- Yazarlar
- 5 İyul 2023 12:06
- 12 915
Qoşulmama Hərəkatına üzvlük Azərbaycana nə qazandırıb?
Əsas insan hüquq və azadlıqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət etmək; dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq; digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək; BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət etmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək və hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərilməsindən çəkinmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək kimi məqsədləri özündə ehtiva edən Qoşulmama Hərəkatı 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri (Summit of Heads of State and Government of the Non-Aligned Movement) QH-nın ən ali toplantısıdır. Hərəkatın Əlaqələndirici Bürosunun Nazirlər İclası sammitdən 18 ay sonra keçirilir və sammitdə qəbul edilən qərarların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirir və növbəti sammitə hazırlıq işləri görür. Bu iclas hazırda - 2023-cü il iyulun 5-6-da Bakıda keçirilir.
Bildiyimiz kimi, Azərbaycan 2019-cu ildən Qoşulmma Hərəkatına sədrlik edir. Hərəkata sədrlik 2023-cü ilin sonuna kimi uzadılıb. Qoşulmama Hərəkatının mövcud imkanlarını perspektivə çevirmək təşkilatın qarşısında duran əsas prioritetdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsiplər ölkəmizin xarici siyasətində əsas yer tutur.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərmişdir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.
Qoşulmama Hərəkatı Qarabağ münaqişəsində müəyyən dərəcədə faydalı olmaqla Azərbaycana dəstək verib. Qurum üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İkinci Qarabağ Müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam ediblər. Daha sonra Qoşulmama Hərəkatı tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalsa da, Azərbaycanın 2011-ci ildən üzv olduğu və sədrlik etdiyi 120 ölkədən ibarət olan təşkilat 2020-ci ildə baş verən müharibədə rəsmi Bakı ilə eyni mövqedə dayanıb. Hazırda da Qarabağla bağlı yekun proseslərdə erməni lobbisinin, onun havadarı olan dövlətlərin səyi ilə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə, BMT kimi universal qurumda sanksiya axtarışına çıxsalar da, məhz hərəkata üzv 120 dövlətin vetosu ilə qlobal dəstək əldə edə bilmirlər.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi