Vaşinqton görüşünün nəticələri

Vaşinqton görüşü Ermənistan tərəfinin sabotaj cəhdləri sayəsində yenə də nəticəsiz oldu. Əlbəttə ki, hazırki reallıqlar şəraitində Vaşinqtonun sehirli dəyənəyinin olduğunu gözləmirdik. Ancaq ən azından detalların müzakirəsi və kiçik də olsa praktiki irəliləyişə nail olmaq olardı. Təəssüf ki, qarşımızda eyni vaxtda bir neçə paytaxtın masasında əyləşən Ermənistan kimi dövlət var. Belə olduqda biz yalnız İrəvanla deyil, digərləri ilə də mübarizə aparmalı oluruq. Yenə də ermənilər vədlərinə sadiq qalmasalar da, ənənəvi təxribat ritokilarına sadiq qaldılar. Həm də görüş ərəfəsində. Vaşinqton görüşü ərəfəsində bu təxribatın rusiyalı sülhməramlıların təşviqi ilə baş verdiyi istisna deyil. Çünki qanunsuz birləşmələr elə sülhməramlıların gözünün qarşısında təxribat törədir, onların nəzarəti altında olan ərazilərdə pozuculuq işləri ilə məşğuldurlar. ABŞ-ın ciddi cəhdlə bölgədə sülhə nail olmaq cəhdləri aşkardır. Bundan Rusiya başda olmaqla narahat olan güclər var. Mümkündür ki, hazırki təxribatlarda birbaşa sifarişçi Rusiya oldu. Ermənistan isə faydalandı. Fayda isə görüşlərinin sayının artırılması, mümkün qədər çox vaxt qazana bilmək, növbəti seçkilərədək delimitasiya prosesini uzatmaq, Moskvanın “qapaz”ından xilas olmaq və sairə. Qondarma rejim isə bu kimi diversiyalarla re-inteqrasiyanın mümkün olmayacağını, problemlərin həlli üçün İrəvanla deyil, “Xankəndi” ilə dialoqa girməli olduğumuzu göstərməyə çalışır. Biz isə başlarını əzməklə “Xankəndi” deyilən tərəfin olmadığını göstəririk. Hələ ki, kiçikçaplı əməliyyatla. Baş verənlər başqa bir məqamda da haqlı olduğumuzu ortaya çıxardı. Paşinyan çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, ərazidə heç bir qüvvənin olmadığını bəyan edirdi. Son hadisə göstərdi ki, bu, ağ erməni yalanıdır. Ərazidə təxribatçı qüvvələr var və onlar birbaşa olaraq regionda sülhün təmin olunmasına maneə yaradır, danışıqları pozurlar. üçtərəfli bəyanatın ən vacib müddəlarından biri Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tuturdu. Amma bu müddəa indiyədək təmin olunmur və bu, sülhməramlıların gözü qarşısında baş verir. Təxribata göz yuman, müqavilənin şərtlərinin Ermənistan tərəfindən əməl olunmasına nəzarət etməyən sülhməramlılar-Rusiya da şərtləri kobudcasına pozur. Qisasımızın qısa olması qəzəbimizi maksimum tənzimləməyə çalışmağımızdandır. Onlar silaha əl atmaqla dünyaya nəsə göstərməyə çalışsalar da, biz Vaşinqtona və digər güclərə də göstəririk ki, əli silahlı ermənilər bölgədə olduğu müddətdə bu görüşlərin heç bir əhəmiyyəti qalmır. Əhəmiyyətini artırmaq üçün isə bizim sahədə “işlər” görməyimizə ehtiyac var. Bu “işlərin” silahsız ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə heç bir aidiyyatı yoxdu. Bizim üçün silahlılar və silahsızlar tərəzinin eyni gözündə ola bilməz. Eyni gözünə qoysaq, o zaman ABŞ-ın da daxil olduğu BMT nizamnaməsi və digər fundamental hüquqi sənədlərdə təsbit olunmuş suverenlik anlayışının sənəd üzərində qalmaqdan başqa mahiyyəti olmaz. Ona görə də, nə separatçılar, nə qondarma atributlar, nə də hansısa beynəlxalq müxanizm sərhədlərimizin daxilində olmayacaq. İnsan dilində anlamasalar, Qisasın davamını gətirib, statusu gorbagor etdiyimiz kimi atributlarınızı da, silahlılarınızı da cəhənnəmə vasil edəcəyik.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi