İlham Əliyev hansı mesajları verdi?

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərmişdir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Qoşulmama Hərəkatı Qarabağ münaqişəsində müəyyən dərəcədə faydalı olmaqla Azərbaycana dəstək verib. Qurum üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İkinci Qarabağ Müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam ediblər. Daha sonra Qoşulmama Hərəkatı tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalsa da, Azərbaycanın 2011-ci ildən üzv olduğu və sədrlik etdiyi 120 ölkədən ibarət olan təşkilat 2020-ci ildə baş verən müharibədə rəsmi Bakı ilə eyni mövqedə dayanıb. Hazırda da Qarabağla bağlı yekun proseslərdə erməni lobbisinin, onun havadarı olan dövlətlərin səyi ilə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə, BMT kimi universal qurumda sanksiya axtarışına çıxsalar da, məhz hərəkata üzv 120 dövlətin vetosu ilə qlobal dəstək əldə edə bilmədilər. Prezident İlham Əliyevin də Bakıda Qoşulmama hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında çıxışı olduqca önəmli mesajlarla yadda qaldı.
Qoşulmama hərəkatı tarixinə də nəzər yetirsək 1950-ci illərdə bu hərəkatın yaranmasına ehtiyac məhz həmin dövrdə müstəmləkəçilik siyasətinin mövcud olması ilə bağlı idi. Yəni, dünyada tüğyan edən müstəmləkəçiliyin qarşısının alınması məqsədilə ortaya belə bir ideya atıldı və Qoşulmama Hərəkatı yarandı. Son 10 illikdir ki, artıq Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada demək olar ki, 2-ci nüfuzlu təşkilat səviyyəsinə gəlib çatıb və mexanizmlərin işləkliyi, təsir imkanları baxımından da irəlidə olan təşkilatlar sırasındadır. Əlbəttə ki, bu irəliləmədə Azərbaycanın da öz payı var. Azərbaycan Qoşulmama hərəkatına xüsusən sədrlik etdiyi dövrdə Bandunq prinsiplərinin həyata keçirilməsinə öz tövhəsini vermişdir. Ölkəmizin xarici siyasəti bütövlükdə bu prinsiplər əsasında şəkillənmişdir.
İlham Əliyevin Fransanın neokolonializm siyasətini yada salması tamamilə yerində idi. Nəzərə almaq lazımdır ki, 50-ci illərdən bu siyasətə qarşı ciddi bir mübarizələr aparıldı və ciddi nəticələr də əldə olundu. Amma, bu nəticələrin çox da uğurlu olmadığı ölkələrdən biri də Fransadır. Fransa hətta 21-ci əsrdə belə bu siyasətini davam etdirən bir ölkədir. Paris əlbəttə ki, mütləq şəkildə qınanmalıdır. Xüsusən də bu kimi prinsiplər əgər Qoşulmama Hərəkatının quruluş prinsiplərində, missiyasında, hədəflərində əgər başlıca prioritetdirsə, demək ki, belə bir təşkilatın iclasında da Fransa kimi ölkənin qınanması olduqca yerində atılan bir addımdır. Son dönəmlərdə də Fransanın Bandunq prinsipləri çərçivəsində qiymətləndirsək suverenlik, ərazi bütövlüyü, müstəqillik kimi amillərin üzərindən xətt çəkərək 30 il işğalçılıq siyasəti aparmış Ermənistanın yanında dayanması elə Fransanın özünün əsl mahiyyətinin nədən ibarət olduğunu göstərir. Cənab İlham Əliyevin mesajlarında da bu məsələlər qeyd olunmuş oldu. Fransanın daxilində gedən problemləri istər social, istər dini ayrıseçkiliyin mövcud olması əlbəttə ki, onun Azərbaycana dil uzatmağa haqqının olmadığını göstərir. Bu gün Fransa ermənidən çox ermənidir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi