• Yazarlar
  • 24 Oktyabr 2023 12:54
  •  7 938

“3+3”də nələr müzakirə edildi?

Dünən Tehranda Türkiyə Xarici işlər naziri Hakan Fidan, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi 3+3 regional əməktaşlıq formatının görüşü keçirilib. Gürcüstan bu görüşdə iştirakdan daha öncə imtina etmişdi. Müzakirələrdən sonra birgə bəyannamə dərc olundu.

Bəyannaməyə əsasən, görüşlər zamanı regionda etimad və əməkdaşlıq mühitinin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə “3+3” regional mexanizminin müntəzəm görüşlərinin davam etdirilməsi məqsədəuyğun qiymətləndirilib.

Qəbul edilən qərarla növbəti "Cənubi Qafqazda Daimi Sülh və Sabitliyin yaradılması üçün Regional Əməkdaşlıq Platforması"nın diplomatik kanallarla razılaşdırılacaq tarixdə Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub.

Bəyannamədə mübahisələrin sülh yolu ilə həlli, siyasi müstəqillik, ərazi bütövlüyü, müəyyən edilmiş sərhədlərin toxunulmazlığı, təhdidlərin və ya güc tətbiqinin qarşısının alınması, insan hüquqlarına hörmətlə yanaşılması xüsusi vurğulanıb.

Bəyannamədə iqtisadi əməkdaşlığın qarşılıqlı etimadın möhkəmləndirilməsində, xalqların rifahında və regionun sabitliyində müsbət rolu vurğulanmış, mədəni əməkdaşlığın, təhsil, elm, idman, turizm, mədəniyyət və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətinə toxunulmuşdur. Bəyannamədə regionda sabit sülhün və iqtisadi inkişafın təmin edilməsi məqsədilə ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin və qarşılıqlı fəaliyyətlərin gücləndirilməsinə qərar verilib. Bəyannamədə görüşün nəticələri müsbət qiymətləndirilib və növbəti görüşlərin Gürcüstanın bərabərhüquqlu iştirakına açıq olduğu bildirilib.
İclasda Qəzzadaki vəziyyət də müzakirə edilib və günahsız mülki şəxslərin hədəfə alınmasının dərhal dayandırılmasının vacibliyi vurğulanıb.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi