• Yazarlar
  • 13 Oktyabr 2023 17:41
  •  8 876

Qəzzada son vəziyyət

Qəzzada münaqişə gücləndikcə İsrailin Livanla sərhədi qızışmağa başladı.

İndiyədək sərhəd xəttində baş verən qarşıdurmalarda 3 Hizbullah üzvü, 2 İslami Cihad üzvü və 1 İsrail zabiti həlak olub.
İsrail Ordusu şimaldan ola biləcək hücuma qarşı hazırlıq görür.
İsrailin müdafiə naziri Yoav Gallant Livan sərhədinə yaxın yaşayış məntəqələri və Qəzza zolağının boşaldılacağını açıqlayıb. Lakin İsrail Ordusunun sözçüsü bildirib ki, ordu hələ də mülki insanları təxliyə etməyib və könüllü olaraq tərk etmək istəyən israillilər bu əraziləri tərk etmiş ola bilərlər. İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də sosial media hesabında Livan sərhəd bölgələrində mülki şəxslərə paylanmaq üçün alınan 4 min avtomatik silahdan 900-nün vətəndaşlara çatdırıldığını açıqlayıb.
İsrailin şimalında hərbi eskalasiya yaxınlarda hiss oluna bilər.
İsrailin şimalına doğru çoxlu sayda zirehli texnika və tank yüklərinə rast gəlinir. Ordu bazalarının yerləşdiyi nöqtələrdə əsgərlərin yol kənarında saxladıqları maşınlar yüzlərlə metrə qədər uzanır.
Qolan təpələrində də nəzarət-buraxılış məntəqələri silahlı əsgərlər tərəfindən qorunur.
İsrailin pilotsuz uçuş aparatları da bölgədə kəşfiyyat uçuşları həyata keçirir. Çərşənbə günü axşam saatlarında İsrailin Livan sərhədində yerləşən yaşayış məntəqələrində hücum həyəcanı yaranıb. Bölgədə partlayış səsləri eşidilib, İsrail döyüş təyyarələri havaya qalxıb. İsrail ordusu Livan tərəfdən hava məkanına soxulduğunu açıqlayıb. 2006-cı ilin iyul müharibəsindən sonra ilk dəfədir ki, İsrail-Livan sərhədi gərgin qarşıdurmaya yaxınlaşır.
ABŞ-ın Şərqi Aralıq dənizinə döyüş gəmisi göndərməsi, ssenaridə İsrailin şimalında açılacaq yeni cəbhə ilə müharibəni regional ölçüyə daşıyacağına dair narahatlıqları artırır. Son olaraq onu da qeyd edimmki Rusiya xarici işlər naziri Sergey Lavrov, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamələrinin, İsrail-Fələstin münaqişəsi bitən kimi yerinə yetirilməsini tələb edib.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi