri çəkilmiş kimi görünməklə, Moskva təslimçi sülh imzalanan zaman Paşinyana qarşı cəbhədə dəstəkçi olduğunu göstərməyə çalışır. Bu da yaxın gələcəkdə İrəvan meydanlarında sakitliyin olmayacağını proqnoz edir.

İkinci önəmli bəyanat Laçın yolunda nəzarət postunun quraşdırılmasına olan münasibət idi. Lavrov dedi ki, bu yolun sırf humanitar məqsədli istifadəsinə razıdı. Avazı çox yaxşıdı, ancaq oxuduğunun Quranla əlaqəsi yox idi. Humanitar məqsədli istifadə tələbini ortaya qoyan, lakin icrası üçün heç bir addımın şahidi olmayan da Bakıdır.

Bəyanatın müddəalarının icrasına qaldıqda, dəhlizdən təyinatı üzrə istifadə olunmaması o müddəalara ən böyük xəyanətdir ki, göz yuman və sui-istifadə edən tərəflərdən biri Rusiyadır. Böyük ehtimal ki, qapalı görüşdə prezident İlham Əliyev bu mövzuda da qətiyyətini nümayiş etdirib. Bunun nəticəsi idi ki, baş diplomat sonda vurğulayıb ki, bu istiqamətdə texniki vasitələrdən istifadə mümkündür. Bu baxımdan Lavrovun İlham Əliyevin şərtini qəbul etməsini söyləyə bilərik. Texniki vasitə dedikdə, Laçın yoluna “X-ray” skaner cihazlarının quraşdırılması nəzərdə tutulur. Lakin burada ortaya çıxan əsas sual ondan ibarətdir ki, bu cihaza nəzarəti kimlər həyata keçirəcək? Əgər nəzarət səlahiyyəti yalnız Rusiyada olacaqsa, əvvəlki vəziyyətdən heç bir fərq yaranmayacaq. Texniki cihaza azərbaycanlı nümayəndə də nəzarəti həyata keçirməlidir və ya monitora çıxış imkanımız olmalıdır.

Unutmaq olmaz ki, indiki vəziyyət əvvəlkindən xeyli fərqlidir. Biz artıq Laçın yolundakı etirazlar vasitəsilə dəhlizə rəsmi olmasa da, nəzarəti formalaşdıra bilmişik. Buna həm də, Bakının bütün platformalarda Laçın yolu məsələsini qabartması, qarşı tərəfin yoldan separatçılıq məqsədli istifadəsini bəyan etməklə də nail olmuşuq. Hətta ən son bu məsələ ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə tərəflər arasında keçirilən görüşdə diqqətə çatdırıldı. Üstəlik, etirazların dayandırılması tələbinə qarşılıq da ölkəmiz yoldan təyinatı üzrə istifadə amilini irəli sürüb.

Qısacası, Lavrov Azərbaycanla Rusiya arasında əlaqələrin öz maraqları istiqamətində uzlaşdırılmasına çalışdı. Ermənistanla münasibətlər mövzusunda tarazlığı Moskvanın xeyrinə dəyişmək marağını güddü. Bizim üçün isə önəmli olan real nəticələrdir. Ya üçtərəfli bəyanatın şərtləri yerinə yetiriləcək, ya da bu şərtləri yerinə yetirmənin yollarını Bakı bir daha gözdən keçirəcək.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi