- Yazarlar
- 31 Avqust 15:10
- 8 274
İran nədən narazıdır?

Vətən müharibəsinin nəticəsi olaraq ortaya çıxan, bölgə ölkələrinin iqtisadi tərəqqisinə, türk dünyasının isə daha sıx inteqrasiyasına zəmin yaradacaq Zəngəzur dəhlizinin açılması gündəmə gələndən bəri İran rəsmiləri müxtəlif platformalarda verdikləri açıqlamalarla öz pozucu reaksiyalarını bildirirlər. İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla hər görüşündə ölkəsinin bölgənin siyasi coğrafiyasını dəyişmək cəhdini qəbul etməyəcəyini bildirir. İranda belə fikir var ki, Zəngəzur dəhlizi regional və beynəlxalq səviyyədə İran əleyhinə layihədir.
Bu dəhlizin reallaşmasının guya regionun geosiyasətini dəyişəcəyi və İran üçün müxtəlif risklər yaradacağı iddia edilir. Əslində isə dəhliz işə düşəndə, İrana ehtiyac olmadan Bakı ilə Naxçıvanı birləşdirmək mümkün olacaq və bu, həm də Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlinə zəmin yaradacağı molla rejimi üçün arzuolunmaz haldır. Yəni, geosiyasi fəlakət adlandırdıqları belə gəlişmə ilə İranı Qafqaz platformasından tamamilə çıxaracağını iddia edirlər. Dəhlizin açılması ilə İranın Avropaya ən etibarlı qapısı olan Ermənistana gedən marşrut təhlükə altına düşəcək. Bu marşrutdan İranın sanksiyalardan yan keçmək və Avropaya narkotik qaçaqmalçılığı üçün istifadə etdiyinə dair iddialar var. Nəticədə, Zəngəzur dəhlizi Tehran administrasiyası tərəfindən 2-ci Qarabağ müharibəsindən sonra İranı Qafqaz labirintindən kənarlaşdıran son həlqə kimi görünür. Tehranın Zəngəzur dəhlizi məsələsini ümummilli məsələ kimi təqdim etməsi, iqtisadi tənəzzülə qarşı etirazlar fonunda çətin anlar yaşayan rəhbərliyin diqqəti yayındırmaq üçün atılan addım kimi də anlaşıla bilər. Ona görə də, bu iki məsələdən asılı olaraq İranın gələcəkdə gərginliyi daha da artıracaq addımlar atacağı ehtimalı var. Mövcud reallıqla barışmağa məcbur olacaq İran hər vəchlə suyu bulandırmağa çalışır. Gah məzhəb kartını ortaya atır, gah "Azərbaycan İranın quzey əyalətidir" kimi sərsəm iddialar səsləndirir, gah da 30 il ərzində yaratdıqları cəsus şəbəkəsini qızışdırmağa çalışır. Dövr isə doxsanların əvvəli deyil. Azərbaycanın indi güclü iqtisadiyyatı, müasir çevik ordusu, püxtələşmiş xüsusi xidmət orqanları və bölgədə söz sahibi olan dövlət başçısı vardır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi