• Yazarlar
  • 2 Oktyabr 2023 12:02
  •  28 763

Ermənilərin seçiminə müdaxilə etmək olmaz

Biz adətən Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı ötən günün və ya həftənin ən aktual məsələlərini müzakirə edir və onlara münasibət bildiririk.
Lakin 19-20 sentyabrda baş verən hadisə, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri və bu tədbirlər nəticəsində ərazimizdə olan qanunsuz hərbi birləşmələrin təslim olması, sentyabrın 28-də isə Qarabağda yaradılmış qondarma rejimin özünü buraxmağa məcbur edilməsi təkcə ayın və ya ilin deyil, son 200 ilin ən mühüm tarixi hadisəsi oldu.
Bununla da, ölkəmizə qarşı oynanılan 200 illik oyun bitirildi, Qarabağda basdırılmış separatizm və qarşıdurma “minası” tam olaraq zərərsizləşdirildi, dünya erməniliyinin birlik və ideoloji “qalası” çökdürüldü, Cənubi Qafqazı “qan gölü”nə çevirən, 18400 azərbaycanlının həyatına bais olan “terror yuvası” darmadağın edildi.
Dünya erməniliyinin 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün başlatdığı siyasi, ideoloji və informasiya müharibəsi tamamilə iflasa uğradı, bəşəriyyət xəstə “miatsum” ideologiyasından və təfəkküründən birdəfəlik qurtuldu.
Əminəm ki, gözümüzün qarşısında yazılan bu qəhrəmanlıq səlnaməsinin müəllifinə, Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Şərqi Avropanın gələcəyini dəyişən, bu coğrafiyada yeni geosiyasi reallıqlar formalaşdıran, dünyada separatizmin və işğalın kökünü kəsməyin müasir modelini yaradan- cənab İlham Əliyevə indiki və gələcək nəsil daim minnətdar olacaqdır.
Azərbaycan Ordusunun, Şəhid və Qazilərimizin tarix və insanlıq qarşısındakı misilsiz xidmətləri isə heç vaxt unudulmayacaq.
Qarabağın erməni sakinlərinin Azərbaycanın konstitusyon quruluşu və qanunları çərçivəsində qalıb yaşamaları üçün ən ali səviyyədə zəmanət verilib. Kim Azərbaycanın vətəndaşlığını qəbul edib, qanunlarına hörmət edərək yaşamaq istəyirsə, hökumətimiz onlar üçün hər cür şərait yaradacaq.
Ancaq görsənən odur ki, separatizm və bölücülük xəstəliyinə tutulmuşlar heç də Azərbaycanın bu dəyərli jestini qəbul etmək fikrində deyillər və onlar dövlətimizin suverenliyini qəbul etmədikləri üçün Qarabağı tərk edirlər. Əlbəttə, bu onların seçimidir və bu seçimə müdaxilə etmək doğru olmaz.
Lakin uğardıqları tarixi məğlubiyyətlə barışmaq istəməyən Ermənistan və onun havadarları, o cümlədən BBC, CNN, DW, France 24, Sky news, NBS news və s. kimi beynəlxalq media qurumları Azərbaycana qarşı yalan və böhtan kampaniyasına başlayıblar, mövcud reallıqları və həqiqətləri qəsdən təhrif edərək könüllü olaraq Qarabağı tərk edənlərin guya “etnik təmizləmə” yə məruz qalmaları haqqında cəfəng fikirlər səsləndirirlər.
Sual olunur, hanı dəlil, sübut və faktlarınız?
Əgər Azərbaycan tərəfindən ermənilərə qarşı hər hansı bir zorakılıq halı baş versəydi, onu dərhal şişirdərək bütün dünyaya car çəkərdiniz. Yoxdu belə bir fakt, xüsusilə, nəzərə alsaq ki, indiki texnologiyanın inkişaf etidiyi bir şəraitdə, hər adamın əlində kameralı telefonun olduğu bir vaxtda belə faktlar olsaydı, ermənilər çox asanlıqla onları çəkib hər kəsə nümayiş elətdirərdilər. Ancaq belə bir görüntüyə heç kim rast gəlməyib, çünki belə bir hal olmayıb.
Oktyabrın 1-də isə Azərbaycan BMT-nin Bakıdakı rezident əlaqələndiricisinin rəhbərliyi ilə BMT-nin müxtəlif strukturlarının nümayəndələrini Xankəndiyə dəvət edib. Bu bir daha Azərbaycanın özünə, sözünə və əməlinə arxayın olmasından xəbər verir. Ümid edirik ki, BMT rəsmiləri real vəziyyəti yerində araşdırıb obyektiv hesabat hazırlayacaq və bununla da, “etnik təmizləmə” haqqında şouya birdəfləlik son qoyulacaq.

Azay Quliyev

Millət vəkili