Ermənistan-İran-Hindistan üçlüyü

44 günlük Vətən Müharibəsində Ermənistan ağır məğlubiyyətə düçar edildikdən sonra özünə yeni tərəfdaşlar axtarışına çıxdı. Rusiya yönəlik birmənalı xətt tutmayan, Avropa İttifaqının ümidlərini doğrultmayan İrəvan ianə paketləri üçün yeni “sponsorlar”a ehtiyacı yarandı. Şarl Mişelin söz verdiyi 2.5 milyard avroluq ianə paketi Paşinyanın sərsəm siyasəti nəticəsində ünvana yetişmədiyi üçün fərqli bazarlar labüdləşdi. Bu istiqamətdə İran və Hindistan Ermənistanın dadına yetişdi. Müharibədən sonra Müdafiə Naziri Suren Papikyanın hər iki ölkəyə xeyli sayda səfərləri, bir müddət öncə Hindistanla 270 milyon dollarlıq silah tədarükünü ehtiva edən anlaşmanın imzalanması Paşinyanın daha çox silah bazarlarına ehtiyacı olduğunu göstərdi. İrandan açıq, gizli silah daşımasının ardından Dehli də mövqeləri toqquşan ölkələrin “qisas”ını Ermənistan üzərindən almağa başladı. Azərbaycana qardaş olan Pakistanla toqquşan maraqlar Hindistanın yeni dəhliz xəyallarıyla birləşincə Paşinyan yenə də “qara qaşı, qara gözü” olduğuna inanmağa başladı. Dehli Ermənistanın İranın Çabahar dəniz limanından istifadəsini təmin etməyə çalışır. Bunun üzərinə, Fars dənizi-Ermənistan-Gürcüstan-Qara dəniz dəhlizinin işləkliyini təmin etməyə cəhd edir. Lakin dəhliz Miatsum qədər nağıldır. Əvvəla, İran və Ermənistanın bu qədər köklü layihənin icrasına nə maliyyə büdcələri, nə də infrastruktur imkanları yoxdu. İkincisi, Rusiya bu dəhlizdən kənarda qaldığı üçün Şərq-Qərb dəhlizinin yuxarı yolunun açılmasında maraqlıdır. Üçüncüsü, dəhliz həm də Gürcüstanı əhatə etdiyinə görə, Tiflis Azərbaycanın maraqlarına uyğun olmayan layihəni dəstəkləməyəcək. Üstəlik, belə bir layihəni icra etmək üçün Qərbin İrəvana dəstək verməsi lazımdır ki, İranın olduğu layihədən bu dəstəyi gözləmək Ermənistanın müstəqil olduğuna inanmaq qədər gülüncdür. İndi keçək silah tədarükünə. Bölgədə silah monopoliyası yaradan Rusiya özünə rəqib görmək istəmədiyi üçün bu daşınmalara əngəl olacağı dəqiqdir. Bir sözlə, Azərbaycanla “mübarizədə” Ermənistanın hər atdığı “qol” öz qapısına dəyir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi