- Yazarlar
- 10 Mart 2023 18:28
- 10 940
Gürcüstanda xaos kimlərin maraqlarına xidmət edir?
Gürcüstanda KİV və qeyri-hökumət təşkilatlarının (QHT) “xarici təsir agentləri” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin ilk oxunuşda qəbulundan sonra Tiflisdə qarşıdurmalar başlandı. Əlbəttə ki, bu hal gözlənilən idi. Elə sözügedən qanunun layihə şəklində təqdimatı zamanı millətvəkillərinin verdiyi reaksiya bu gözləntini doğurdu. Üstəlik kütləvi etirazlar üçün baza da formalaşmışdı. Çünki, hakimiyyət daha çox Kreml yönümlü siyasətə üstünlük verir. Cəmiyyət isə bunun əleyhinədir. Gürcüstanın hazırkı iqtidar partiyası olan “Gürcü arzusu”nun 11 il öncə, 2012-ci ildə seçkilərə qatılarkən əsas vədi Rusiya ilə münasibətlərin bərpa edilməsi ilə bağlı idi. Hətta hakim partiya nümayəndələri özündən öncə hakimiyyətdə olmuş Mixail Saakaşvilinin başçılıq etdiyi “Milli Hərəkat”ı Rusiyanın ölkələrinə qarşı müharibə başlatmasında günahkar adlandırırdı. Gərgin münasibətlərə eks-hakimiyyətin qeyri-praqmatik siyasəti və aqressiv ritorikasının səbəb olduğu vurğulanırdı. Beləcə, “Gürcü arzusu” Rusiya ilə münasibətlərdə yeni səhifə açmağa çalışdı. Lakin yenilənmiş ritorika Moskva ilə sadəcə ticari-iqtisadi əlaqələrdə dinamika yarada bildi. 11 il ərzində iki ölkə arasında diplomatik münasibətlər belə bərpa olunmadı. Abxaziya və Cənubi Osetiyada Gürcüstan vətəndaşlarının hüquqları pozulmağa davam edildi.
Bütün bunlar “bardağı” tam doldurmuşdu. Məlum qanun layihəsinin qəbulu isə bardağın daşması üçün son damla oldu. Əlbəttə ki, etirazların aparıcı qüvvəsi yalnız cəmiyyət deyil. Aksiya kənar qüvvələr tərəfindən də idarə olunur. Nəzərə almaq lazımdır ki, Rusiya və Qərb qarşıdurmasının ən kəskin səviyyədə getdiyi bölgələrdən biri də elə Gürcüstandır. Hər nə qədər də Gürcüstan qlobal güclər arasında gedən mübarizədə öz yerini birmənalı seçmiş kimi kənardan görünsə də, daxildə vəziyyət fərqlidi. Ancaq qeyd etmək lazımdır ki, Gürcüstanda stabilliyin pozulması yaxın regiona ciddi təsirlərinin olması ilə paralel bölgədə maraqları olan qüvvələr üçün də dezavantajdır. Elə ABŞ-ın Xəzər dənizi və Mərkəzi Asiyaya çıxışını Gürcüstan üzərindən daha səmərəli icra etdiyini nəzərə alsaq, bu etirazların ən çox Kremlin dəyirmanına su tökdüyünü anlamaq olar.
Qanun layihəsinin qiymətləndirilməsinə gəldikdə isə, əlbəttə ki, qəbul olunan qanun normal qanun deyil. Nəzərə almaq lazımdır ki, hər ölkənin özünəxas siyasi konfiqurasiyası var. ABŞ-da mövcud olan siyasi təcrübə, siyasi mədəniyyət və siyasi sosiallaşma səviyyələri digər ölkələrdə eyni olmadığı üçün orada tətbiq edilib yüksək nəticələr əldə olunan siyasi qərarlar və mexanizmlər də başqa ölkələrdə eyni nəticəni verməyə bilər. Lakin istənilən halda Gürcüstanda bu cür xaosun yaşanması region üçün yaxşı heçnə vəd etmir. Rusiyanın təsir imkanlarını nəinki Gürcüstanda artırır, hətta bölgədə təhlükəsizliyi sual altına qoyur. "Cənubi Qafqaz evi" layihəsinin gündəmə gəldiyi, Rusiya orbitindən uzaqlaşma tendensiyasının getdiyi vaxtda bu proseslər əks effekt yaradır. Bu kontekstdə dəyərləndirsək, baş verənlərin Qərbin deyil, Moskvanın maraqlarına xidmət etdiyini bird aha görə bilərik.
Məxsusi olaraq ölkəmiz üçün də eyni neqativ nəticələri öngörmək mümkündür. Rusiyanın bölgədə dayaqlarını tamamilə təmizlənməsi Qarabağ məsələsinin də ən qısa vaxtda həllinə rəvac verə bilər. Qonşu ölkədə siyasi qeyri-sabitlik, anti-demokratik sistemin yaranması bizim üçün müsbət gözləntilər vəd edə bilməz. Üstəlik Gürcüstan bizim əsas ticarər tərəfdaşımız, enerji təhlükəsizliyimizdə vacib aktorlardan biri, strateji müttəfiqimiz olan ölkədir. Bir də bu tərəfdən baxsaq, Gürcüstanda sabitliyin mövcud olmasının bizim üçün nə dərəcədə önəmli olduğunu anlamış olarıq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi