Rusiyada prezident seçkiləri nə ilə nəticələnəcək?

Rusiyada prezident seçkiləri yaxınlaşdıqca namizədlərin kimliyi və “Putin qalacaqmı?” yoxsa “varisini seçəcəkmi?” sualları artır. Rusiyanın bir neçə intellektual teleqram kanallarının iddialarına əsasən Putinin varisliyinə bir neçə şəxsin adları hallanır. Prezident seçkilərinə çox az vaxt qalıb və qeyri-müəyyənliklər daha da artır. Adətən səsvermə gününə 4-6 ay qalmış əsas namizədin irəli sürülməsi ilə bağlı rəsmi açıqlamalar vermək olurdu. Sonra hər şey aydın və proqnozlaşdırıla bilən vəziyyətə çevrilirdi. Amma indi vəziyyət qeyri-adidir. Nədir səbəblər:
• Qonşu dövlətlə aktiv mərhələdə hərbi münaqişə;
• Bu yaxınlarda baş vermiş silahlı üsyan. Qeyd edək ki, onun nəticələri yalnız qismən zərərsizləşdirilib;
• Ölkə iqtisadiyyatı görünməmiş təzyiq altındadır, indiyədək Mərkəzi Bankın və aidiyyəti nazirliklərin səyləri ilə vəziyyət kifayət qədər effektiv şəkildə cilovlanıb, lakin bunun ayaqda saxlanılması üçün bir çox vasitələrin gücü sonsuz deyil;
• Eyni zamanda, büdcə xərcləri artır və vergi bazası sanksiyalar səbəbindən azalır, artıq əhəmiyyətli kəsr yaranıb.
Putin son seçkilərə nisbətdə bu dəfə daha çox fəaldır, lakin bu fəallıq belə zəifdir. Eyni zamanda elita daxilində bu fəallığı bəyənməyənlər də var. Rusiyada bir çox ekspert hesab edir ki, Putin üçün nə olursa olsun həyati məsələ məhz seçkilərdə yenidən qələbədir. Lakin Putin xalq üçün ona görə legitim idi ki, o hər şeydən öncə məğlubedilməz idi və onun dəmir yumruq eskalativ imici var idi. Bu imic çox ciddi zərbələr alıb və onu bərpa etmək asan deyil. Ruslar hər zaman çarın güclü əl olmasına önəm verirlər. Çünki, rus dövləti çar güclü olduğu zaman güclü olub, çar zəif olduğu zaman isə zəifləyib. 24 iyun qiyamından sonra isə Putinin mümkün varisləri və hakimiyyətin saray daxilində transferi də müzakirə olunmağa başlayıb.
Bəs Putinin varisləri kim ola bilər?
Varislər arasında ən çox önə çıxan Kənd Təsərrüfatı naziri Dmitri Patruşevdir. Dmitri Patruşev Rusiya TŞ-nın Baş katibi, Putinin ən yaxını, Rusiya siyasi elitasının boz kardinalı və Peterburq klanın lideri olan Nikolay Patruşevin oğludur. Son zamanlar Rusiyanın aqrar sektoru yaxşı inkişaf edir, hətta bir çox ərzaq məhsulları növündə Rusiya xaricdən asılılığını azaldıb və əsas ixracatçıya çevrilib. Neft sektorunun azalan payını büdcədə bu sektor ödəməyə başlayıb. Lakin bu sahədə nefti və qazı əvəz etməkdən danışmaq tezdir, lakin bu sektor qeyri-neft sektorunda öz payını artırır.
İkinci əsas namizəd Rusiyanın Baş naziri, Rusiya Federal Vergi Xidmətinin sabiq sədri Mixail Mişustindir. Mişustin hazırda iqtisadiyyatı idarə edir və bu cür təzyiq qarşısında hələ ki nisbi uğurlara malikdir.
Putinin komandasında yer alan Maliyyə naziri Anton Siluanov, neft-qazla bağlı məsuliyyətli olan Aleksey Novak, Marat Xusnullin kimi Rusiyanın son illər məşhurlaşan bürokratları məhz Mişustinin kadrlarıdır. Əvvəl Qərb tərəfindən dəstəklənən Mişustin indi Çin tərəfindən dəstəklənir. Əvvəl texnokratik Qərbə yaxın olan Mişustin müharibədən sonra milliyətçi/Avrasiyanın çevrələrə yaxınlaşıb.
Üçüncü əsas namizəd isə Tula vilayətinin qubernatoru, Rusiya Milli Qəhrəmanı, general-leytenant, Rusiya Müdafiə nazirinin sabiq müavini, FSB-KQB birliyindən çıxmış Aleksey Dyumindir.
Aleksey Dyumin son qiyamın yatırılmasında xüsusi rol oynayanlardan biri hesab edilir. Dyuminin bir neçə gün öncə “Rosneft” şirkətinin rəhbəri İqor Seçinlə Moskvada görüşdüyü qeyd edilir.
Şübhəsiz ki, Rusiyada Vladimir Putin hələ də ən populyar lider olaraq qalır, eyni zamanda, Ukrayna müharibəsinin nəticəsi Rusiya daxili siyasətinə təsir göstərməyə davam edir. Lakin seçkilər yaxınlaşdıqca Putinlə davam yoxsa post-Putin dövrünə yumşaq keçid artıq müzakirələrə səbəb olub və bu qeyri-müəyyənliyi artırır. Onu da qeyd edək ki, Rusiyada hakimiyyətin dəyişməsi üçün hərbi dairələr (MN, QRU-Baş Kəşfiyyat İdarəsi), təhlükəsizlik elitası (FSB, SVR və Rosvqardiya) və biznes elitası arasında ortaq məxrəc və anlaşma olmalıdır. Son zamanlar biznes elitasından Anatoli Çubaysın fəallaşması, Müdafiə Nazirliyinin rəhbərliyi ilə hərbçilər arasında fikir ayrılıqları və 24 iyun qiyamı ətrafında müzakirələr Rusiyada post-Putin dövrü uğrunda rəqabəti daha da gücləndirəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi