- Yazarlar
- 13 Mart 2023 18:20
- 10 539
Yaxın Şərqdə yeni ssenari
İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında illərdir davam edən gərginlikdən sonra diplomatik münasibətlərin bərpa edilməsi, səfirliklərin yenidən açılması barədə razılığa gəlib. Pekində “Ümumçin Xalq Nümayəndələri Konqresi”nin təntənəli iclası zamanı əldə olunan razılaşma Körfəz ərəb dövlətləri ABŞ-ın Yaxın Şərqdən yavaş-yavaş geri çəkildiyini düşündüyü bir vaxt çinlilər üçün böyük diplomatik qələbədir. Bu, həm də diplomatların Yəməndə illərlə davam edən - həm İranın, həm də Səudiyyə Ərəbistanının dərin kök saldığı münaqişəyə son qoymağa çalışdığı vaxta təsadüf edir.
Məsələnin maraqlı tərəfi həm də odur ki, Çin Yaxın Şərq siyasətində siyasi və təhlükəsizlik məsələlərinə heç vaxt zaman ayırmayıb. Ancaq budəfəki addım bu münasibətlərdə yeni eranın başlandığını göstərir. Ehtimal etmək olar ki, Çin bölgədə daha fəal olacaq. Nəzərə almaq lazımdır ki, indiki reallıqlarda Pekin Rusiya və İranın onun tərəfində olmasını istəyir. Bu, yalnız maraq uzlaşması ilə əlaqəli deyil, həm də maraqların tətbiqi üçün önəmlidir. Çin bu maraqlarda “parçala və hökmranlıq et” tezisindən yayınır. Parçalanmış İran və Rusiya Pekinin istəklərinə ziddir. Bu Pekinə bu iki ölkəyə təzyiq etmək, onlara qarşı təsir gücünü artırmaq, lazım gələndə onlardan Troya atı kimi istifadə etməyə imkan verəcək.
Digər tərəfdən, Çin ABŞ tərəfindən çevrələndiyini görür və buna görə də Rusiya və İrandan imtina etməyəcək. Rusiya və İran hazırda enerji ixracı baxımından Çin bazarından asılıdır, bu da Pekinə enerjini daha ucuz əldə etməyə, logistikanın ucuzlaşması ilə əmtəənin də daha ucuz istehsalı və ixracına nail olmaqla iqtisadiyyatın rentabelliyini qorumağa imkan verir.
İranla Səudiyyə anlaşmasına İranın proxy gücləri dəstək bəyanatı yaydı. Lakin İran və Səudiyyə arasında problemlərin qısa zamanda həll ediləcəyi inandırıcı deyil. İranın nüvə proqramının sürətli inkişafı, nüvə silahına yaxın olması İsrail qədər Səudiyyə Ərəbistanını da narahat edir.
Digər tərəfdən, İran rəsmi dövlət strategiyasında əl-Səud rejimini məğlub edərək Məkkə və Mədinəyə sahib olmaq istəyir. Tehran nə qədər utopist görünsə də, bu ideyasından imtina etməyib. Eyni zamanda İran nüvə silahı əldə edərsə, Səudiyyə buna əsla seyirci qalmayacaq. Mediada yayılan xəbərlərə əsasən, Səudiyyə Ərəbistanı İsraili tanımağa hazır olduğunu, lakin bunun qarşılığı olaraq ABŞ-dan dinc məqsədlər üçün nüvə proqramına dəstək və təhlükəsizlik təminatı tələb edir. Lakin bütün bunlara baxmayaraq, Çin ABŞ və Rusiyanın Ukraynada zəiflədilməsindən istifadə edərək Yaxın Şərqdə öz nüfuzunu artırmağa, sülh ixrac etməyə çalışır.
Bu, hələlik Çinin önəmli diplomatik uğurudur. Çinin bütün tərəflərlə dinamik əlaqəlrə qurması onu Yaxın Şərqdə ABŞ-dan daha üstün edə bilər. Lakin Səudiyyə Ərəbistanı hələ də ABŞ-dan asılıdır və birtərəfli şəkildə ABŞ-la münasibətləri korlamaq niyyətində olmayacaq. Bu baxımdan Ukrayna müharibəsi Ərəb bloku üçün də yeni üstünlüklər yaradır. Belə ki, neftin qiyməti, bunun ABŞ-da benzinin qiymətlərinə və logistikaya təsiri və seçki öncəsi Baydenin reytinqinə təsir imkanları, Rusiya üçün vacib olan OPEK+ anlaşmasının davamında söz sahibi olmaları Ərəb bloku üçün tarixi fürsətdir. Bundan öncəki fürsətləri Ərəb dünyası yetəri qədər dəyərləndirə bilmyib. İndi isə balanslaşdırılmış siyasət onların imdadına yetişə bilər. Bu baxımdan Putinin simasını qoruması və Rusiyanın sağ qalması Ərəb bloku üçün ABŞ-la bazarlıq baxımından vacibdir. Əgər ABŞ Rusiyanın Körfəzlə ticari əlaqələrini zəiflədə bilməsə, Rusiyanı istədiyi kimi çöküşə uğratması çətin olacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi