Təxribatları Rusiya törədir

Erməni təxribatları onsuz da üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər müxtəlif səpkilərdə davam edib. Bu, həm Ermənistanla Azərbaycan arasındakı şərti təmas xəttində, həm də separatçıların olduğu, rus sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazilərdə müşahidə olunub. Rusiya sözügedən təxribatlara daha çox maraqlıdır. Hər dəfə yeni reallıqlara uyğun məqsədlərlə bu təxribatlar həyata keçirilib. Hazırkı reallıqlar müəyyən qədər fərqlidir. Vəziyyəti diqqətdə saxlasaq, Rusiyanın bu təxribatlara daha maraqlı olduğunu söyləyə bilərik. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində rus sülhməramlılarına 2025-ci ildə müddətin bitməsi barədə verdiyi mesaj əlbəttə, Rusiyanı qıcıqlandırmamış deyil. Digər tərəfdən, Rusiyanın bölgədə varlığını məhdudlaşdıran addımlar Azərbaycan tərəfindən atılmaqdadır. Söhbət Laçın yolunun bağlanması və alternativ Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi məsələsinin gündəmə gətirilməsi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan tərəfi ciddi addımlar atmaqdır. Bir müddət öncə Brüssel görüşündə də Azərbaycanın bu təklifi dəstəklənib. Bunun nəticəsində hal-hazırda Xankəndidə də onların "xalq hərəkətı" adı verdiyi etirazlar başlayıb. Bunlar sanki, mülki insanların reinteqrasiyaya qarşı olduqlarını göstərmək üçündür. Məhz Brüssel görüşündən öncə də bu etirazların başladılması Nikol Paşinyanın ermənilərin “haqq və təhlükəsizliyinin təminatı” məsələsində və beynəlxalq mexanizm məsələsini gündəmə gətirməsi ilə bağlı əlini gücləndirməyə xidmət edir. Təxribatlar sadəcə olaraq Azərbaycanla reinteqrasiyasının başladılmaması üçün, Laçın yolunun onların istədikləri şəkildə istifadəsinə verilməsi ilə bağlı, eləcə də alternativ yolun istifadəyə verilməməsi ilə bağlı məsələlərə sanki etirazlarını nümayiş etdirmək məqsədi güdür. Əlbəttə ki, bu təxribatda onların tərəfdarlarının da əli var. Ermənistan Rusiyanın əlində oyuncaqdır. Ona görə də, bu təxribatlara uyan tərəflərdən biri də Ermənistandır. Çünki, əslində Paşinyan hakimiyyəti düşdüyü vəziyyəti hər nə qədər yaxşı anlasa da və Ermənistanın hazırkı asılı vəziyyətindən çıxma yolunun yalnız sülh müqaviləsi olmasını bilsə də, Rusiyadan elə bir asılılığı var ki, bu asılılıq kontekstində müstəqil siyasət yürüdə bilmir. Ona görə də, bu təxribatlar timsalında da Rusiyanın diktə etdiyi şərtləri yerinə yetirmək məcburiyyətində qalır. Elə ən son Paşinyan tərəfindən ordu ilə hakimiyyət arasında artıq tarazlığın pozulması, əlaqənin itməsi ilə bağlı dolayı yolla məlumat səsləndirilib. Bu o deməkdir ki, Rusiyanın hərbi anlamda Ermənistanda mövcudluğu ciddi şəkildədir. Ermənistanda hakim dairələr artıq ordu üzərində nəzarəti də itirmək üzrədir. Azərbaycan xüsusən hazırkı vəziyyətdə alternativ addımlar atır. bütövlükdə diplomatiya cinahına fokuslanmağa çalışırıq. Bu təxribatlar davam edərsə, Ermənistan və Rusiya tərəfləri öhdəliyinə götürdüyü addımları atmazsa, məcburən Azərbaycan hərbi müstəvidə bunun qarşısını almaq üçün addımlar atacaq.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi