“Cücələri” payızda sayarlar

Cürəti və qərarvermə səlahiyyəti öz əlində olmayan Ermənistan hökuməti hələ də suyu bulandırmaqda davam edir. Rəsmi bəyanatlarında və hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qərb ölkələri isə bu gün də Qarabağda təcavüzkar separatizm siyasətini dəstəkləyərək, Azərbaycana münasibətdə ayrı-seçkilik siyasətini, Azərbaycanın daxili işlərinə qarışma siyasətini davam etdirir. Bu gün Qarabağda, rus sülhməramlıların nəzarətində olan bölgədə 10 min erməni əsgərinin olduğunu bilirik. Bu bölgədəki dinc əhalini Azərbaycan öz vətəndaşı hesab etdiyini dəfələrlə ölkə başçısı diqqətə çatdırıb. Amma onlar da Azərbaycan qanunlarına riayət etməli və qəbul etməlidirlər. Əsl həqiqət isə budur ki, yenə də Ermənistan Laçın dəhlizi ilə Qarabağa silah və qaçaqmalçılıq vasitələri aparmağa çalışır. Onlar Xankəndi-Ağdam marşrutundan buna görə çəkinirlər. Erməni məntiqini anlamaq çox çətindir. Ta qədimdən yol bir mədəniyyətdir, sivilizasiyadır, çağdaş zaman üçün isə inkişaf və dövlətlərarası münasibətdir. Bu yola qarşı onlar nifrət siyasəti aparırlar.

Ağdamdakı Məscidi Ermənistan işğalı dövründə tövlə kimi istifadə ediblər. Yəni məscidi dağıtdılar, yıxdılar, bunlar bir hərbi cinayətdir, amma heyvan saxlamaları Azərbaycan xalqına, bütün İslam xalqlarına təhqir idi. Bu fakt xüsusən sözdə islam təəssübkeşi olan ölkələr tərəfindən qəbul edilməli idi. Təbii ki, dövlətimiz Ermənistanın döşədiyi 1 milyona yaxın minanı da təmizləyəcək. Amma onlar burada ağac əkməkdənsə, hər metrə bir-iki mina basdırıblar. Yəni, indi Ermənistan öz utopik iddialarına son qoysa, Azərbaycan və Türkiyə öz sərhədlərini sinxron şəkildə açar və Ermənistan da bundan faydalana bilər. Təəssüf ki, Ermənistan bu sərhədlərin açılmasının qarşısını almaq üçün əlindən gələni edir. Zaman isə gözləmir. Payız astanadadır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi