- Yazarlar
- 23 İyun 2023 16:28
- 12 797
London və Bakını birləşdirən ortaq maraqlar
22 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa Ukrayna Bərpa Konfransında iştirak etmək məqsədilə işgüzar səfər edib. Səfər ölkələr arasındakı strateji dialoqa töhfə vermək və əhəmiyyət kəsb edən məsələlər üzrə vahid yanaşmanı formalaşdırmaq baxımından önəmlidir.
Azərbaycanın Britaniya ilə münasibətləri strateji tərəfdaş olduğu Aİ-nin 9 üzvü ilə malik olduğu əlaqələrdən daha sıx və dərindir. Hazırki səfər də münasibətlərin dərinləşməsinə xidmət edir. Britaniyanın qüvvədə olan Milli Təhlükəsizlik Strategiyasına (MTS) əsasən, xarici siyasətin 4 (yeni dünya düzəninin formalaşdırılması, Avroatlantik təhlükəsizlik, Hind-Sakit okeanda mövqelərin güclənməsi və müasir transmilli hədələrə qarşı mübarizə) əsas istiqaməti vardır. Hind-Sakit okean istisna olmaqla, digər 3 istiqamət göstərir ki, Londonun Bakı ilə müttəfiqliyə ehtiyacı var. Strategiyaya diqqət etsək görürük ki, Britaniya Rusiyanı əsas təhdid olaraq görür. Lakin Rusiyaya parallel olaraq, bu zəmində İran və Şimali Koreyanın da adı çəkilir. Çinin adı isə bu ölkələrdən daha çox hallanır. Fəqət Rusiyaya qarşı “təhlükəsizliyə kəskin hədə” ifadəsindən istifadə edilsə də, Çin əleyhinə “rəqib”, “çağırış”, “risk” ibarələrinə baş vurulmuşdur.
Göründüyü kimi, Bakı ilə əməkdaşlıq Londona vahid düşmənə qarşı mübarizə baxımından önəm daşıdığı kimi, həm də investisiya layihələri, şirkətlərinin Qarabağda fəaliyyəti, Avropanın enerji tədarükü baxımından da əhəmiyyətlidir. Bir strateji məsələ isə Zəngəzur dəhlizi vasitəsilə Britaniyanın Mərkəzi Asiyaya nüfuz edə bilməsi, Çin və Rusiyanı bölgədən sıxışdıra bilməsi ilə bağlıdır.
Həmçinin, Azərbaycan Qazaxıstan neftinin Rusiyanın ərazisindən yan keçməklə Avropaya daşınması üçün alternativ marşrutu özündə ehtiya edir. Fransa amilini də gözardı etmək olmaz. Müstəqillik əldə etdikdən sonra Britaniya Azərbaycan, Fransa isə Ermənistan ilə yaxın əlaqələr qurdu. Ermənistanın Rusiyanın proksisi olması, Bakının isə müstəqil siyasət aparması Britaniyanın Cənubi Qafqazda Fransanı üstələməsinə gətirdi. Lakin hazırda Fransa Rusiyanın qlobal və regional zəifləməsindən istifadə edib, Cənubi Qafqazın iki ölkəsində (Ermənistanda və separatçılar vasitəsilə Azərbaycanda) mövqeyə sahib olmaq istəyir. Üstəlik Fransa hərbi əməkdaşlağını Ermənistanla daha da dərinləşdirir, hərbi attaşe təyinatından sonra yeni nəsil silahların göndərilməsi gözlənilir. Bu addım Avropa İttifaqının problemli tərəflərə silah satmama siyasətini pozmaqla yanaşı, ATƏT-in münaqişə tərəflərinə silah satmama qadağasının da pozulması deməkdir. Bu qətnamə səbəbindən Bakı uzun illər Britaniya daxil Qərb ölkələrindən hərbi texnika ala bilmirdi. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniyadan silah əldə etmək imkanı qazanmış olur. Böyük ehtimal ki, tərəflər arasında keçirilən görüşlərdə bu məsələ də müzakirə olunmuşdur.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi