Xaçaturyanın aqibəti necə olacaq?

Soyqırım, terror, müharibə cinayətləri Ermənistanın siyasi tarixinin özəyini təşkil edir. Azərbaycanlılara qarşı bu siyasətin kökləri isə hələ 1918-ci ildən başlayır. Cəzası verilmədiyinə görə ermənilər soyqırım, etnik təmizləmə siyasətini yenə davam etdirdilər. Holokostda yəhudilərin soyqırımından sonra ermənilərin törətdiyi Xocalı soyqırımı tarixin növbəti ləkəli səhifəsi oldu. 1948-ci il 9 dekabrda BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya (SCQACK) qəbul edildi. Bu konvensiya 1951 – ci il 12 yanvarda, 20 ölkə konvensiyaya üzv olduqdan sonra, beynəlxalq hüquqi qüvvə aldı. Konvensiyanın 5-ci maddəsinə əsasən “iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidir”. Konvensiyanın 6-cı maddəsinə görə “həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayanda, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir”. Holokostda da, Srebrenitsada da soyqırım cinayətkarları pis-yaxşı cəzasını aldı. Lakin Xocalı cinayətkarlarına layiqli hüquqi qiymət verilməlidi.

Bugün Azərbaycan beynəlxalq hüququn prinsiplərini ərazi bütövlüyü və suverenlik prinsipləri baxımından üzərinə götürüb icra etdiyi kimi, müharibə cinayətkarlarının cəzalandırılmasını da həyata keçirməyə başlayıb. Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçaturyan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib. Xaçaturyanın həbs edilməsini erməni qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması deməkdir. Erməni teleqram kanallarında iddia olunur ki, Azərbaycanda 500 nəfərlik Xaçaturyanın taleyini gözləyən şəxslərin siyahısı var. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar.
Xaçaturyanın aqibətinə gəldikdə, onun haqqında 2013-cü ildən cinayət işi açılıb və axtarışa verilib. 25 nəfərin qətlində və dövlətə külli miqdarda zərər vurmaqda ittiham olunaraq, barəsində ömürlük həbs qəti-imkan tədbiri seçiləcəyi gözlənilir.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi