Rusiyada hələ də yaşayan “Stalin”

1937-ci il Stalin repressiyalarının sosial-psixoloji fəsadları

Lev Tolstoyun “Hərb və Sülh” əsəri haqqında belə bir fikir var ki, Rusiya dövləti tarixdən silinərsə, bu epopeyanın sayəsində onu yenidən formalaşdırmaq mümkündür. Bir qədər də irəli gedərək deyərdim ki, indiki Rusiya dövləti və cəmiyyəti təəssüf ki, Tolstoyun ideyalarının üzərindən deyil “yaşayan Stalin” dövrünün üzərindən mövcudluğunu davam etdirir.

Müasir Rusiya dövlətinin rəhbəri V.Putinin də birmənalı böyük şəxsiyyət adlandırdığı və rəhbər hesab etdiyi Stalinin repressiyalarının Rusiyada hələ də düşüncələrdə varislik prinsipi ilə ötürülən totalitarizmi necə yaşatdığını sübut edən psixoloji eksperiment keçirilib.

"1937-ci il" adı ilə assosasiya olunsa da, Stalin repressiyaları 1920-ci illərin sonundan 1950-ci illərin əvvəllərinə qədər həyata keçirilib. Təxminən 14 milyon insan QULAQ əmək düşərgələrinə göndərilmiş, SSRİ-nin uzaq ərazilərinə sürgün olunmuşlar.

Repressiyaların kökü, “Böyük terrorun” səbəbi həmin dövrdəki mürəkkəb partiya mühiti, siyasi, sosial, iqtisadi çətinliklər fonunda Stalinin hakimiyyətə keçərək ölkəni təkbaşına idarə etməyə başlamasına gedib çıxır. Təkcə Azərbaycanda 1937-38-ci illərdə repressiya nəticəsində öldürülən insanların sayı tarixçi A.Q.Uralova görə 120 min nəfər olub. 3.2 milyon (1939-cu il siyahıya alınması) əhali üçün 120 min təbii ki, böyük rəqəmdir və həmin dövrün fəsadlarının psixoloji konktestdə cəmiyyətimizə hal-hazırda təsir göstəricilərini araşdırmaq maraqlı olardı.

Rusiyada "Mən 1937-ci ildə yaşasaydım" adlı maraqlı psixoloji eksperiment (Andrey Qronskiy, tibb elmlər namizədi, posttotalitar yönəlişlər üzrə araşdırmaçı) keçirilib. Tədqiqatın məqsədi siyasi repressiyalarla əlaqəli kollektiv travmanın psixoloji fəsadlarını öyrənmək olub.

Tədqiqat 2 mərhələli müxtəlif təbəqələrə aid çoxsaylı iştirakçılar üzərində aparılıb. İlk mərhələ imaqinativ xarakter daşıyıb. İkinci mərhələdə isə fenomenoloji araşdırmaların prinsipinə əsaslanan aşağıdakı suallar verilib:

1. Həmin dövrdə yaşasaydınız hansı emosiyaları, hissləri keçirərdiniz?

2. Gündəlik həyatınızda hansı davranış qaydalarına riayət edərdiniz?

3. Öz uşaqlarınıza hansı davranış qaydalarını öyrədərdiniz?

4. Bundan əvvəlki sualların cavablarında yaxınlarınızın -valideynlərinizin, nənə və babalarınızın davranışlarında hansısa əlamətlərin olmasını qeyd edə bilərsinizmi? Hansıları?

5. Bundan əvvəlki 3 sualın cavabında özünüzə aid emosiya və davranış əlamətlərini qeyd edə bilərsinizmi? Hansıları?

Nəticələr isə işlənilərkən emosiyalarla bağlı suallara verilən cavablar 4 alt qrupa bölünüb:

a) "Təşviş-qorxu-özünə inamsızlıq";

b) "sıxılma-ümidsizlik";

c) "köməksizlik-müdafiəsizlik";

d) "kin-qəzəb-nifrət".

Cavabların içərisində post-totalitar valideynlərin sonrakı nəsillərə ötürdükləri çağrılar da diqqətçəkicidir:

1. Bizdən onsuz da heç nə asılı deyil (siyasi həyatda)!

2. İctimaiyyət (camaat) içərisində ağlına gələnləri danışma!

3. Mənim valideynlərimin ailəsində siyasətlə maraqlanmırlar və çox nadir hallarda siyasi məsələlər müzakirə edilir.

4. Fərqlənmə, hamı kimi ol!

5. Mənim sənə dediyimi (siyasət barədə) heç kimə demə, ha!

6. Siyasət barədə fikirlərini daha yaxşı olar kifayət qədər tanımadığın adamlarla paylaşmayasan!

7. Öz fikir və düşüncələrinin arxasında durmaqdansa münaqişəsiz, rahat əlaqələr qurmaq daha yaxşı olar.

8. Sadə insan dövlət qanunlarının qəbuluna təsir göstərə bilməz.

9. Məndə bəzən Stalin represiyalarına bənzər halların yenidən yaranması qorxusu olur. və s .

Görünən budur ki, 1937-ci ildən uzun müddət keçsə də, Rusiyada əvvəlki nəsil kollektiv travmanı ötürə-ötürə gətirib öz varislərinə çatdırıb.

Cavablarda artıq insanların mütiliyinin, ümidsiz, çarəsiz davranmalarının alt yapıları görsənir. Və mənə görə ən vacibi insanların üzləşməkdən çəkinməsi, münaqişələrdən yayınmaqla psixoloji böyümələrinin qarşısını almasıdır. İnsan oğlu yalnız konfliktdə öz şəxsiyyətinin dəyişərək inkişafetmə potensialını əldə edir. Həmin nöqtədə o ya geri çəkilir, ya irəli gedir, ya davranış addımı atır, ya da nümunəvi əməl sahibi olaraq yeni "sərvət dəyərləri" qazanır.

Putinin ən çox pərəstiş etdiyi sovet liderinin rus insanına təsirini araşdıran maraqlı tədqiqatdır. Daha maraqlısı isə ideoloji əsası Stalinizm olan V.Putin Rusiyanı hazırda Ukrayna hadisələrindən necə çıxaracaq, ümumiyyətlə, Rusiya dövlətinin gələcəyi necə olacaq? Başqa sözlə desək, görəsən Stalin nə vaxta kimi yaşayacaq?!

Kamil Həmidov

BDU-nun “Gender və tətbiqi psixologiya” kafedrasının müəllimi, psixoloq