İrəvan sülh sazişi üçün yalvaracaq

Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı icra etmir və sülh prosesinə mane olmağa çalışır. Ermənistanın Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutmasında xarici qüvvələrin təsiri və maraqları vardır. Söhbət Rusiya, Fransa və İrandan gedir. Bu ölkələrin Ermənistana təzyiqlərindən baş nazir Nikol Paşinyan da yararlanmış olur və o silahlı təxribatlarla hakimiyyətdə ömrünü uzatmağa çalışır. Sülh prosesləri yolunda gedərsə və sülh müqaviləsi imzalanarsa, bu Paşinyanın siyasi karyerasına mənfi təsir edəcək.

Rusiyanın 2025-ci ildən sonra da bölgədə qalmaq planı var və bu planın gerçəkləşməsində Ermənistanı alət kimi istifadə edir. Fransa Avropa İttifaqının monitorinq missiyası adı altında hərbi heyətini bölgəyə yerləşdirməyə çalışır. İran da Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyir. Odur ki, Ermənistanı silahlı təxribatlar törətməyə təşviq edir. təxirbatlardan sonra Laçın sərhəd-keçid məntəqəsinin bağlanması seperatizmin nəfəsinin kəsilməsi deməkdir. Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə tədarüklərin çatdırılmasına hazır olduğunu bildirib. Bu da reinteqrasiya prosesinin başlanğıcı ola bilər. Ermənistan da Azərbaycanın atacağı addımları öncədən görə bilir və bu prosesi maksimum dərəcədə uzatmağa çalışır. Bunun üçün silahlı təxribatlar törədir və Azərbaycanın bu təxirbatlara adekvat cavabından sonra beynəlxalq cəza mexanizmlərini işə salmaq və ölkəmizə qarşı qınaq yaratmaq üçün siyasətini davam etdirir. İstənilən halda separatizmin kökü kəsiləcək. İrəvan sülh sazişini yalvararaq imzalayacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi