- Yazarlar
- 25 Avqust 16:10
- 8 014
Putinin opponentlərini sıradan çıxarma mexanizmi

Putin ekstraordinar imperialist olduğunu bir daha sübut etdi. DTK məktəbinin yetirməsi olan Putin, öz rəqiblərini və ya özünə müxalif olanları mahir ustalıqla, barbarcasına məhv etməkdə professionaldır.
Hava desant birləşmələri generalı Aleksandr Lebed səksənlərin sonunadək Əfqanıstan ət maşınından sağ çıxmış, Çeçenistandakı müharibəni 1996-cı ildə yatırmaq razılaşmasını imzalamışdı. Krasnoyarsk diyarının qubernatoru işlədiyi müddətdə hər yerdə olduğu kimi burda da qayda yaradır, yeraltı sərvətlərin oğurluğunun, mərkəzə tabe olan mafioz qrupların önünü kəsirdi. Sürətlə böyük reytinq toplayan Lebed, Putinin potensial konkurentinə çevrildi. 28 aprel 2002-ci il tarixində general-qubernator helikopter qəzasında müəmmalı şəkildə həlak oldu.
90-cı illərin məşhur yumoristi, ecazkar parodisti və ustad aktyoru olan Mixail Yevdokimov siyasətlə də uğurla məşğul olmağa başlayır. Doğulub böyüdüyü Altay diyarının qubernatoru işləyərkən, mərkəzdən regionun haqqını tələb etməyə başlayır. Siyasətdə də xalqın sevimlisinə çevrilən Yevdokimov da Putinin potensial rəqibinə çevrilirdi. 07 avqust 2005-ci ildə o, doğma Altay diyarında avtomobil qəzasında müəmmalı şəkildə həlak olur.
Boris Yeltsinin yetirməsi, uzun illər deputat, nazir, baş nazirin müavini və nəhayət Nijni Novqorod vilayətinin qubernatoru işləyən Boris Nemtsov, Putini aşkaranə şəkildə qınayıb, avtoritarlığa son qoymağa çağırırdı. Demokratiya carçısı Nemtsov 28.02.2015-ci ildə Moskva körpüsündə güllələnərək öldürüldü.
Kremldə Putinin qazanında bişmiş Vaqner qrupunun rəhbəri Priqojin, çevriliş cəhdinin 2-ci ayının tamamında uçduğu təyyarənin hava hücumundan müdafiə qurğusu C300 tərəfindən vurulması ilə məhv edildi.
Putinin öz opponentlərini sıradan çıxarma mexanizmi çox rəngarəngdir. Məsələn, müxalifətin şəriksiz liderinə çevrilən Aleksey Navalnıy əvvəlcə zəhərləndi, ardınca qurama ittihamla 9 illik həbsə atıldı. Sırada kimdir?
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi