• Yazarlar
  • 30 Oktyabr 2023 13:42
  •  7 003

Şimali Qafqazda baş verənlərin cənub qütbünə təsiri

Dağıstan Şimali Qafqaz regionunda, yəni, Rusiyanın cənubunda ən həssas bölgədir. Çünki, bu respublikada başda doğma soydaşlarımız olmaqla, onlarla etnik qruplar yaşayır. Son iki gündə Dağıstanda ciddi hadisələr baş verir. Radikal təmayüllü şəxslər otel və aeroporta hücum edərək, İsraildən Rusiyaya gələn yəhuidiləri cəzalandıracaqlarını bəyan ediblər.

Mahaçkala aeroportuna edilən hücum, hətta “cəza dəstələri”nin uçuş zolağına qədər daxil olması hadisələrin getdikcə şiddətlənə biləcəyindən xəbər verir. Dünən aeroportda etirazçılarla xüsusi xidmət orqanları arasında toqquşma da baş verib, saxlanılanlar var. Hadisələrin faktiki gedişatı ilə bağlı iki ehtimal irəli sürmək olar. Birinci versiya, İsrailin baş naziri Benyamin Netanyahunun Rusiyanı hədələməsi fonunda indiki baş verənlər Rusiya xüsusi xidmət orqanlarının cavabı hesab olunmalıdır. Digər bir yanaşma isə odur ki, Rusiya İsraildən yəhudilərin kütləvi köçünün qarşısını almaq üçün belə bir addım atıb.
Amma mən hesab edirəm ki, Dağıstanda baş verənlər Yaxın Şərqdə və dünyada son zamanlar baş verən hadisələrin inikasıdır. Xatırladım ki, məşhur strateq Zbiqnev Bjezinski 90-cı illərin sonlarında Rusiyanın dağılmasının Dağıstandan başlayacağı fikrini söyləmişdi. Uzun zamandır siyasi arenada bu bölgənin qarışacağı, toqquşmaların baş verəcəyi və xaosun yaşanacağına dair müzakirələr gedirdi. Şimali Qafqazda hadisələrin başlaması və idarə olunması üçün mütləq Cənubi Qafqaz Qərbin təsir dairəsində olmalıdır. Hal hazırda Cənubi Qafqazın birmənalı olaraq Qərbin təsir dairəsində olduğunu isə demək çətindir. Çünki, Rusiya hələ bölgədədir və buradan xoşluqla çıxmaq barədə düşünmür. Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan birmənalı olaraq “Qərb çətiri”nin altına girməyib və yaxın zamanlar üçün də bu real görünmür. Lakin bütün bunlar heç də o demək deyil ki, Qərb Qafqazda mövcud deyil.

Aydın məsələdir ki, sərhəddimizdə baş verən istənilən hadisənin ölkəmizə təsiri var. Şimali Qafqazın qarışması, orada xaosun yaşanması Azərbaycana ticari və siyasi baxımdan zərər vura bilər. Kiçik hadisələr belə Moskva ilə Bakı arasında gərginliklər üçün zəmin yarada bilər. Məhz təhlükəsizlik baxımından Dərbənddə baş verənlər fonunda Azərbaycan Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməlidir. İkinci addım - Şimal bölgəsində kompakt halda yaşayan yəhudilərin təhlükəsizliyi üst səviyyəyə qaldırılmalıdır. Qubanın Qırmızı kənd yaşayış məntəqəsində təxribatların mümkün ehtimallarının hamısı nəzərdən keçirilməli və önləyici tədbirlər görülməlidir. Hərçənd Azərbaycanda indiyə qədər yəhudilərə qarşı hər hansı aqressiv hərəkət baş verməyib. Lakin bu bizi arxayın salmamalıdır.

Üçüncüsü, Şimal bölgəmizdə radikal dini qrupların və ya onların təsiri altına düşmüş adamların olması istisna deyil. Nəzərə alaq ki, problemimiz təkcə, Şimaldan gözlənilən təhlükə deyil. Həm də Cənubdan gözlədiyimiz və hər an tətikdə dayanmış İrandan da, molla rejimindən də mövcuddur. Əgər Şimal bölgəsində və ya başqa ərazilərimizdə hər hansı belə hadisə yaşanarsa, Tehrandakı mollaların müdaxiləsi və təxribatlara rəvac verəcək dəstəkləri qaçılmaz olacaq.

Dövlətimizin hər zamankı dərin diplomatiyası və çevik tədbirləri ilə bu halların ölkəmizə sirayət etməyəcəyinə ümidimiz sonsuzdur.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi